Məhkəmə qərarları › İş №2-1(103)-1805/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1805/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1805/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4803/2021 saylı, 03 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək 01.05.2019-cu il tarixində cavabdeh X6 bağlanmış əmək müqaviləsinə və bildirişinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması tələbi irəli sürmüşdür. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək müqaviləsi bildirişinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (İddiaçı və X6 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01.05.2019-cu il tarixində müddətsiz əmək müqaviləsi üzrə cavabdeh tərəfindən əmək müqaviləsi üzrə “Rəngsaz” peşəsi üzrə usta vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi xxxxxxx000300 nömrə ilə qeydə alınmışdır. Əmək müqaviləsi 01.05.2019-cu il tarixində bağlanmışdır. Həmin şəxslə təxminən 3 ay işlədikdən sonra aralarında narazılıq olmuşdur. Cavabdeh razılaşdırılmış əmək haqqını tam ödəməmişdir, bundan sonra məcbur qalaraq gündəlik işlərə getmişdir. Rəsmi işə düzəlmək üçün müraciət edərkən bəlli olmuşdur ki, əmək müqaviləsi bildirişi ləğv edilməmişdir. Bundan sonra işəgötürən ilə əlaqə saxlamaq məqsədi ilə ona məlum olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlasa da, heç bir nəticə əldə edə bilməmişdir. Aylıq maaşını almaq üçün cavabdeh ilə əlaqə qurmaq istəsə də, yenə də faydası olmamışdır. Hazırda əmək hüququ pozulmuşdur, yeni bir iş yeri axtarmaq məcburiyyətində qalsa da, yeni iş tapdıqdan sonra yeni iş yerinin rəhbərliyi onunla əmək müqaviləsi bağlamaq istəsə də, sistemdə aktiv iş yeri olduğundan müqavilənin bağlanmasına imtina edilmişdir. Yeni əmək müqaviləsinin bağlanması üçün aktiv əmək müqaviləsi ləğv edilməlidir. Yaranmış vəziyyətlə bağlı Əmək müfəttişliyi xidmətinin 4 saylı region üzrə X8nə müraciət etmiş və cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş, nəticədə Əmək müfəttişliyi Xidmətinin 4 saylı region üzrə X8 tərəfindən ona pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlcə, Səbail rayon Məhkəməsinə əmək müqaviləsinin ləğv edilməsi üçün müraciət etmiş olsa da, iddiası geri qaytarılmışdır. Geri qaytarılmasına səbəb isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmalı olmaması olmuşdur. Buna görə də məcbur qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz etmiş və etirazında göstərmişdir ki, İddiaçı ilə işəgötürən X6 arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməli, işəgötürən tərəfindən qeyd olunan vəzifələr yerinə yetirilmədiyi halda fərdi əmək mübahisəsinin həll edilməsi və həmin vəzifələrin işəgötürənə həvalə edilməsi ilə əlaqədar aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrə müraciət etməlidir. “Əmək müqaviləsi bildirişi” altsistemində axtarış zamanı İddiaçı ilə X6 arasında bağlanılmış və elektron informasiya sisteminə daxil edilmiş, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlum olmuşdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4803/2021 saylı, 03 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və X6 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verib apellyasiya şikayətini etirazına uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və məhkəmədən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi qeyrimümkün hesab edilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X6 ilə İddiaçı arasında vaxtamuzd əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi 06.05.2019-cu il tarixdə sistemə daxil edilmişdir (məşğulluq təsnifatı üzrə: rəngsaz, tikinti; əmək müqaviləsi üzrə: usta). Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-532/2021 nömrəlli iş üzrə 07.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə” iddia tələbi üzrə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərara əsasən məhkəmə müəyyən etmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. İddiaçı iddia ərizəsinə cavabdeh X3 tələbi ilə bağlı müraciət etməsi və ona imtina edilməsi barədə hər hansı sübut əlavə etməmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə tərəfindən vergi ödəyiciləri barədə məlumatların əldə edilməsinə dair verilmiş sorğudan müəyyən edilir ki, hazırda X6 vergi ödəyicisi kimi qeydiyyatda deyildir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, 2(009)-532/2021 saylı qərardadında iddiaçının işlədiyi müəsisənin fəaliyyət göstərmədiyi və təsisçisi olmadığı halda cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin” etibarsız hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə tərəfindən vergi ödəyiciləri barədə məlumatların əldə edilməsinə dair verilmiş sorğudan müəyyən edilir ki, hazırda X6 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində cəlb edilmiş, qeydiyyatda olduğu AZ1023, ünvan 1 ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 4 saylı region üzrə X8 tərəfindən iddiaçıya verilən 09.10.2019-cu il tarixli məktubda bildirilir ki, müfəttişlik tərəfindən fiziki şəxs X2 (VÖEN: **********) ünvanına 20.08.2019-cu il tarixli 1515 nömrəli və 10.09.2019-cu il tarixli Ə-1666 nömrəli məktublar göndərilməsinə baxmayaraq çağırışa gəlməmişdir. Fiziki şəxs X6, X4 və X7 ilə əmək müqaviləsi EİS-nə daxil edilmədən onları işlərin görülməsinə cəlb etməsi səbəbindən onun barəsində İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 24.09.2019-cu il tarixli MN N-0411008 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X8 Xidmətinin səlahiyyətləri xaricindədir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, mənası baxımından belə təfsirə malikdir ki, istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar daxilində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, hazıki iş üzrə iddiaçının iddia tələbinin məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı onunla, işəgötürən X6 arasında 06.05.2019-cu il tarixində bağlanmış əmək müqaviləsi ləğv edilmədiyi və əmək münasibətlərinə xitam verilmədiyi halda, həmin əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəfi deyil. Həmin müqavilə İddiaçı (işçi) ilə X6 (işəgötürən) arasında bağlanmış və həmin müqavilə ləğv olunmamış, bu barədə elektron informasyia sistemində məlumat yerləşdirilməmişdir. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin qanunla üzərinə düşən öhdəliyi ola bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Prosessual hüquq normasının qeyd olunan tələbindən göründüyü kimi, əgər qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, bu qəbildən olan mübahisələr inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı ilə X6 arasında olan 06.05.2019-cu il tarixli əmək müqaviləsi qüvvədə olduğundan, həmin əmək müqaviləsinə işəgötürənlə işçi arasında müvafiq qaydada xitam verilmədiyi, məhkəmə qaydasında (mülki məhkəmə icraatı qaydasında) etibarsız hesab olunmasına dair sübut olmadığı, bununla da, cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə və ya qanunla qorunan hüquqlarını və azadlıqlarının pozulması və tərəflər arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarı ləğv edilməli, hazırki iddia tələbi İPM-in 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilmədiyi üçün mümkün sayılmamlıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4803/2021 saylı, 03 may 2021ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar