Məhkəmə qərarları › İş №2-1(103)-1802/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1802/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1802/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X5 müəssisəsində qaynaqçı, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərnəqliyyatyolüstquraşdırma" trestinin Bakı Quraşdırma sazlama idarəsində elektrik qaynaqçısı vəzifələrində işləmişdir. Həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə (XXXİİİ. Ümumi peşələr-əl ilə qaynaq aparan elektrik qaynaqçıları-23200000—19906), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı üzrə (35. Ümumi peşələr-əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. xx.xx.2006-cı il tarixədək 26 ildən çox ümumi sığorta stajı, 24 ildən çox isə xüsusi sığorta stajı vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ona güzəştli şərtlərlə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2010-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, təqdim olunmuş əmək kitabçasından iddiaçının xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındaki dövr ərzində “Azərkimyakənd” RİEB-də qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar DSMF Qaradağ rayon Şöbəsi tərəfindən yuxarıda qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Fondun Şəki şəhər Şöbəsinə sorğu verilmiş, sorğuya cavab məktubunda sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyini təsdiq edən sənədlər aşkar olunmadığı qeyd olunmuşdur. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2022 saylı, 28 yanvar 2022-ci nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 19 oktyabr 2010-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2015-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1975-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1975xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azərkimyakənd” RİEB-də qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən yuxarıda qeyd olunan onun əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Fondun Şəki şəhər şöbəsinə sorğu verilmişdir. Sorğuya xx.xx.2017-ci il tarixində daxil olmuş müvafiq cavabda sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyini təsdiq edən sənədlər aşkar olunmadığı qeyd edilmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında əmək kitabçasında iddiaçının işlədiyi peşə qaynaqçı olaraq qeyd edildiyini, lakin hansı növ qaynaqla işlədiyinin göstərilmədiyini, həmçinin Mərkəzə ilk müraciətinin xx.xx.2021-ci il tarixdə olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini yoxlanılan hissədə iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, ilkin pensiya məbləği 160,50 manat müəyyən edilmişdir. İddiaçının hazırki tələbi xx.xx.2010-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2010-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsası iddiaçının xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər ərzində “Azərkimyakənd” RİEB-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyini təsdiq edən sənədlərin aşkar olunmaması ilə bağlıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. İş materiallarında olan iddiaçıya məxsus № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdə X2 müəssisəsinə qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.1980-ci il tarixdə Şəki “Kəndkimya Birliyi”nə köçürülmə yolu ilə qaynaqçı vəzifəsinə qəbul olunmuş və xx.xx.1996-ci il tarixdə işdən azad edilmiş (20 il 2 ay 20 gün); xx.xx.1996-cı il tarixdən “Azərnəqliyyatyolxüsusitikintiquraşdırma” tresti Bakı Quraşdırma İdarəsinə elektrik qaynaqçısı qəbul edilmiş və xx.xx.1999-cu il tarixdə işdən azad edilmişdir (03 il 9 ay 7 gün). İddiaçının pensiya işinə əlavə olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinin arayışına əsasən, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdən keçmişdir (01 il 11 ay 28 gün). Göründüyü kimi, iddiaçının hərbi xidmətdə olduğu və əmək kitabçasında olan müddətlər nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (25 il 11 ay 20 gün) ümumi iş stajı topladığı müəyyən olunur. İnzibati işin mübahisələndirilən halı, həmçinin apellyasiya şikayətinin dəlili onunla bağlıdır ki, iddiaçının xx.xx.1975-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər ərzində “Azərkimyakənd” RİEB-də qaynaqçı peşəsində işlədiyi qeyd olunsa da, DSMF Qaradağ rayon Şöbəsi tərəfindən yuxarıda qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Fondun Şəki şəhər Şöbəsinə sorğu verilmiş, sorğuya cavab məktubunda sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işlədiyini təsdiq edən sənədlər aşkar olunmadığı üçün iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsassız sayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan X6 Agentliyi "xxxx" MMC tərəfindən ünvanlanmış məktubunda qeyd olunmuşdur ki: İddiaçı xx.xx.1975ci il tarixdən xx.xx.1996-cı il tarixədək X9 İdarəsində qaynaqçı vəzifəsində işləmişdir. Həmin müəssisə bağlandığından bəzi sənədlər "xxxx" MMC-yə verilmişdir. İşlədiyi müddət ərzində onlara yaxın idarələrdə, Tikinti-təmir idarələrində, Kənd Kimya idarəsində və yol idarələrində ancaq əl ilə elektrik qaynaqçısı işlərinə ehtiyac olduğu göstərilmişdir. İddiaçının işlədiyi vəzifənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-19906 kod altında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Ümumi peşələr - əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun gəldiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün elektrik qaynaqçısı kimi işlədiyi peşə həm əmək kitabçasında, həmçinin, də X6 Agentliyi "xxxx" MMC tərəfindən verilmiş sorğuya cavab məktubunda öz əksini tapmışdır. Bundan başqa iddiaçının həmin fəaliyyətini təsdiq edən digər sənədlər qismində isə “X3” qanuni varisi “N+M” MMC-nin arayışı və həmin dövrdə mövcud olan 09 dekabr 1987-ci il tarixli məzuniyyət əmrinin mövcudluğu ilə də sübut olunmuşdur. Əmək kitabçasında müəyyən dövrlərdə iddiaçının elektrik qaynaqçısı kimi işlədiyi dövrlər isə, əl ilə elektrik qaynaqçısı peşəsinə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi mübahisələndirilən xx.xx.1975-xx.xx.1996-cı illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Hər bir halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X9 İdarəsində işlədiyi qaynaqçı vəzifəsi və xx.xx.1996 -xx.xx.1999-cu il tarixədək elektrik qaynaqçısı vəzifəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000-19906 kod altında nəzərdə tutulan vəzifəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Ümumi peşələr - əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun gəldiyindən, iddiaçının xx.xx.2006cı il tarixədək ümumilikdə 12 il 06 aydan çox ümumi iş stajı vardır. Qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş cavab məktubunda aşkar olaraq göstərilmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin digər bir dəlili cavabdehə müraciət tarixindən (yəni xx.xx.2021-ci il tarixindən) əvvəlki ən çoxu 3 il üçün pensiya məbləğinin ödənilməli olması ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati iş materiallarından görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2018-ci il tarixdə ərizə ilə DSMF Qaradağ rayon Şöbəsinə müraciət etmiş, sonradan xx.xx.2021-ci il tarixdə eyni tələblə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2015-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçası, iş yerlərindən güzəştli arayışlar və hərbi biletdən müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən) staja malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası bu mənada cavabdehin apellyasiya şikayəti ilə razılaşmır. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2016-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından əvvəlki dövr üzrə pensiya məbləği hesablanan zamanı bu hal (fərq məbləği) nəzərə alınmalıdır. Beləliklə, Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1663/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İddiaçı xx.xx.2016-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından əvvəlki dövr üzrə pensiya məbləği hesablanan zamanı bu hal nəzərə alınsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Vüsalə Baxışova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar