Məhkəmə qərarları › İş №2-1(103)-1805/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1805/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1805/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3563/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qaçqın stasunun verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İraq Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayır. xx xxxxxxxx 2019-cu il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ona qaçqın stasunun verilməsindən imtina edilmişdir. Bu imtina qanunsuz və əsassızdır. Belə ki, o, İraqın Bağdad şəhərində anadan olmuş, orda Seyidiyyə məntəqəsində məktəbə getmiş, 1-3-cü sinifləri “Şuhadai” adlı məktəbdə oxumuş, lakin ailəsinin Suriyya köçməsi ilə əlaqədar olaraq 4-8-ci sinifləri Suriyanın Əl- Qəzzaz adlı məntəqəsində yerləşən orta məktəbdə oxumalı olmuş,sonradan isə ailəsi ilə birlikdə Türkiyəyə getmiş, orada 7-ci sinifdən məktəbə qəbul edilmişdir. “X2 Okul” adlı məktəbdə 2 sinif oxumuş və 2017-ci il tarixdə orta təhsilini bitirmişdir. 2017-2018—ci illərdə Türkiyədə yaşadığı müddətdə “Piar” adlı şirkətə məxsus marketdə əvvəl kassir kimi işə düzəlmiş, sonra marketin bütün işləri müdür tərəfindən ona həvalə edilmişdir. Atası və böyük qardaşı Ahmad İrlandiyada qaçqın statusu əsasında yaşayırlar, anası və digər bacı qardaşları isə Türkiyədə sığınacaq alaraq yaşayırlar. Valideyinləri 1993-cü ildə məzhəblərini şiədən süniyyə dəyişdikləri üçün İraqda 2006-cı ildə dini qruplaşmalar tərəfindən təhdidlərə məruz qalmışlar, bu səbəbdən də ölkəni tərk edərək Suriyaya getmişlər, atası isə İrlandiyaya gedərək orada qaçqın statusu almış, o isə digər ailə üzvləri ilə 2011-ci ildə Suriyadan Türkiyəyə gedərək orada sığınacaq almışdılar. 2018-ci ilin sonlarında o qardaşı Ahmadla birlikdə İrlandiyaya getmək məqsədilə saxta pasportla sərhədi keçərkən qardaşı Ahmadın sərhədi keçərək İrlandiyaya getsə də, İddiaçı saxlanıldı və İraqa geri qaytarıldı. Təxminən 8-9 ay orada qalmışdır. Ona Türkiyə tərəfindən məhdudiyyət qoyulduğundan, bu səbəbdən də ailə üzvlərinin yanına qayıda bilmədi, xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-287/1 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3563/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3563/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, İddiaçı İraq Respublikasının vətəndaşıdır, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 295 -2019 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin xx.xx.2019-cu il tarixli, İQ-287/1 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 29 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, İQ-287/1 saylı qərarından İraq Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayəti əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir : “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ***-**** nömrəli vəsatətə (ərizə-anket) əsasən İddiaçı İraqın Bağdad şəhərində anadan olduğunu, burada Səyidiyyə məntəqəsində məktəbə getdiyini, 1-3-cü sinifləri “Şuhadai” adlı məktəbdə oxuduğunu, lakin ailəsinin Suriyaya köçməsi ilə əlaqədar olaraq 4-8 sinifləri Suriyanın ƏlQəzzaz adlı məntəqəsində yerləşən orta məktəbdə oxumalı olduğunu, sonra ailəsi ilə birlikdə Türkiyəyə getdiklərini, orada onu 7-ci sinifdən məktəbə qəbul etdiklərini, “X2 okul” adlı məktəbdə 2 sinif oxuduğunu, 9-12-ci sinifləri isə “X3 X1” adlı məktəbdə oxuduğunu və 2017-ci ildə orta təhsilini bitirdiyini qeyd etmişdir. Ərizəçi xüsusi bir peşəsinin olmadığını, 2017-2018-ci illərdə Türkiyədə yaşadığı müddətdə məktəbdə oxuyarkən paralel olaraq “Piar” adlı şirkətə məxsus marketdə əvvəl kassir kimi işə düzəldiyini, sonra marketin bütün işlərinin müdir tərəfindən ona həvalə edildiyini bildirmişdir.Ailə üzvləri barədə məlumat verən ərizəçi atasının və böyük qardaşı Ahmadın İrlandiyada qaçqın statusu əsasında yaşadıqlarını, anasının və digər bacı qardaşlarının isə Türkiyədə sığınacaq aldıqlarını söyləmişdir. O,valideynlərinin 1993-cü ildə məzhəblərini şiədən sünniyə dəyişdikləri üçün İraqda 2006-cı ildə dini qruplaşmalar tərəfindən təhdidlərə məruz qaldıqlarını, bu səbəbdən də ölkəni tərk edərək Suriyaya getdiklərini, atasının isə İrlandiyaya gedərək orada qaçqın statusu aldığını, özünün isə digər ailə üzvləri ilə birlikdə 2011-ci ildə Suriyadan Türkiyəyə gedərək orada sığınacaq aldıqlarını qeyd etmişdir. 2018-ci ilin sonralarında Omar Hadi qardaşı Ahmadla birlikdə İrlandiyaya getmək məqsədilə saxta pasportla sərhədi keçərkən qardaşı Ahmadın sərhədi keçərkən İrlandiyaya gedə bildiyini, özünün isə saxlanıldığını və İraqa geri qaytarıldığını, təxminən 8-9 ay ölkəsində qaldığını bildirmişdir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ***-**** nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan müsahibə zamanı qeyd edilənlərə əsasən ərizəçi Türkiyə tərəfindən onun ölkəyə girişinə məhdudiyyət qoyulduğunu, bu səbəbdən də ailə üzvlərinin yanına qayıda bilmədiyini, atasının məsləhəti ilə xx.xx.2019-cu il tarixdə Azərbaycana gəldiyini qeyd etmişdir. Ailəsi İraqda tanınmış ailə olduğu üçün İraqa qayıdacağı təqdirdə həyatı üçün təhlükə ola biləcəyini bildirsə də, dediklərindən onun Azərbaycana gələnə qədər təxminən 8-9 ay ölkəsində yaşadığını ötən müddət ərzində həyatı üçün heç bir təhlükə yaranmadığını, heç bir ciddi təhdid və təzyiqə məruz qalmadığını etiraf etmiş, ölkəsində ümumi vəziyyətin qeyri-stabil olması ilə əlaqədar olaraq İraqa qayıtmaq istəmədiyini, Azərbaycan Texniki Universitetində təhsil almağı ilə bağlı tələbə biletinin də olduğunu, Azərbaycanda təhsil almağı ilə bağlı müvəqqəti yaşama icazəsi almadığını, ona verilmədiyini, ona bunun üçün ölkəni tərk edib təhsil vizası ilə gələ biləcəyini, bunun da onun üçün mümkün olmadığını, İdarənin verdiyi müvəqqəti yaşama icazəsi sənədi ilə qeydiyyatdan keçdiyini bildirmişdir.Eyni zamanda o, ilk dəfə İraqı 2006-cı ildə ailə üzvləri ilə birlikdə tərk etdiyini, ailəsinin xüsusən də atasının İraqda təqib olunduğunu, bu səbəbdən oranı tərk edərək, Suriyaya getdiyini, orada BMT nümayəndəliyinə müraciət etdiklərini, həmin təşkilat tərəfindən onlara himayə verildiyini, sonra Suriyada müharibə başlaması ilə əlaqədar oranı tərk etdiklərini, Türkiyəyə getdiklərini,orada ailəsinin BMT-yə müraciət etdiklərini, həmin təşkilatın onlara himayə verdiyini,2017-ci ildə orta təhsilini bitirdiyini, Avropada yaşayan atasının yanına getmək istədiyini, dayısının onlara saxta pasport düzəltdiyini, Türkiyədə BMT-nin himayəsindən çıxdığını, əks halda ölkə xaricinə gedə bilməyəciyini, saxta pasportla ölkəni tərk edərkən sərhəddə saxlanıldığını və İraqa deportasiya edildiyini, qardaşının isə sərhədi keçdiyini, hazırda atası ilə İrlandiyada yaşadığını, İraqa qayıtdıqdan sonra 8-9 ay Bağdad, Babil və Kürdistanda dayısı və onun dostlarının evində qaldığını qeyd etmişdir. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı atasının 1996-cı ildə dinini dəyişib sünni olduğunu, şiə qruplaşmaların onları təqib etdiyini bildirsə də, əldə olunmuş nəticələr təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan № ***-**** nömrəli Qaçqın statusunun verilməsi haqqında vəsatət (ərizə-anket) iddiaçı Azərbaycan Respublikasında yaşadığı ünvan kimi ünvan 2 göstərmiş, işin birinci instansiya icraatı zamanı qeyd edilən ünvana göndərilmiş məhkəmə zərfi “bu ünvanda ofis yerləşir, belə adam orda işləmir” qeydi ilə geri qayıtmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3563/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3563/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar