Məhkəmə qərarları › İş №2-1(103)-1804/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1804/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1804/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-5249/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-5249/2023 saylı qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxıldığı təsbit edilmişdir. Göründüyü kimi, məhkəmə qərardad qəbul edərkən İPM-nin 8.1.4-cü maddəsinin tələblərini tətbiq etmək əvəzinə həmin Məcəllənin 8.1.1-ci maddəsinin müddəalarını tətbiq etmişdir. Məhkəmə qərardadında mövcud iş üzrə məhkəmə aidiyyətinin pozulmasına “daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır” müddəaları olmuşdur. Hesab edirlər ki, məhkəmə qərardadı aşağıda qeyd edilən əsasa görə ləğv edilməlidir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Cavabdeh tərəfindən vergi ödəyicisinin siyahıya alınmış daşınmaz əmlakının satılması üçün məhkəməyə müraciət edilməsi hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisə deyil. Göründüyü kimi, cavabdehin əmlakının siyahıya alınmasına səbəb onun vergi öhdəliklərini vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-1(112)-5249/2023 nömrəli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-5249/2023 saylı qərardadı ləğv edilməli, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 10000.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar çıxarılmasını xahiş edir. İşdə olan “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********5 nömrəli protokoldan görünür ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən cavabdehə məxsus olan Şabran rayonu, Söhbətli kəndi ərazisində yerləşən çınqıl karyeri siyahıya alınmışdır. Göründüyü kimi, iddiaçının hazırkı tələbi siyahıya alınmış Şabran rayonunda yerləşən daşınmaz əmlakın satılması ilə bağlı olduğundan İPM-in 8.1.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, habelə tərəflərin məhkəməyə əlçatanlığının, işə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından məhkəmə hesab edir ki, hazırkı tələbə baxmağa Sumqayıt İnzibati Məhkəməsi səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi ilə əlaqədardır və bu məqsədlə siyahıya alınmış əmlakın satılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Göründüyü kimi, iddia tələbi daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar deyildir. Belə olan halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən hazırki iddia tələbinə əmlakın aid olduğu yerin məhkəməsi tərəfindən baxılması ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. İş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1ası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15.5-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın satılması ilə əlaqədar olduğundan və cavabdehin ünvanı Bakı şəhəri Nərimanov rayonu olduğundan, Bakı şəhəri Nərimanov rayonu isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(112)-5249/2023 saylı qərardadı ləğv edilsin, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar