Məhkəmə qərarları › İş №2-1(103)-1800/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1800/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1800/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı yataqxananın balans sahibinin müəyyən edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4040/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı ünvan 1 ünvanında yerləşən yataqxananın balans sahibinin müəyyən edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-ci ildən hal-hazıra kimi “xxxx” QSCnin Biləcəri Lokomativ deposunda işləyir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 04.02.2005-ci il tarixli, 33 nömrəli sərəncamına əsasən ona Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 92 saylı yataqxananın ümumi sahəsi 40 kv.m olan 2 otaqlı, ******* saylı xidməti orderi ilə mənzil verilmişdir. O və ailə üzvləri həmin yaşayış sahəsində qeydiyyatda olsalar da, həmin bina kimin balansında olması müəyyən edilmədiyindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbinə müvafiq olaraq konstitusion hüquqlarından istifadə edə bilmirlər. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Azərbaycan Dövlət Dəmir Yollarına məxsus yaşayış binalarının balansına götürülməsi haqqında” 15.03.2001-ci il tarixli, 193 aylı sərəncamına əsasən, Bakı şəhər ərazisində Azərbaycan Dövlət Dəmir yoluna məxsus yaşayış binalarının (evlərin) ümumşəhər maraqları nöqteyi-nəzərindən vahid texniki istismarına riayət etməklə idarə olunmasını təmin etmək məqsədilə, Azərbaycan Dövlət Dəmir Yolunun 12.02.2001-ci il tarixli, 41-H saylı və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 09.03.2001-ci il tarixli, 11/7-120 saylı müraciətlərinə əsaslanaraq Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Binəqədi, Qaradağ, Əzizbəyov, Xətai, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Səbail şəhər rayonlarının ərazisində yerləşən, sahəsi 300263 kv.m olan mövcud yaşayış fondu Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Azərbaycan Dövlət Dəmir Yolu rəisinin 27 mart 2001-ci il tarixlİ, 46/H saylı əmrinə əsasən Bakı şəhəri ərazisində Azərbaycan Dövlət Dəmir Yoluna balansında olan yaşayış binalarının vahid texnik istismarına riayət etməklə, idarə olunmasını təmin etmək və Bakı şəhəri İcra Hakimiyyətinin 13.03.2001-ci il tarixli, 193 saylı sərəncamını nəzərə alaraq, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus Bakı şəhəri ərazisində yerləşən mənzil və onlara xidmət edən sahələri Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 04 iyul 2001-ci il tarixli, 46 nömrəli sərəncamından görünür ki, Azərbaycan Dövlət Dəmir Yolunun 12.02.2001- ci il tarixli, 41-H nömrəli məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.03.2001-ci il tarixli, 193 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yoluna məxsus yaşayış binaları əvəzsiz olaraq Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bu məqsədlə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 06.04.2001-ci il tarixli, 11 saylı və Azərbaycan Dövlət Dəmir Yolunun 11.04.2001-ci il tarixli, 59/H saylı birgə əmrinə uyğun olaraq yaradılmış təhvil-təslim komissiyası tərəfindən göstərilən yaşayış binaları inventarlaşdırılaraq 19 iyun 2001-ci il tarixli akt əsasında balansdan balansa qəbul edilmişdir. Təəssüflər olsun ki, bu günə kimi ünvan 2 ünvanda binanın (yataqxananın) balans sahibi müəyyən edilməmişdir. Bununla əlaqədar “xxxx” QSC-nin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. “xxxx” QSC-nin İnfrastruktur Departamentinin 02.04.2018-ci il tarixli, İD-461/1 nömrəli cavab məktubunda bildirilmişdir ki, Y.Hüseynov küçəsində yerləşən 92 saylı yataqxana “xxxx” QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli X3 balansında deyildir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 17 aprel 2019-cu il tarixli, 02/08-11-11/1-58-070 saylı cavab məktubunda bildirilmişdir ki, məsələ ilə əlaqədar tərəflərindən “xxxx” QSC-nin nəzdində fəaliyyət göstərən “xxxx” MMC ilə yazışmalar aparılmış, hazırda binanın sahibi dəqiqləşdirilir. xxxx Məsələləri Dövlət Komitəsinin 01 aprel 2020-ci il tarixli, **********08 nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət xxxxının Registri haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasında dövlət xxxxının Registrində daşınmaz dövlət xxxxının qeydiyyata alınması həmin xxxx sərəncamında olan subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin, qeyd olunan bina barədə heç bir dövlət müəssisəsi, idarə və təşkilat tərəfindən məlumat verilmədiyinə görə həmin bina dövlət xxxxının Registrində qeydiyyata alınmamışdır. xxxx Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz xxxxın Dövlət Reyestri Xidmətinin 07 oktyabr 2020-ci il tarixli, **********45 nömrəli cavab məktubunda da, eyni məzmunlu cavab verilmişdir. Binəqədi RİHB-nin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2020-ci il tarixli, 14-8/M-10 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda adı çəkilən binalar əvvəllər Azərbaycan Dövlət Dəmir Yolunun balansında olmuşdur. Hal-hazırda hansı təşkilatın balansında olduğu barədə nümayəndəlikdə rəsmi məlumat yoxdur. Cavab məktublarından da, görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 92 ünvanında yerləşən yataqxananın balans sahibinin kim olması məlum deyildir. Ona görə də, hesab edir ki, həmin yataqxananın balans sahibi müəyyən olunmadığı üçün yataqxananın balans sahibi məhkəmə qaydasında araşdırılmalı və sahibi müəyyən edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4040/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, “xxxx” QSC-yə və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı yataqxananın balans sahibinin müəyyən edilməsi tələbinə dair iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin İddiaçı dəqiqləşdirilmiş iddia tələbini birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsinin müddəalarına əsasən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz; 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır; 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddiadan cavabdehlər qismində çıxış edən tərəflərin prosessual həmiştirakçı qismində çıxış etməsinin mümkünlüyü müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı xxxx tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Göründüyü kimi, iddiaçı tərəfindən qaldırılmış hazırki iddia tələbinin, yəni “ünvan 1 ünvanında yerləşən yataqxananın balans sahibinin müəyyən edilməsi barədə qərar qəbul edilməsinə dair” iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hər hansı birinə aidliyi müəyyən olunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından yoxlanılarkən mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edildiyindən, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3- cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4040/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4040/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar