Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1806/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3918/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-290/1 nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan vətəndaşı və Qəzni vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi şəriki ilə birlikdə borc almaq məqsədilə getdiyi şəhərdə məsciddə gecələməli olub və bu zaman ehtiyatsızlıqdan şamın aşması nəticəsində məsciddə Quran kitabı zədələnib. Səhərisi isə məscidin mollası və digərləri onların qəsdən dini kitaba zərər vurduqları iddiası ilə onları tutublar. Ərizəçi və şərikinin borclusu borcun bağışlanması müqabilində onları gizlicə məsciddən çıxartmış, lakin məscidin axundu və digərləri ərizəçiləri dini küfür adı altında axtardıqları və təqib etmək istədikləri üçün ərizəçi ölkəni tərk etməli olub. Ərizəçi xx xxxxxxxx 2019-cu ildə Azərbaycana gəlmişdir. xx xxxxxxxx 2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparmışdır. O, bildirib ki, onun dini inancı olmadığına görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. xx xxxxxx 2019-cu ildə Dövlət Miqrasiya Xidmətinin İQ-290/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatəti rədd edilmişdir. Cavabdehin qərarını onunla əsaslandırılmışdır ki, ərizəçinin iddiaları əsaslı deyildir. İddiaçı cavabdehin qərarından inzibati şikayət vermiş və 58 saylı xx.xx.2020-ci il qərarla inzibati şikayət rədd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-290/1 nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3918/2020 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi rədd edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3918/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - 30.09.2019-cu il tarixli ***-**** saylı vəsatətin (ərizə-anket) 1 №-li əlavəsinə əsasən X1 Jamal 1371-ci il (pasportunda xx.xx.1992-ci ildə doğulduğu qeyd edilib) Qəzni vilayəti, Qarabağ ulusvaliliyi, Qolyaqol kəndində anadan olmuşdur.Anketə əsasən o, birinci dəfə səyahət məqsədilə Özbəkistana getdiyini, təxminən 20 gün Daşkənddə qaldığını, sonra da Əfqanıstana qayıtdığını, ikinci dəfə isə Kabildə istehsal etdiyi mallar üçün bazar tapmaq məqsədilə Mohammad Heydar adlı şərikilə birlikdə Özbəkistana getdiyini, təxminən bir həftə Daşkənddə qaldığını, 3-cü dəfə isə Azərbaycana gəlmək məqsədilə Daşkəndə gəldiyini, orada 4 gün qaldıqdan sonra Azərbaycana gəldiyini, Azərbaycanda BMT QAK-ın fəaliyyət göstərdiyini, Azərbaycanın qaçqın qəbul etdiyini, həm də Azərbaycanda asanlıqla iş tapmağın mümkünlüyü barədə hələ Əfqanıstanda olanda ona dediklərini,məqsədinin Azərbaycana gəlmək olduğunu, İranda iş barədə vəziyyətin yaxşı olmadığını, bu səbəbdən atasının yanına getmədiyini, ölkəsini tərk etmə səbəbinin təhdid olunduğu,mollalar,ağsaqqalar tərəfindən həyatı üçün təhlükə olduğunu bildirmişdir. Əlavə olaraq, 1398-ci ilin couza ayının axırlarında (2019-cu il, iyun ayının 15-20-si) Ciğətuya getdiyini, Ramazan bayramından təxminən 10 gün sonra, həmin gündə də məsciddə həmin hadisənin baş verdiyini,məsciddə yuxuya gedəndən sonra pəncərə qabağına qoyduğu yanılı şamın aşdığını, şamın yanında olan bir neçə Quran kitabının az da olsa yandığını, buna görə də onları edam etmək istədiklərini, sonra da, onları İsmət adlı borclularının qaçırtdığını, burada qaçqın kimi qəbul edilməsini xahiş etdiyini, işləməyə imkan yaradılmasını, burada sex açmaq istədiyini, idman malları istehsal etmək istədiyini qeyd etmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ- 290/1 saylı qərarının surətindən görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 58 saylı qərarının surətindən görünür ki, qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-290/1 saylı qərarından Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ***-**** nömrəli vəsatətə (ərizə-anket) əsasən İddiaçı Əfqanıstanda anadan olduğunu, 6 yaşında məktəbə getdiyini, 10-cu sinfə qədər Kabil şəhərinin Dəşti-Bərçi məntəqəsində “X2” məktəbində oxuduğunu, 11 və 12-ci sinifləri Kabil şəhərinin Karteye çəhar məntəqəsinin “Qazi” adlanan liseydə oxuduğunu, 2012-ci ildə Kabil universitetinin iqtisadiyyat fakültəsinə qəbul olmuş, 2015-ci ildə universiteti bitiridiyini qeyd etmişdir. 2015-ci ildə əmək fəaliyyətinə başlamış, idman malları tikən sexə rəhbərlik etmişdir. Həmin sexi qrup yoldaşı Məhəmməd Heydərlə birlikdə açmış, şərik idilər. Azərbaycana gələnə kimi bu işlə məşğul olmuşlar. Qarşılaşdıqları problemlə bağlı Əfqanıstanı tərk etdiklərini, məsciddə mollanın camaatı başına yığıb bunları ya edam ya daşlayarıq deməsindən başqa onu təhdid edən olmadığını bildirmişdir. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli, 2959-2019 nömrəli vəsatətin (ərizə-anket) 1 №-li əlavəsi olan müsahibə zamanı qeyd edilənlərə əsasən ərizəçi ilk iki dəfə Özbəkistana səyahət və işlə bağlı getdiyini, üçüncü dəfə isə Azərbaycana gəlmək məqsədilə Daşkəndə gəldiyini qeyd etmişdir. Müştərilərdən biri Azərbaycana getməyini məsləhət görmüş, atası 4 il bundan əvvəl İrana gedib, ona az pul göndərdiyini, atasının İranda yaşamaq icazəsi var. Mollalar, ağsaqqallar tərəfindən təhdid olunduğunu bununla əlaqədar olaraq Əfqanıstana qayıtmaq istəmədiyini bildirmişdir. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı mollalar, ağsaqqallar tərəfindən təhdid olunduğunu bildirsə də, əldə olunmuş nəticələr təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçının qaçqın statusunun verilməsi haqqında vəsatəti əsaslı olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3918/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3918/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1806/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1806/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver