Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1804/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Heydər oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X6 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 2839/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Ələsgərov Vaqif Heydər oğlu iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, iddiaçının 19 saylı şəhər X13 məktəbinə qəbul olunduğu gündən həqiqi hərbi xidmətə çağırıldığı günə, yəni xx.xx.1981-ci ilə kimi müddətin ümumi iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən, xx.xx.2019-cu ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı şəhəri 19 saylı şəhər X13 Məktəbinə avtomobil təmiri üzrə çilingər,elektrik avadanlığının texniki qulluğu və təmiri kursuna qəbul olmuşdur, xx xxxxxxx 1981-ci ildə həqiqi hərbi xidmətinə çağırılmışdır, bu səbəbdən də Peşə Məktəbində imtahan verə bilməmişdir, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra iddiaçı Peşə məktəbində imtahanları verib xx xxx 1984-cü il tarixdə diplom almışdır. İddiaçı həqiqi hərbi xidmətdən xx xxxxxx 1983-cü il tarixdə tərxis olunduqdan sonra xx xxxxxx 1984-cü il tarixdə Cənub Rayon Dəniz Neft donanmasına işə qəbul olunmuşdur və bu günə kimi orada çalışır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin ən azı 12 ilin 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdehə müraciət edərkən əmək kitabçasından əlavə “X9” Qapalı Səhmdar Cəmiyyətindən aldığı arxiv arayışını, diplomun surətini və s. sənədləri də təqdim etmişdir. Arxiv arayışında iddiaçının işə qəbul olunandan hansı vəzifələrdə çalışdığı barədə ətraflı məlumat qeyd olunmuşdur. Həmçinin arayışda adı çəkilən gəmilərin liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Lakin cavabdeh ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını, “Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçili”yi tərəfindən tərtib edilmiş arxiv arayışını, hərbi biletinin və diplomunun surətini əlavə etmişdir. Qeyd edilən əmək kitabçası və arayışdan göründüyü kimi iddiaçının xx.xx.1984-cü ildən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 11 ay 01 gündür. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda,azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda,azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun təhsil müddətini sığorta stajına aid etməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2839/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X6 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X6 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-ci ildən xx.xx.1984-cü ilədək Bakı şəhəri 19 №li X13 məktəbində təhsil almış, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Neft və X10 Cənub rayon idarəsində matros, baş matros, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilə qədər matros, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə qədər kapitan köməkçisi, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər kapitanın baş köməkçisi, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək kapitan, xx.xx.2000-ci ildən xx.xx.2002ci ilə qədər kapitanın 2-ci köməkçisi, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilə qədər kapitanın baş köməkçisi, xx.xx.2007-ci ildən xx.xx.2002-ci ilə qədər kapitanın böyük köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilə qədər kapitan, xx.xx.2008-ci ildən hal-hazıra kimi kapitanın böyük köməkçisi işləyir. Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 220 saylı qərarına əsasən Neft və X12 Cənub rayon İdarəsi “Kaspiyneftqazflot” dəyişdirilərək Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənib ekspedisiya dəstəsi – Cənub dəniz neft donanma idarəsi “Kaspiyneftqazflot” olmuşdur. “xxxx” QSC-nin X7 2019-cu ildə verdiyi arxiv arayışına əsasən iddiaçının işlədiyi gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmiləri deyirdirlər. Arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X14 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Dövlət X5 və Xəzər Dəniz Neft Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X9” QSC yaradılmışdır Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli imtina məktubuna əsasən iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd edilməməsi, bundan başqa xx.xx.2006-cı il tarixə iddiaçının ümumi iş stajının 25 ildən az olması əsası ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh apellyasiya şikayətində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyası) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan yaranmasına istinad edir. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. 28. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. Təhsil müddətinin staja daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1984-cü ilədək Bakı şəhəri 19 №li X13 məktəbində təhsil almışdır. Kollegiya iddiaçının təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “E” bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin “Ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsil aldığı müddətin ümumi əmək stajına daxil edilməsi onun təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulduğundan, bu hissədə iddiaçının tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh imtina məktubunda iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etməsinə istinad etmişdir. Lakin iş materiallarında olan hərbi biletin, diplomun və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi xx xxxxxx 2006-cı ilədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində iddiaçının əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olub-olmaması barədə məlumatın olmaması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod 23003000); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod 23003010). Bu hal işə birinci instansiyası məhkəməsində baxarkən müəyyən olunmuş, həmçinin iddiaçının işlədiyi gəmilərin liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid olmadığı arxiv arayışı ilə təsdiqlənmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, Ələsgərov Vaqif Heydər oğlu təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2839/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1804/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1804/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver