Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1802/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-669/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının Nərimanov rayonu N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTKnın istifadəsinə verilməsi haqqında 15 aprel 2014 cü il tarixli 166 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi «cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının Nərimanov rayonu N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi haqqında 15 aprel 2014-cü il tarixli 166 nömrəli və 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv edilməsi» formasında müəyyən edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli 01 saylı müraciəti əsasında Nərimanov rayonu, N. Yusifbəyli, X.Şuşinski, M. Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin koorperativin istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamın 1.1-ci bəndinidə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qeyd edilmişdir. Sərəncamın 2.1-ci bəndində ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərini hazırlamağı və həmin sənədləri Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılıması üçün Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim etmək, sahəni yerində qəbul etmək, onun sanitar vəziyyətinə nəzarət elmək, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzdində “İnterservis” müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etmək və ƏMDK-nın yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsində dövlət qeydiyyatına almaq "xxxx" MTK-ya tapşırılmışdır. Cavabdehin Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M. Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin koorperativin istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli sərəncamı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-669/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı sərəncamların ləğv edilməsi tələbinə dair iddiası ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, «hazırkı iş üzrə də qeyd olunan sosial öhdəliklərin mövcudluğu baxımından sərəncamın qəbulu üçün qanuni əsaslar mövcud olmuşdur. Belə ki, cavabdehin mübahisələrıdirilən sərəncamından görünür ki, yeni yüksəkmərtəbəli binaların iddiaçının xüsusi mülkiyyətində olduğu ərazidə tikilməsi zəruri hesab edilmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarından razılıq alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlakla bağlı daşımalı olduğu sosial öhdəliklə bağlı şərtə əməl etmədən sosial məqsədlərlə tikintisi zəruri olan 2 ədəd 20 mərtəbəli binanın 1.25 ha torpaq sahəsində dayandırılmasına nail olmağa çatışır. İddiaçı nəzərə almamışdır ki, 70 kv.m ölçüdə fərdi yaşayış evi və 0.02686 ha ölçüdə torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun mövcudluğu dövlətin aidiyyəti struktur bölmələri tərəfindən razılaşdırılmış layihə çərçivəsində cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi sərəncamının ləğvinə mübahisələndirilən hissədə olsa belə əsas ola bilməz. Əks halda, ictimai və şəxsi maraqların tarazlığının əsaslı pozulması halı mövcud olacaqdır. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyəti baxımından Bakı şəhəri üzrə zəruri hesab edilən tikinti-abadlaşdırma işlərinin həyata keçirilməsi baxımından vəzifə daşıyan qurumdur və hesab etmişdir ki, göstərilən ərazidə də mövcud tikililərin sökülməsi və yeni binaların tikintisinə ictimai və dövlət maraqları baxımından əsas mövcud olmuşdur. İddiaçı isə mülkiyyətində olan əmlaka dair ədalətli kompensasiya tələb etmək əvəzinə həmin qurumun fəaliyyətinə maneə törətməklə faktiki olaraq daşıdığı sosial öhdəliyin tələblərinə əməl etməmiş, şəxsi maraqları baxımından ictimai maraqların mövcudluğuna əhəmiyyət verməmişdir. Təbii ki, ictimai maraqlar baxımından olsa belə cavabdeh mövcud tikinti işlərinin aparılması, torpaq sahəsinin ayrılmasına münasibətdə qeyri-məhdud səlahiyyətlərə malik deyildir və ictimai maraqların təmini baxımından inzibati icraat və aidiyyəti qanunvericilik baxımından müvafiq razılıqların alınması mütləqdir. İş materiallarında isə həmin razılıqların aidiyyəti digər səlahiyyətli qurumlar tərəfindən alındığı və həmin razılaşmalar əsasında torpaq sahəsinin ayrılmalı olması və hasarlama işlərinin aparılmalı olması cavabdeh tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının təkcə xüsusi mülkiyyətinin mövcudluğu həmin əmlakla bağlı cavabdehin qəbul etdiyi sərəncamların qanunsuzluğu üçün əsas yaratmır. Qanunsuzluqlarla bağlı konkret əsasların mövcudluğu müəyyən edilməlidir ki, nə iddiaçı həmin konkret əsasa istinad etməmiş, nə də iş materialları ilə həmin əsaslar müəyyən edilməmişdir. Halbuki, "İnzibati icraat haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırkı iş üzrə qəbul edilmiş layihələndirmə formada adlandırılsa da, faktiki olaraq torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda, nə də həmin sahədə hasarlama işlərinin aparılması barədə sərəncamda mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozuntusu halı aşkar edilməmişdir. Məhkəmə, iddiaçının diqqətinə, onun da çatdırılmasını zəruri hesab edir ki, iddiaçı sərəncamı miıbahisələndirmək əvəzinə 2014-cü il tarixli sərəncamın 1-ci hissəsində adıçəkilən ona aid tələblərin yerinə yetirilməsini, başqa sözlə sərəncamın icrasını tələb edə bilər ki, həmin sərəncamdan da göründüyü kimi tikililərin sökülməsi çərçivəsində şəxlərin köçürülməsi və onlara vəsaitin ayrılmalı olması birbaşa öz təsbitini tapmışdır. Lakin vəsaitin tələb edilməsi ilə aydın məsələdir ki, sərəncamın ləğvi ayrı anlayışdır ki, iddiaçıya sərəncamı miıbahisələndirmək əvəzinə ədalətli kompensasiyanın ödənilməsi barədə müraciət etmək hüququ izah edilir». Məhkəmənin özünün də istinad etdiyi normalardan göründüyü kimi, qanunvericilik iddiaçının iddiasının təmin edilməməsinə dair hər hansı bir məhdudiyyət qoymamışdır. Lakin məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə mübahisəli ərazidə hər hansı bir fövqəladə vəziyyətdə olan, yəni uçma təhlükəsi və s. təhlükə törədən hər hansı bir tikililərin olmasına və onların sökülməli olmasına dair hər hansı bir dövlət qurumunun rəyi, məktubu, qərarı və s. olmadan üçüncü şəxsin biznes maraqları ilə bina tikməsini iddiaçının sosial öhdəliyi hesab edərək əsassız fikirlərə və mülahizələrə əsasən iddianı rədd etməkdə tamamilə səhv nəticəyə gəlmişdir. Halbuki məhkəmə sözügedən sərəncamla iddiaçının hüquqlarının nə qədər pozulduğunu, onun mülkiyyət hüquqlarının üçüncü şəxsin həmin sərəncamdan istifadə etməklə nə qədər tapdandığını və ən əsası mübahisəli sərəncamın şərtlərinin üçüncü şəxs tərəfindən həyata keçirilib-keçirilmədiyini yoxlamalı, üçüncü şəxsin sərəncamda qeyd edilən heç bir şərti yerinə yetirmədiyi və icarə, istifadə və digər hüquqlarının dövlət qeydiyyatına alınmadığı halda qeydiyyata alınmış və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu kobudca pozmaqla ədalət, çəkişmə, qanun qarşısında bərabərlik prinsipini pozmuşdur. Belə ki, sərəncamın tələbinə əsasən cavabdehlə üçüncü şəxs arasında icarə müqaviləsi bağlanmalı, üçüncü şəxs tərəfindən dövlətə icarə haqqı və vergilər ödənməli olsa da üçüncü şəxslə cavabdehin hansısa qeyri-qanuni razılaşması əsasında sərəncamın qəbul edildiyi tarixdən hazırki günədək külli miqdarda vergidən yayınma halı sosial öhdəliyin və sərəncamın şərtlərinin pozulması sayılmamış, əksinə mülkiyyətçinin qanunla qorunan hüquqları pozulmaqla üçüncü şəxsin əməlləri qanuniləşdirilmişdir. Məhkəmə qərarda “hazırkı iş üzrə qəbul edilmiş layihələndirmə formada adlandırılsa da faktiki olaraq torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda, nə də ki həmin sahədə hasarlama işlərinin aparılması barədə sərəncamda mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozuntusu halı aşkar edilməmişdir” qeyd etməklə tərəflər arasında bağlandığı gün də ləğv edilən icarə müqaviləsinə əhəmiyyət verməməklə iş materiallarına əlavə edilmiş bu barədə sübutu mötəbər saymamışdır. Halbuki sərəncamın tələbi olan icarə müqaviləsinin bağlanması və vergilərin alınmasına nəzarət edən qurum rəsmi olaraq cavab verərək icarə müqaviləsinin bağlandığı gün də ləğv edildiyini bildirmişdir. Məhkəmə prosessual məcəllənin də tələblərini pozaraq illərlə çəkən məhkəmə mübahisəsi zamanı toplanmış sübutları tədqiq etməmiş, qərarda həmin sübutlara istinad etməmiş, yalnız çıxardığı qərara sərf edən rəylərə istinad edərək dövlət qurumlarının razılığı olduğu əsası ilə iddianı rədd etmişdir. Nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən hansı dövlət ehtiyacı və sosial maraq olduğu barədə sübut təqdim edilməmiş, iddiaçının mülkiyyətində olan mənzilin hansı dövlət ehtiyacı üçün sökülməli olduğu sübuta yetirilməmişdir. Qanunvericilikdə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilindiyi qeyd edilmişdir. Nə Konstitusiyada, nə də başqa qanunvericilik aktlarında hansısa şirkətin biznes maraqlarının şəxsin mülkiyyət hüququndan üstün olduğu və bu üstünlükdən istifadə etməklə və hansısa qiymədəndirmə şirkətinin rəyi ilə istədiyi kompensasiyanı ödəməklə vətəndaşın mülkiyyət hüququna xitam vermə və ya məhdudlaşdırmaya dair imperativ norma yoxdur. Məhkəmənin qərarı o zaman ədalətli sayılardı ki, formallıqdan və sui-istifadəyə yol açan sərəncamın heç bir şərtinin üçüncü şəxs tərəfindən yerinə yetirilmədiyi əsaslandırılmış və bunun sosial öhdəlik olmadığına dəlil gətirmiş olsun. Halbuki əsl sosial öhdəlik məhz sərəncamın tələblərinin yerinə yetirilməsi olardı ki, üçüncü şəxs icarə müqaviləsi bağlamaqla dövlət büdcəsinə vergilərlə yanaşı icarə haqları da ödəyər, həmin ödənclər sayəsində həm dövlətə, həm də vergilər sayəsində əmək haqqı alan şəxslərə fayda vermiş olardı. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamının onun mülkiyyətində və istifadəsində olan hissəyə münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-757/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı iddiası təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamı iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən hissəyə münasibətdə (iddiaçıya münasibətdə) etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3331/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2 1(103)-757/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 166 nömrəli Sərəncamının surətindən görünür ki, Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin, sakinlərin köçürülməsinin və vəsaitinin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 501 nömrəli Sərəncamının surətindən görünür ki, "xxxx" MTK Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 166 saylı sərəncamı ilə Nərimanov rayonu, 954-cü məhəllə, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani küçələri və Azadlıq prospektini əhatə edən ərazinin verilmiş sxemə əsasən müvəqqəti hasara alınmasını xahiş etmişdir. Müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra, eləcə də piyadaların hərəkətinin təhlükəsizliyinin təşkili məqsədilə, ərazinin məktuba əlavədə göstərilən sxem üzrə hasara alınmasına icazə verilməsi, tikinti işləri üçün normal şərait yaradılması və yuxarıda qeyd olunan küçədə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, tikinti ərazisinin bu sərəncama əlavədə göstərilən sxem üzrə, tikinti başa çatanadək hasara alınması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan: ünvan 3yış evinə (70.4 kv.m) və torpaq sahəsinə (0.02686 ha) xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/2006 saylı, 03 iyul 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin mübahisələndirilən sərancamla "xxxx" MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazinin daxilində yerləşdiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli 166 nömrəli Sərəncamına əsasən Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin, sakinlərin köçürülməsinin və vəsaitinin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 501 nömrəli Sərəncamına əsasən "xxxx" MTK həmin ərazinin verilmiş sxemə əsasən müvəqqəti hasara alınmasını xahiş etmiş və müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra, eləcə də piyadaların hərəkətinin təhlükəsizliyinin təşkili məqsədilə, ərazinin məktuba əlavədə göstərilən sxem üzrə hasara alınmasına icazə verilməsi, tikinti işləri üçün normal şərait yaradılması və yuxarıda qeyd olunan küçədə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, tikinti ərazisinin bu sərəncama əlavədə göstərilən sxem üzrə, tikinti başa çatanadək hasara alınması qərara alınmışdır. Hazırda iddiaçı həmin sərəncamların onun mülkiyyətində və istifadəsində olan hissəyə münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-757/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamın iddiaçının mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən hissəyə münasibətdə (iddiaçıya münasibətdə) etibarsız hesab edilməsi qərara alınsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3331/2024 nömrəli, 26 dekabr 2024cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2 1(103)-757/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3331/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qərarında qeyd olunur: 34. İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 2014 və 2016-cı il tarixli Sərəncamların onun mülkiyyətində olan torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsinə yönəlmişdir. 38. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən sərəncamların etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin sərəncamlar ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. 40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. 41. Belə ki, mübahisə predmeti olan 2014 və 2016-cı il tarixli sərəncamlar qəbul edilən zaman iddiaçının hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi əmlakın onun xüsusi mülkiyyətində olması iş materialları ilə müəyyən edilmir. 44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququ 2019-cu ildə qeydiyyata alınsa da, mübahisə predmeti təşkil edən torpaq sahəsinə mülkiyyət hüququnun hansı tarixdən yaranması müəyyən edilməlidir. Başqa sözlə, burada əsas müəyyən olunmalı məqam iddiaçının mülkiyyət hüququnun mübahisələndirilən sərəncamlardan əvvəl və ya sonra yaranmasıdır. Qeyd edilən hal müəyyən ediləndən sonra, mübahisələndirilən sərəncamların iddiaçının mülkiyyət hüququna toxunub-toxunmaması qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğusu verilmiş və həmin sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsinə aid arxiv əsasları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, mübahisə predmeti təşkil edən torpaq sahəsinə (ünvan 2 ünvan: ünvan 4 0.02686 ha təşkil edən) iddiaçının mülkiyyət hüququ xx.xx.2019cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan 2014 və 2016-cı il tarixli sərəncamlar qəbul edilən zaman iddiaçının hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olmamış, iddiaçının qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ mübahisələndirilən sərəncamlardan sonra yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin mübahisələndirilən sərəncamlarının etibarsız hesab edilməsini xahiş edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının əsasları konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı qeyd olunan sərəncamların etibarsız hesab edilməsini tələb etsə də, həmin əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da həmin əsasların mövcudluğu öz təsdiqini tapmadı. Beləliklə, iddiaçı qeyd olunan sərəncamların etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı sərəncamların etibarsız hesab edilməsi üçün «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsdiq edilmiş hər hansı bir əsas aşkar edilməmişdir, işin faktiki halları cavabdeh tərəfindən qəbul edilmiş qeyd olunan sərəncamların etibarsız hesab edilməsi üçün həmin halların mövcud olmadığını təsdiq edir, həmin hallar yoxdursa, inzibati aktların etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-669/2023 nömrəli, 18 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1802/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1802/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver