Məhkəmə qərarları › İş №2-1(103)-1805/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1805/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1805/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12302/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı əmək fəaliyyətinə xx.xx.1977-ci ildən başlamış, 2009-cu ilə kimi müxtəlif vəzifələrdə çalışmaqla 25 ildən artıq sığorta stajına malikdir. O ümumi sığorta stajının 12 il 6 ayından çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləmişdir. Buna görə də iddiaçı 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən 12 avqust 2022-ci il tarixli məktubla imtina edilmişdir. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim edilən 17 oktyabr 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X8" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi MKT İdarəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlara əsasən güzəştli şərtlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, iddiaçının tələbi isə qanunvericiliyn tələblərinə uyğundur və ona görə də iddiaçıya güzəştli şərtlə 57 yaşdan pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, İddiaçı Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi (8 ay, 13 gün) müvəqqəti laborant, Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali-Qafqaz dəstəsində xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi (3 ay) atıcı vəzifələrində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali - Qafqaz dəstəsində xx.xx.1981-ci ildən xx.xx.1981- ci ilə kimi (6 ay, 8 gün) atıcı, “Kaspar”ın təmir-tikinti idarəsində xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilə kimi (3 il, 23 gün) fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987-ci ildən xx.xx.1988ci ilə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi (10 ay, 25 gün) iş icraçısı, “Kaspar”ın təmir-tikinti idarəsi nəzdində “Yunga” Kooperativində xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi (1 il, 2 ay, 16 gün) iş icraçısı, X8 Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilə kimi (18 il, 6 ay, 17 gün) iş icraçısı vəzifələrində çalışmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilir. İddiaçı həmçinin qeyd edir ki, iddiaçı xx.xx.1990-cu ildən xx.xx.2009-cu ilə kimi is icraçısı vəzifələrində çalışdığı müddətdə X6 məxsus Xaçmaz rayonu Müqtədir qəsəbəsində donuzçuluq kompleksinin tikintisini, maldarlıq fermasının tikintisini həyata keçirmiş, o cümlədən X6 məxsus gəmi təmirçisi istirahət bazasında 27 ədəd koteclərin tikintisini həvata keçirmiş, Bakı səhərində X6 məxsus hündürmərtəbəli binaların təmiri və bərpası islərinə rəhbərlik etmişdir. Göründüyü kimi iddiaçının işlədiyi dövrlər hesablayanda o, 30 il 6 ay 15 gün ümumi is stajına malikdir ki, həmin stajın 20 il, 7 ay, 28 günü (is icraçısı vəzifəsi) güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir. O cümlədən xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi iş stajı, 12 il 06 ay güzəştli is stajının olması və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə (iş icraçısı kimi) işləməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təvin olunması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısında “29-cu - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b - mütəxəssislər” bəndində is icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında 22900000 kodu ilə qeyd olunan “XXVİİ - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi”ndə, 2290000b yarımbəndində 2290100b—24441 kodu ilə iş icraçısı vəzifəsi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla ona imtina olunduğu bildirilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il 7 ay 3 gün (xx.xx.1981- xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, imtina qanunidir və iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının inzibati orqana təqdim etdiyi xx.xx.1977-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X8” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi Mənzil Kommunal Təsərrüfatı İdarəsi yuxarıda qeyd olunan Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli iş stajı tələb olunan müddətdən az (7 il 7 ay 3 gün) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələri, MPM-in 153-cü və İPM-in 47-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12302/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, İddiaçı, 57 yaşının tamam olduğu 06 mart 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-12302/2022 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun və iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2017-ci il tarixindən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göstərilən normaların məzmunundan görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 2 element mövcud olmalıdır: iddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması və xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X8” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi peşənin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaması, bu səbəbdən də, onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsindən ibarətdir. Belə ki, Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edildiyi qeyd edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən xx.xx.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2009-cı il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X8" QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. MKT İdarəsinin yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığı qeyd olunaraq, həmin səbəbdən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (7 il, 7 ay, 3 gün (xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil etdiyi bildirilməklə ona güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasından imtina edilmişdir. - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Azərbaycan SSR Təsərrüfat Nazirliyinin taxıl bazasında müvəqqəti laborant, (8 ay, 13 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci ilə kimi (3 ay) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali- Qafqaz dəstəsində atıcı, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il) Sovet ordusu sıralarında xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi (6 ay, 8 gün) Tikinti və Nəqliyyat Nazirliyi Tuapse şəhəri, p-12, Hərbiləşdirilmiş mühafizəsinin Şimali - Qafqaz dəstəsində atıcı, xx.xx.1981- ci il il tarixdən xx.xx.1984-cü il il tarixə kimi (3 il, 23 gün) “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il il tarixə kimi (3 il, 2 ay) dülgər, xx.xx.1987- ci il il tarixdən, xx.xx.1988-ci il tarixə kimi (1 ay, 11 gün) usta, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi (1 ay, 22 gün) tikinti ustası, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixə kimi (10 ay, 25 gün) iş icraçısı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixə kimi (1 il, 2 ay, 16 gün) “Kaspar”ın təmirtikinti idarəsi nəzdində “Yunga” Kooperativində iş icraçısı, xx.xx.1990-cı il tarixdən xx.xx.2009-cu ilə kimi (18 il, 6 ay, 17 gün) X8 Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsində iş icraçısı vəzifələrində çalışmışdır. - “Azərbaycan X8” QSC-nin X2 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102- 1321 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 27 il 04 ay 06 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu bəndinin "a, b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİ hissəsinin - 22900000 a) fəhlələr, (kod 229000b) "b" yarımbəndinə (kod 2290000b - 24441 iş içraçıları) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "Azərbaycan X8" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. -“Azərbaycan X8” QSC X4 tərəfindən verilən xx.xx.2022-ci il tarixli AM03102-1889 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət X5 sahil heyətində Təmir-tikinti idarəsində xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək və xx.xx.1990-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək mənzil-kommunal təsərrüfatı idarəsinin təmir tikinti idarəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. İddiaçı gəmiçilikdə güzəştli iş stajı 25 il, 10 ay 20 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 29-cu bəndinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təhcizatı, bərpası və təmiri bölməsinin "a,b" yarımbəndinə uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "Azərbaycan X8" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 nömrəli Qərarına 2 nömrəli əlavədə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Sözügedən Siyahıda 22900000 kodu ilə qeyd olunmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan XXVİİ bölməsində: iş icraçıları (2290000b-24441) vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “Qaydalar”a görə “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındakı iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X8” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaması ilə bağlıdır. İddiaçının işləmiş olduğu müəssisə tərəfindən verilmiş işin xarakterini özündə əks etdirən arayışlardan da göründüyü kimi, İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, habelə xx.xx.1989-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək müvafiq olaraq “Kaspar”ın təmir-tikinti idarəsində və daha sonra isə X5 Mənzil-kommunal təsərrüfatı idarəsinin təmir tikinti idarəsinin tikinti təmir sahəsində dülgər, tikinti ustası, fəhlə, iş icraçısı vəzifələrində işləmişdir. Arayışda həmçinin, iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş siyahının müvafiq bəndində nəzərdə tutulmuş koda uyğun olduğu bildirilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrü (7 il, 7 ay, 3 gün) güzəştli iş stajı kimi hesablamışdır. Bu dövr ərzində iddiaçı “Kaspar”ın təmir-tikinti idarəsində fəhlə, dülgər, usta, tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının əvvəlki iş yeri üzrə iş icraçısı vəzifəsində işləməsi mübahisələndirilməmiş və xüsusi iş stajı kimi hesablanmışdır. Lakin eyni mövqe iddiaçının xx.xx.1990-xx.xx.2009-cu il tarixləri arasındaki dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi “Azərbaycan X8” QSC-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Tikinti-təmir sahəsinin Tikinti təmir sahəsinə münasibətdə sərgilənməmişdir. İmtinanın, iddiaya etirazın o cümlədən apellyasiya şikayətinin dəlillərinin eyni olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hər iki idarənin təmir-tikinti sahəsində ixtisaslaşdığı onların adlarından bəllidir. Hər iki idarədə iş icraçısı vəzifəsinin nəzərdə tutulması, həmin idarələrin təmir-tikinti işləri ilə məşğul olmasına dəlalət edir. İddiaçının iş stajına daxil edilən əvvəlki təmir tikinti idarəsinin və iş stajına hesablanmayan tikinti təmir sahəsinin fəaliyyət istiqamətlərinin bir-birindən fərqinin nədən ibarət olması barədə inzibati orqan tərəfindən hər hansı dəlil gətirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyi təsdiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və ona inzibati orqana bununla bağlı müraciət etdiyi 2022-ci il fevral ayından əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissəsinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12302/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar