Məhkəmə qərarları › İş №2-1(103)-1803/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1803/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1803/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesabıanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 2341/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə şifahi məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.2012-ci ildə ümumixəstəliklə xx.xx.2013-cü ilə qədər ikinci qrup əlillik verilmişdir, əmək qabiliyyətsizdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Şəki rayon şöbəsinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2002-ci ilə qədər X5 Xidməti İstehsalat İdarəsində işləməsi faktı yoxlanılaraq akt tərtib edilmiş, lakin 1989-cu ildən C.Orconikidze adına taxılçılıq sovxozunun sənədləri yandığı üçün yoxlama aparmaq mümkün olmamışdır. Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki X2 261 №li, xx.xx.2006-cı il tarixli arayışına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası xx.xx.2006-cı ildə yanmışdır. İdarə binası yanan zaman C.Orconikidze adına taxılçılıq sovxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri də yanıb məhv olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2007-ci il tarixli, 06 №-li arayışına əsasən Şəki rayonu Orconikidze adına taxılçılıq sovxozunun əmr dəftərləri və əmək haqqı cədvəlləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialına təhvil verilməmişdir. xx.xx.2013-cü il tarixli akta əsasən idarənin xx.xx.1978-ci il tarixli, 209 saylı əmri ilə iddiaçı dərzi şagirdi qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 230 saylı əmrlə ixtisas protokoluna əsasən İ dərəcəli dərzi ustası hesab edilmişdir. 1989-cu ilin əmr dəftərləri arxivə təhvil verilmədiyindən işdən çıxma əmrini yoxlamaq mümkün olmamış, lakin əmək haqqı cədvəlləri üzləşdirildikdə 1989-cu ilin may ayında axırıncı haqq hesabı verilməklə iş stajı təsdiqlənmişdir. Akt DSMF-nin Şəki şəhər şöbəsinin pensiya məsəhətçisi Sevil Məmmədova, Dövlət X4 filialının direktori Ramiz Məmmədov, böyük fondlar mühafizəçisi İradə Şərifova tərəfindən imzalanmışdır. Azərbayca Respubikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının məhkəməyə ünvanlanmış 48 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əsasən Şəki rayonu Orconikidze adına Taxılçılıq sovxozunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri 1991-ci ilin dekabr ayına kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-2002-ci illərdə iş stajının nəzərə alınması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi ona pensiya təyin edilməsi üçün xx.xx.1989-cu il tarixdən xx.xx.2002ci il tarixədək Turan taxılçılıq sovxozunda xadimə işlədiyini nəzərə almamışdır. Azərbaycan Respublikası DSMF-nin Bakı şəhəri Nəzimi rayon şöbəsi imtina edərək işlədiyi dövr barədə arxivdə məlumat olmadığından həmin əlavənin hesablanması mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2341/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Əhaliyə məişət xidməti idarəsində dərzi, xx.xx.1989-cu ildən xx.xx.2002-ci ilədək isə Taxılçılıq sovxozunun kommunal təsərrüfatı briqadasında xadimə işləməsi göstərilsə də işin faktiki hallarına əsasən Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində İddiaçı işləməyinə dair heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddiaçının Şəki rayonu Turan taxılçılıq sovxozunun 1992-1999-cu ilin iyun ayına kimi olan işçi və qulluqçularının zəhmət haqqı cədvəllərində İddiaçı işləməyinə dair heç bir qeydiyyat aparılmadığını qeyd etsə də, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Şəki rayon şöbəsinin xx.xx.2013-cü il tarixli məktubunu nəzərə almamışdır. Məktuba əsasən iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2002-ci ilə qədər X5 Xidməti İstehsalat İdarəsində işləməsi faktı yoxlanılaraq akt tərtib edilmiş, lakin 1989-cu ildən C.Orconikidze adına taxılçılıq sovxozunun sənədləri yandığı üçün yoxlama aparmaq mümkün olmamışdır. Şəki rayon Turan Bələdiyyəsinin 118 nömrəli, yanvar 2007-ci il tarixli arayışına və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki X2 261 №li, xx.xx.2006-cı il tarixli arayışına əsasən Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası xx.xx.2006-cı ildə yanmışdır. İdarə binası yanan zaman C.Orconikidze adına taxılçılıq sovxozunun həmin binada mühafizə olunan əmr sənədləri və əmək haqqı cədvəlləri də yanıb məhv olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2341/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2341/2020 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nəsimi rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hesablanmasında 1989-cu ildən 2002-ci ilə qədər əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar