Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1804/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Abbasov Mirzəli Abduləli oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xaliq-16” müəssisəsinə qarşı cavabdehlər tərəfindən qanunsuz yolla alınmış və bununla bağlı ona vurulmuş 1.070 manat (900 manat +170 manat) maddi ziyanın geri qaytarılması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə və “Xaliq-16” müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən qanunsuz yolla alınmış və bununla bağlı ona vurulmuş 1.070 manat (900 manat+170 manat) maddi ziyanın geri qaytarılması barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, ödənilmiş 900 manat gömrük ödənişlərini geri qaytarılmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə, ödənilmiş 170 manat məbləğin isə cavabdeh “Xaliq-16” müəssisəsi tərəfindən ona ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə onlayn qaydada 5.590 ABŞ dolları məbləğində ödəniş edilərək alınmış, qeyd olunan ödənişlərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı tərəfindən ondan əsassız olaraq avtomobilin dəyəri 8.000 ABŞ dolları kimi nəzərə alınmış, ondan əlavə olaraq 900 manat pul tutulmuşdur. İddiaçı qeyd edir ki, avtomobilin dəyəri müəyyən edilərkən onun qiymətinin hansı səbəbdən yuxarı qeyd edilməsi əsaslandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 3417/2022 saylı qərardadı ilə iddianın “ödənilmiş 170 manat məbləğin cavabdeh “Xaliq- 16” müəssisəsi tərəfindən ödənilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə online qaydad AVTOWİNİ vasitəsilə Koreya Respublikasından “Kia Sportage” avtomobili alıb. Alqı-satqı müvafiq İC 1372398, Pİ-**********-4 saylı qiymət sənədi ilə reallaşdırılıb. Həmin sənəd üzrə Bakıda yerləşən Express Bank vasitəsilə köçürmə keçirilib. Avtomobil 3 dekabr tarixdə Bakıya çatmışdır. COVİD 19 virusuna tutulduğu üçün yalnız 12 gün sonra Bakı Gömrüyünə müraciət edə bilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsi Terminalından həmin İnvoice və müvafiq bank qəbzini təqdim edərək gömrük rüsumunu ödəmək və avtomobili qeydiyyatdan keçrmək istəmişdir. Gömrük əməkdaşları həmin sənədi saxta adlandıraraq həmin qiymətlə gömrük əməliyyatlarının aparılmasından imtina etdilər. Üstəlik həmin şirkəti düzgün qiymət yazmamaqda, müştərilərlə anlaşıb saxtakarlıq etməkdə belə ittiham etmişlər. Halbuki, o, dəfələrlə israr etmişdir ki, ortada “Avtowini” şirkəti ilə bağlı hər hansı anlaşmazlıq yoxdur. Hansı məbləğ təlb olunubsa onu da ölkə bankı vasitəsilə ödəmişik. Sonunda onun 5590 ABŞ dolları məbləğində aldığıavtomobili 8000 ABŞ dolları dəyərində qiymətləndirib gömrük rüsumu alıblar. Ödəməli olduğu gömrük rüsumu məbləğindən 950 manat artıq ödəmə etməyə məcbur olmuş, şəxsi büdcəsinə ziyan vurulmuşdur. Hüquqlarının bərpası barədə cavabdeh orqana dəfələrlə müraciət etsə də, müraciətləri nəticəsiz qalmış və məhkəmədə iddia qaldırmalı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı hazırkı məsələyə aid olmayan maddələrlə əsaslandırılmışdır. Mövqeyi belə olmuşdur ki, iddiaçı gömrük bəyannaməsini imzalayaraq gömrük orqanlarının təklif etdikləri ödəniş məbləği ilə razılaşaraq müvafiq sənədə imza etmişdir. Halbuki, onun sənədə imza etməsi gömrük əməkdaşları tərəfindən ona məxsus əmlaka qoyulan qiymətlə razılaşması demək deyildir. Avotomobilin alış qiyməti də təqdim etdiyi sənədlərdə əksini tapmışdır. Gömrük orqanlarının bu qiymətə müdaxiləsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Elşad İsayev apellyasiya şikayətə yazılı etiraz təqdim edərək bəyannamədə malın gömrük dəyərinin 13600 manat olaraq iddiaçının özü tərəfindən təsdiqləndiyini bildirərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarının və qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, öz hesablaması nəticəsində iddiaçıya yalnız 300 manat artıq ödəniş hesablandığı müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh “Xaliq-16” müəssisəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdeh “Xaliq-16” müəssisəsinin nümayəndəsi iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, **********5401 nömrəli Gömrük Bəyannaməsindən görünür ki, idxalatçı İddiaçı, ixracatçı "xxxx" Şirkəti (Seoul/Korea) olmaqla, Kia Sportage R (Dizel) markalı, buraxılışlı ili 2013-cü il, mühərrikin həcmi – 1995 sm3, avtomobilin invoys dəyəri 5590 ABŞ dolları (9503 AZN), statistik dəyəri 8000 ABŞ dolları (13600 AZN) olmuşdur. Həmin bəyannamənin 42-ci qrafasında invoys dəyəri – 5590 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri – 13600 manat, 46-cı qrafasında statistik dəyəri – 8000 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu 0 6 – ehtiyat üsul kimi qeyd edilmiş və göstərilənlərə əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat; GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə gömrük yığımı – 20 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat, idxal gömrük rüsumunun hesablanmas qaydası – mühərrikin həcmi 1995 x 1,20 ABŞ dolları = 2394 ABŞ dolları x 1,7 (dolların məzənnəsi) = 4069,80 manat; aksiz vergisi – 598,50 manat; aksiz vergisinin hesablanması qaydası = mühərrikin həcmi 1995 x 0,30 manat = 598,50 manat, ƏDV – 3318,89 manat olmuşdur. ƏDV hesablanması qaydası aşağıdakı şəkildə göstərilmişdir: gömrük dəyəri 13600,00 manat + gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat = 18438,30 manat x 18 % = 3318,89 manat. Nəqliyyat vasitəsinin ekspertizasına görə - 30 manat; texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə - 20 manat; elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat; elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi – 5,40 manat, cəmi – 8242,59 manat təşkil etmişdir. İddiaçı həmin məbləği ödəmiş, lakin sonradan inzibati orqanda və məhkəmədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı bir hissədə rədd, edərək mövqeyini bununla əsaslandırmışdır ki, invoysda nəzərdə tutulan qiymət əsas olmamışdır. İddiaçı tərəfindən gömrük bəyannaməsinə sərbəst iradə ilə qeyd edilən gömrük dəyəri kimi 13.600 manat məbləğ (8000 dollar) əsas götürülməli idi. İddiaçı gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri mübahisələndirilməmiş, gömrük dəyərində şübhələr yaranmadığına görə də gömrük orqanı tərəfindən gömrük ekspertizası təyin olunmamış, malın dəyərinin ekspert tərəfindən müəyyən ediləsinə zərurət müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin 170 manatın “Xaliq-16” müəssisəsindən tutulması hissəsinin mümkünsüz sayılması barədə qərardadı bununla əsaslandırılmışdır ki, “Xaliq-16” müəssisəsi iddiçıya münasibətdə hakimiyyət səlahiyyətləri yerinə yetirmədiyindən tərəflər qanunvericiliyin tələblərinə əsasən xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu üzvləri hesab edildiyindən, hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından söhbət gedə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razlaşmmayaraq aşağıdakıları qeyd edir. Kollegiyanın əvvəlki iclasında iddiaçı özünün hesablaması barədə sənədlər təqdim edərək bildirmişdir ki, ödədiyi 8242,59 manat hesbalanarkən avtomobilin dəyəri 8000 dollar göstərilmişdir. Halbuki, “İnvoys”da 5590 dollar göstərilir. Daşıma üçün ödənilən 780 dollar da əlavə edilsə, məbləğ 6370 dollar olur. xx.xx.2020-ci il tarixdə bu dəyərdə olan avtomobilin gömrük rüsumu isə təxminən 7363 manat olur. Bu günkü gömrük kalkulyatoruna görə isə 8023,30 manat təşkil edir, çünki ötən müddətdə həm Aksiz vergisi, həm əlavə dəyər vergisi, həm də əməliyyat haqqı müvafiq olaraq 300 manat, 303 manat və 60 manat artmışdır. Buna görə də, bu günkü tələbi bu şəkildə ortaya çıxır: 8242 manatdan 8023 manat çıxılır, üzərinə müvafiq olaraq 300+303+60 manat gəlinir. Ümumi məbləğ isə belə olur = 882 manat. Eyni zamanda Kollegiyanın həmin iclasında cavabdehin nümayəndəsi də fərqin həqiqətən olmasını etiraf etmiş və bu fərqin 370,26 manat olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Ödəniş Tapşırıqlarından görünür ki, idxal edilən avtomobilin (invoys) məbləği 5590,00 ABŞ dollarıdır (burada 5.540 manat avtomobilin dəyəridir, 250 manat gəmi daşımasının dəyəridir). Gömrük Bəyannaməsində malın invoys dəyəri olan 9503 manat əvəzinə statistik dəyəri olan 13600 manat götürüldüyü üçün və onun üzərinə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat gəlməklə əldə edilmiş 18438,30 AZN məbləğ üzərindən ƏDV hesablanaraq (18%) 3318,89 AZN müəyyən edilmişdir. Lakin nəqliyyat vasitəsinin invoys dəyəri (5590 dollar=9503 manat) əsas götürülərək və bu məbləğin üzərinə + gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı – 120,00 manat + Azərbaycan Respublikasının gömrük ərazisində gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı – 30,00 manat + GPS xidmətinə görə gömrük yığımı - 20,00 manat + mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu – 4069,80 manat + aksiz vergisi – 598,50 manat gəldikdə, əldə edilmiş 14341,3 manat məbləğin 18% - hesablandıqda ƏDV 2581,44 manat təşkil edir. Məbləğlər arasındakı fərq 3318,89 - 2581,44 = 737,46 manat təşkil edir. Bununla təsdiq olunur ki, iddiaçıdan gətirdiyi avtomobilinə görə 8242,59 manat gömrük rüsumu alınsa da, əslində bu gömrük rusumunun məbləği 7505,14 manat təşkil edir. Fərq də (8242,59 - 7505,14 = 737,46) ƏDV-nin düzgün hesablanmaması səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iş üzrə qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi, iddianın təmin edilməsi və iddianın qismən mümkünsüz sayılması barədə qərardadının dəyişdirilmədən saxlanmasında dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 3417/2022 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçının artıq ödədiyi 737,46 manat gömrük ödənişləri məbləğinin iddiaçıya qaytarılması cavabdehə həvalə edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3417/2022 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı “İddiaçı iddiası təmin edilsin. İddiaçı artıq ödədiyi 900 manat gömrük ödənişləri məbləğinin iddiaçı ya qaytarılması cavabdehə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1804/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1804/2022
29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver