Məhkəmə qərarları › İş №2-1(103)-1807/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1807/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1807/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dayandırılmış pensiyanın bərpa edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1992/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş, lakin 01 iyun 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və 01 iyun 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1960-cı ildə Salyan rayonunun Nəvahi kəndində doğulmuşdur. 12 may 1980-ci ildən 12 iyun 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 01 iyul 1977-ci ildən 12 may 1985-ci ilə qədər 1 nömrəli Yol Tikinti İdarəsində fəhlə, 26 avqust 1982-ci ildən 06 may 1992-ci ilə qədər Ələt ağac emalı kombinatında operator, 08 iyun 1992-ci ildən 06 iyun 1994-cü ilə qədər AzQaz X2 Kalmas yeraltı qaz saxlama stansiyasında üçüncü dərəcəli texnoloji kompressorların maşinisti, 04 iyul 1994-cü ildən 26 avqust 1994-cü ilə qədər "xxxx" QSC-nin Sənqəçal stansiyasında baş konduktorun şagirdi, 26 avqust 1994-cü ildən 19 oktyabr 2000-ci ilə qədər Sənqəçal stansiyasında baş konduktor, 19 oktyabr 2000-ci ildən 02 sentyabr 2013cü il qədər Puta stansiyasında baş konduktor, 02 sentyabr 2013-cü ildən 01 noyabr 2018ci ilə qədər həmin stansiyada yük qatarlarının konduktoru vəzifəsində işləmişdir. 57 yaşı tamam olduğu tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını tamamladığından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ASAN Xidmət vasitəsi ilə DSMF-nin Qaradağ rayon Şöbəsinə müraciət etmişdir. Həmin müraciəti əsasında ona DSMF-nun Qaradağ rayon Şöbəsi tərəfindən 10 yanvar 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bir müddət əmək pensiyası aldıqdan sonra 01 iyun 2019-cu il tarixdə pensiyasının ödənişi dayandırılmışdır. Bununla əlaqədar, DSMF-yə müraciət etdikdə, ona bildirmişlər ki, onun 26 avqust 1994-cü ildən 02 sentyabr 2013-cü ilə qədər “baş konduktor” işlədiyi vəzifə güzəştli peşələr siyahısında mövcud olmamışdır. Həmin hal, DSMF tərəfindən müəyyən edildikdən sonra səhv təyinat aparılmış pensiya dayandırılmışdır. Qeyd olunan anlaşılmazlığın aradan qaldırılması ilə əlaqədar işlədiyi "xxxx" QSC-yə müraciət etmişdir. İşə götürən müəssisə ona izah etmişdir ki, işlədiyi baş konduktor vəzifəsi faktiki olaraq güzəştli siyahıda olan yük konduktorlarının peşə xüsusiyyətlərini özündə əks etdirir. Bununla bağlı, "xxxx" QSC tərəfindən ƏƏSMN-nin müavininə müvafiq izahedici məktub göndərilmişdir. Həmin məktubdan görünür ki, baş konduktor vəzifəsi işəgötürən müəsissə tərəfindən hərfi olaraq “baş konduktor” kimi qeyd olunsa da, əslində həmin vəzifə yük qatarlarının konduktoru kimi başa düşülməlidir. Müəssisə tərəfindən qeyd olunan nöqsan aşkar edildikdən sonra 2013-cü ilin 23 avqust tarixində, 71 s nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarına uyğun olaraq “baş konduktor” və konduktor vəzifələri yük qatarlarının konduktorları adlandırılmışdır. Bununla əlaqədar, 02 sentyabr 2013-cü il tarixdə onunla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişiklilər edilərək icra etdiyi baş konduktor vəzifəsinin adı yük qatarlarının konduktoru olaraq qeyd edilmiş və o, həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, 1994-2013-cü illər ərzində icra etdiyi baş konduktorun əmək funksiyaları yük qatarlarının konduktoru vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Adıçəkilən məktub nazirliyə göndərilsə də, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, onun pensiyasının bərpası istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır. Qanunda qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomativ briqalarının fəhlələri və ayrı-ayrı kateqoryalı işçilər bəndində (21.4) “yük qatarlarının konduktorları” vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 iyul 1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında 26.08.1994-02.09.2013-cü il tarixləri dövr ərzində "xxxx" QSC-nin Səngəçal və Buta stansiyalarında “baş konduktor” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1992/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı təyin edilmiş, lakin 01 iyun 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və 01 iyun 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə və iddiaya dair etirazına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda izahat verərək apellyasiya şikayətinə etiraz etmiş və apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 01 iyul 1977-ci ildən 12 may 1985-ci ilə qədər 1 nömrəli Yol Tikinti İdarəsində fəhlə, 26 avqust 1982-ci ildən 06 may 1992-ci ilə qədər Ələt ağac emalı kombinatında operator, 08 iyun 1992-ci ildən 06 iyun 1994-cü ilə qədər AzQaz X2 Kalmas yeraltı qaz saxlama stansiyasında üçüncü dərəcəli texnoloji kompressorların maşinisti, 04 iyul 1994cü ildən 26 avqust 1994-cü ilə qədər "xxxx" QSC-nin Səngəçal stansiyasında baş konduktorun şagirdi, 26 avqust 1994-cü ildən 19 oktyabr 2000-ci ilə qədər Sənqəçal stansiyasında baş konduktor, 19 oktyabr 2000-ci ildən 02 sentyabr 2013-cü il qədər Puta stansiyasında baş konduktor, 02 sentyabr 2013-cü ildən 01 noyabr 2018-ci ilə qədər həmin stansiyada yük qatarlarının konduktoru vəzifəsində işləmişdir. -НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, 12 may 1980-ci ildən 12 iyun 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş D-10/3 nömrəli, 13 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Dəmir Yollarının stansiyalarında halhazırda Qatar tərtibçiləri və yük qatarların konduktorları vəzifələri fəaliyyət göstərməkdədir. Yaranmış istehsalat zərurəti ilə əlaqədar Yol rəisinin 23 avqust 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/s saylı əmrinə əsasən “baş konduktor” vəzifəsi “yük qatarlarının konduktoru” vəzifəsi ilə əvəz edilmişdir. Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər. -İş materiallarına əlavə edilmiş qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktorunun vəzifə təlimatlarından görünür ki, Qatar tərtibçisi, yük qatarlarının konduktoru və baş konduktor bu vəzifələrdə dəmir yolunda eyni işləri yerinə yetirirlər. -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sədrininin 23 avqust 2013-cü il tarixli “Peşə adlarının dəyişdirilməsi haqqında” 71/S saylı əmrinin surətindən görünür ki, bütün stansiya və müəssisələrin aidiyyəti sənədlərində müvafiq dəyişiklilər edilməklə sahə dispetçeri vəzifəsinin adı qatar dispetçeri, baş konduktor, konduktor vəzifələrinin adları, yük qatarlarının konduktorları, çeşidləmə təpəsinin növbətçisi və çeşidləmə təpəsinin opertoru vəzifələrinin adları tərtibat təpələrinin növbətçisi və operatoru ilə əvəz edilmişdir. -"xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininə ünvanlanmış məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Puta stansiyasında yük qatarlarının konduktoru vəzifəsində işləmiş İddiaçı ərizə ilə Cəmiyyətə müraciət edərək, 10 yanvar 2017-ci il tarixdə 57 yaşında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 01.06.2019-cu il tarixdən dayandırıldığını, bunu onun yük qatarlarının konduktoru vəzifəsində stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajından az təşkil etməsi ilə izah edildiyini bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq bildirir ki, İddiaçı əmək funksiyalarını 26 avqust 1994-cü il tarixdən 19 oktyabr 2000-ci il tarixədək Səngəçal stansiyasında baş konduktor, 19 oktyabr 2000-ci il tarixdən 02 sentyabr 2013-cü il tarixədək Puta stansiyasında baş konduktor vəzifələrində, 02 sentyabr 2013-cü il tarixdən 01 noyabr 2018-ci il tarixədək isə vəzifə adından edilmiş dəyişikliyə əsasən yük qatarın konduktoru vəzifəsində həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 21.4-cü bəndinin birinci abzasına əsasən “yük qatarlarının konduktorları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr sırasında müəyyən edilmişdir. Lakin, qeyd edilməlidir ki, bu adda vəzifə 2013-cü ilədək "xxxx" ASC-də mövcud olmadığından həmin vəzifə üzrə funksiyaları icra edən baş konduktor və konduktor vəzifələrində çalışan şəxslərin güzəştli pensiya hüququndan istifadə etmələrində çətinlik yaradırdı. Göstərilən səbəbdən, Cəmiyyət sədrinin 23 avqust 2013-cü il tarixli, 71/S nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq “baş konduktor” və “konduktor” vəzifələri “yük qatarlarının konduktorları” adlandırılmışdır. Bununla əlaqədar, 02 sentyabr 2013-cü il tarixdə İddiaçıla əmək münasibətlərini əks etdirən sənədlərdə müvafiq dəyişiklilər edilərək icra etdiyi “baş konduktor” vəzifəsinin adı “yük qatarlarının konduktoru” olaraq qeyd edilmiş və İddiaçı həmin tarixdən mövcud əmək funksiyalarını yük qatarlarının konduktoru vəzifəsi adı altında davam etdirmişdir. İddiaçı 26 avqust 1994-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək icra etdiyi “baş konduktor”un əmək funksiyaları (yük qatar və vaqonlarının qəbulu, təhvili, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanılması, qatarın avtomat tormozlarının sınağında iştirakı, mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi, habelə manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərlik funksiyaları) “yük qatarlarının konduktoru” vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir. -cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16 sentyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi ilə müəyyən edilmiş tələb olunan güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş və İddiaçı təyin edilmiş, lakin 01 iyun 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və 01 iyun 2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və qeyd edir ki, işdə olan kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, cavabdehin etirazda əsaslandığı illər üzrə - 26.08.1994- 02.09.2013-cü il tarixləri ərzində "xxxx" QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsi, Cəmiyyətin sədrinin 23 avqust 2013-cü il tarixli, 71/S nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına uyğun olaraq “yük qatarlarının konduktorları” adlandırılmışdır. İddiaçı 26 avqust 1994-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək icra etdiyi “baş konduktor”un əmək funksiyaları (yük qatar və vaqonlarının qəbulu, təhvili, hərəkət heyətinə yüklərin vurulması və qatarların təşkil edilməsinin düzgünlüyünün yoxlanılması, qatarın avtomat tormozlarının sınağında iştirakı, mənzildə dayanma zamanı qatarın çəpərlənməsi və onun tormoz başmaqları və əl tormozları vasitəsilə bərkidilməsi, habelə manevr işinin yerinə yetirilməsi və aralıq stansiyalarında xidmət etdikləri yığma, ötürmə və qatarlarla manevrlərdə iştirak edən işçilərin fəaliyyətinə rəhbərlik funksiyaları) “yük qatarlarının konduktoru” vəzifəsinin işinin xüsusiyyətləri ilə eynilik təşkil edir. Göründüyü kimi, İddiaçı 26.08.1994-02.09.2013-cü il tarixləri ərzində "xxxx" QSC-nin Səngəçal və Buta stansiyalarında işlədiyi “baş konduktor” peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşə olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğu halda, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq, 10.01.2017-ci il tarixdə iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçı tərəfindən təqdim edilməsinə baxmayaraq, sübutlar nəzərə alınmamış, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin, iddiaçıya təyin edilmiş pensiyasının dayandırılması ilə müşaiyət olunan hərəkətlərini əsassız saymaqla hazırki iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3--cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 04 iyul 1994-cü ildən 02 sentyabr 2013-cü ilədək "xxxx" QSC-nin Səngəçal və Puta stansiyalarında işlədiyi “baş konduktor” peşələri (vəzifələr) AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı dəmiryol lokomotiv briqadaları fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) “yük qatarlarının konduktorları” vəzifələrinin xüsusiyyətləri eyni xarakterli olduğundan "xxxx" QSC-nin 23 avqust 2013-cü il 71/s saylı əmri ilə “baş konduktor”, “konduktor” vəzifələrinin adları “yük qatarları konduktorlar” adı ilə əvəz edilmişdir. Belə olduğu halda iddiaçının “yük qatarlarının konduktoru” kimi işlədiyi güzəştli iş stajının müddəti 24 ildən çox təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1992/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar