Məhkəmə qərarları › İş №2-1(103)-1803/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1803/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1803/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2701/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, iddiaçı çalışdığı iş yerləri və həmin iş yerlərində çalışma müddətləri əmək kitabçasında qeyd edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 25 il 03 ay 27 gün, bugünədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı isə 33 il 09 ay 8 gün təşkil edir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri” barədə 12 saylı qərarın 21.4-cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında (2290000b-24441-iş icraçıları) göstərilmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2020-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan pensiya kapitalına malik olmadığından mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli 28 aprel 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 bəndinə və 2 nömrəli əlavəyə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2020-ci il tarixə münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26281,24 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2701/2023 saylı, 16 yanvar 2023-cü tarixli qərarı (G.Sevdimalıyeva) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 12 il 4 ay 17 gün (xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-cı il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), 2006-cı ildən sonrakı dövr üçün ümumi stajı 15 il ay, güzəştli iş stajı isə 10 il 7 ay 6 gün (xx.xx.2011-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Həmçinin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2020-ci il tarixə münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26281,24 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili cavabdehin tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; - 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; - 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlamışdır. İşin mübahisəli halı ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən, xüsusi iş stajının 12 il 06 aydan az olması və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, ilk növbədə, iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: İddiaçıya məxsus 2393 nömrəli attestatın surətindən görünür ki, xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixədək texniki peşə təhsli almışdır. - İddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının görünür ki: İddiaçı 8 saylı İstehsalat və X3 edilməsi müəssisəsinə işə düzəlməzdən əvvəl xx.xx.1977-ci il tarixindən 18 saylı PTM-də təhsil almışdır. - xx.xx.1978-xx.xx.1978-ci illərdə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 47/ok xx.xx.1978-ci il); - xx.xx.1978-xx.xx.1980-ci illərdə sovet ordu sıralarında hərbi xidmət keçmişdir (HB № 3957780); - xx.xx.1981-ci ildə 3-cü dərəcəli fəhlə qəbul edilib (Əmr № 4/ok xx.xx.1981-ci il); - xx.xx.1981-ci ildə 3-cü dərəcəli elektrik qaynaqçı keçirilib (Əmr № 30/ok xx.xx.1981ci il); - xx.xx.1981-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilib (Əmr № 79/ok xx/xx-1981-ci il); xx.xx.1986-cı ildə Sənaye Tikintisi Nazirliyinin adı dəyişmiş Azərbaycan SSR Tikinti Nazirliyi olmuşdur; - xx.xx.1987-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilib (Əmr № 212/ok xx.xx.1986-cı il); - xx.xx.1988-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilib (Əmr № 214/ok xx.xx.1987-ci il); xx.xx.1991-ci ildə Sənaye Tikintisi Nazirliyinin 8 nömrəli Trestinin 8 saylı İTAİ adı dəyişdirilərək "xxxx" Birliyinin 7 saylı Trestinin 8 saylı İTAİ adlandırılmışdır. xx.xx.1993-cü ildə "xxxx" Birliyinin 7 saylı Trestinin 7 saylı İTAİ 1 adı dəyişdirilərək "xxxx" Dövlət Şirkətinin 7 saylı Trestinin 7 saylı İTAİ adlandırılmışdır (Əmr № 41/ok xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə 8 №-li Trestin yenidən təşkili ilə bağlı olaraq 7 saylı İTAİ adı dəyişdirilərək "xxxx" Dövlət Şirkətinin 8 saylı İTAİ adlandırılmışdır (Əmr № 28/ok xx.xx.1994-cü il); - xx.xx.1995-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq işdən azad edilmişdir (Əmr No 2/ok xx.xx.1995-ci il); - xx.xx.1995-ci ildə “Bakısənayemülkitikinti” Birliyinin Tikinti Materiallarının Təchizatı və İstehsalı İdarəsində metal emalı sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilib (Əmr No 4/ok xx.xx.1995-ci il); - xx.xx.1997-ci ildə idarənin ləğvi ilə əlaqədar olaraq işdən azad edilmişdir (Əmr № 3/ok xx.xx.1997-ci il); - xx.xx.1997-ci ildə metal emalı sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir (Əmr № 4/ok xx.xx.1997-ci il); - xx.xx.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr No 3, xx.xx.2002-ci il). Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçı 25 ildən artıq ümumi iş stajına malikdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin g) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Məhkəmə kollegiyası iddiaçının xüsusi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan: - "xxxx" MMC tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli 1/3039 nömrəli arxiv arayışına əsasən İddiaçı həqiqətən xx.xx.2011-ci il tarixli D350k saylı əmri ilə "xxxx" MMCnin Metal-konstruksiya zavodunun Təmir-tikinti sahəsinə elektrik qaynaqçısı peşəsinə qəbul edilib. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 25 il 3 ay 17 gün təşkil edir. "xxxx" MMC-də iş stajı 10 il 7 ay təşkil edir. Onun əmək kitabçasında elektrik qaynaqçısı yazılsa da, o, əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində çalışır. İşlədiyi peşənin güzəştli pensiya hüququna xas olan xüsusiyyətləri ondan ibarətdir ki, onun əmək şəraiti həqiqətən də zərərlidir və ağırdır. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahının 35-ci “Ümumi peşələr” bəndinin “Əl ilə qaynaq aparan elektrik qaynaqçıları” yarımbəndində və müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - "xxxx" MMC tərəfindən verilmiş 22 dekabr 2020-ci il tarixli 1/1525 nömrəli arxiv arayışında bildirilmişdir ki, İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında vardır (35. Ümumi peşələr: əl ilə qaynaq aparan elektrik qaynaqçıları). O həqiqətən əmək şəraiti zərərli və ağır olan işdə çalışır. İddiaçı əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı əmək kitabçasına əsasən 31 il 11 ay 4 gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “Bakısənayemülkitikinti” Birliyinin Tikinti Materiallarının Təchizatı və İstehsalı İdarəsinin və Azərsənayetikintinin nəzdində 8 və 7 saylı İstehsalat Texnoloji komplektləşdirmə idarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi iddiaçının üzərinə hər hansı məsuliyyət qoya və onun vəziyyətinin ağırlaşmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının əmək kitabçasında həmin müəssisələr (ümumi peşələr) üzrə işlədiyinə dair qeydlər var və həmin müəssisələrin vaxtilə mövcud olmuş olması cavabdeh tərəfindən mübahisələndirilmir. Həmçinin, cavabdeh inzibati orqan iddiaçının qeyd edilən müəssisədə xx.xx.1992-ci ilədək işlədiyi dövrü mübahisələndirməmiş, sonrakı dövrləri mübahisəndirməsinin əsasını isə əsaslandıra bilməmişdir. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1981- ci ildən xx.xx.2002-ci ilədək elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19905 şifri (kodu) üzrə yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə və ya 23200000—19906 şifri (kodu) üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğundur. Belə ki, hər iki peşə əmək şəraiti zərərli və ağır olan işlər hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qaynaqçı vəzifəsində işlədiyi illərdə müasir texnoloji imkanlardan fərqli olaraq, kontaktsız qaynaq edilməsi imkanı mövcud olmamışdır. Belə ki, həmin dövr üçün qaynaqçı peşəsi hər bir halda əl əməyi ilə icra edilən peşə növünə aid olmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının, o cümlədən 12 il 06 aydan çox güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, xx.xx.2006-cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt tələb olunmurdu. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2701/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2701/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar