Məhkəmə qərarları › İş №2-1(103)-1806/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1806/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1806/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X9 və X12 cəlb edilməklə “bağ sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, X10 xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 21 faizlə 84 ay müddətinə 100 000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-96/2021 saylı qətnaməsinə əsasən borclu X2 90287,67 manat əsas borcu, 64174,28 manat faiz borcunun və 17706,04 manat cərimənin, cəmi 213277,31 manat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinə/torpaq sahəsinə yönəldilməsi, həmin bağ sahəsinin/torpaq sahəsinin hərracdan satılması, həmin əmlakın satışından əldə edilən pul vəsaiti hesabına X4 Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa X6 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X10 və maraqlı şəxs X12 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında İddiaçı ASCnin X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş iddiaçı X7 cavabdehlər X11, X8 və X6 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə və İddiaçı ASCyə) qarşı torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş eyni icraatda birləşdirilmişdir. Həmin iş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanına müraciət ünvanlanmış, lakin müraciət təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20 M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir. Qeyd olunan torpaq sahəsinə dair sxematik xəritə olmadığından şərti göstərilən torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-344/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı X7 iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 “L” saylı bağ sahəsinə dair X13 adına verilmiş və Bakı şəhəri, Hövsan qəsəbəsi, 20 “M” saylı bağ sahəsinə dair X5 adına verilmiş xx.xx.2013-cü il tarixli planlar ləğv edilməsi qərar alınmışdır. Qərar qanuni qüvvəyə minmişdir. Torpaq sahəsinin həqiqi yerləşmə yeri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, müvafiq torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasına etiraz etmədiyini bildirdi. Tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 , onun nümayəndəsi və vəkili X16 və üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə və ipoteka müqaviləsinə əsasən X10 "xxxx" Bankdan kredit götürmüş və həmin kreditin qaytarılmasının təminatı kimi daşınmaz əmlakını - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20M saylı bağı bank qarşısında ipoteka ilə yüklü etmişdir; - İddiaçının Əmlak Xidmətləri Məkanına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışla X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən İbarət 20M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsini və bu barədə iddiaçıya məlumat verilməsini xahiş etmişdir; - Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 29(103)-2669/2002 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Nərimanov rayon məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(005)-96/2021 saylı qətnaməsi ilə borclu X2 90287,67 manat əsas borcun, 64174,28 manat faiz borcunun və 17706,04 manat cərimənin, cəmi 213277,31 manat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinə/torpaq sahəsinə yönəldilməsi, həmin bağ sahəsinin/torpaq sahəsinin hərracdan satılması, həmin əmlakın satışından əldə edilən pul vəsaiti hesabına X4 Banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa X6 verilməsi qət edilmişdir, həmin qətnamədən cavabdeh X10 və maraqlı şəxs X12 tərəfindən apellyasiya şikayəti verilmişdir.Bakı Apellyasiya Məhkəməsinin icraatında İddiaçı ASC-nin X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş iddiaçı X7 cavabdehlər X11, X8 və X6 (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinə və İddiaçı ASC-yə) qarşı torpaq sahəsinə qanunsuz sahibliyə son qoyulması, çıxarışın etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş ilə eyni icraatda birləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-84/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-1703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1991/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)- 653/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)-1177/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərardadı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-344/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)-1275/16 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 2-1(102)-1774/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtiasadi kollegiyasının 2-1(103)-139/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(102)- 1074/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)- 60/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü,bağ sahələrnin istifadəyə verilməsi haqqında müqavilələrin kserosurətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: - 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. “İpoteka haqqında” Azəbaycan Respublikasının Qanunun 26-cı maddəsinə əsasən: 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20 M saylı bağ sahəsi/torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətində olsa da iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən X3 torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa və torpaq sahəsinə dair X1 əvvəlki mülkiyyətçi olan İslam Kazımovun adına verilmiş torpaq sahəsinin planı vaxtilə tərtib edilmiş olsa da hal-hazırda qanuni qüvvəyə minmiş Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-344/2016 nömrəli qərarı ilə ləğv edilmişdir, hal-hazırda iddiaçıya ipoteka qoyulmuş torpaq sahəsinin planı mövcud deyildir. İddiaçı torpaq sahəsinin naturada yerinin və koordinatlarının müəyyən edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.4.-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.7-ci bəndinə əsasən dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək;3.1.21-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək;3.1.26-cı bəndinə əsasən ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.1.36-cı bəndinə əsasən mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra edərək iddiaçının ipotekasında olan torpaq sahəsinin naturada yerini və koordinatlarını müəyyən etməkdən imtina etdiyi üçün qanunsuz hərəkətsizliyə yol vermiş, iddiaçı da pozulmuş hüquqlarının bərpası ilə yaranmış mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmiş, apellyasiya şikayəti isə formal olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində torpaq sahəsinin həqiqi yerləşmə yerinin məhkəmə tərəfindən araşdırılmadığını göstərsə də, qüvvədə olan qanunvericilik normalarına əsasən torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifələrinə aid olmasını və göstərilən halın inzibati icraat zamanı araşdırılmalı olmasını nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar