Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1807/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş edən şəxslər X6, X4 və onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abunə kodunun açılması və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10763/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadından X8 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək cavabdehin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsi, iddia tələbinin elektrik enerjisinin verilməsi ilə iddiaçının adına abunə kodunun açılması, sayğacın quraşdırılması, müqavilənin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş və dəqiqləşmə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. X8 və X6 məhkəməyə ərizə (vəsatət) ilə müraciət edərək, üçüncü şəxs qismində icraata cəlb edilməsini, həmin məhkəmə qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdilər. Ərizə onunla əsaslandırılmışdır ki, torpaq sahəsi və orada olan yaşayış sahələri faktiki onlara məxsusdur. İddiaçının da onlara məxsus əmlakdan çıxarılması barədə rayon məhkəməsində iddia qaldırılmışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə qərarın qəbulu hüquqlarının pozulmasına səbəb olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) X8 və X3 üçüncü şəxs qismində icraata cəlb edilməsi, qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə ərizələri təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X8 və X6 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10763/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, onların hazlrki inzibati mübahisəyə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə, 21 avqust 2023-cü il tarixli qərarın ləğv edilərək icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3700/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə məhkəmə tərəfindən işin faktiki halları, təqdim edilən sənədlər araşdırılmadan səhv nəticəyə gəlinmişdir. Tərəflərindən torpaq sahəsinə dair müvafiq sənədlər (rəy, alqı-satqı, kadastr planı və s.) təqdim edilsə də, məhkəmə tərəfindən müvafiq dövlət reyestrində çıxarışın olmaması əsas götürülərək ərizə təmin edilməmişdir. Lakin qeyd olunur ki, abunə kodu çəkilməsi nəzərdə tutulan ev onlara ayrılmış torpaq sahəsi üzərində olan və onlara məxsus evə dair icra edilmişdir. Digər bir tərəfdən iddiaçıya məxsus hər hansı bir sənəd ümumiyyətlə yoxdur. Bu hallar tamamilə əsassızdır və işin natamam, birtərəfi, qərəzli mövqedən araşdırılmasını göstərir. Bunun da nəticəsində məhkəmə tərəfindən tətbiq edilməli maddi hüquq norması deyil, ərizənin təmin edilməməsinə yönəldilmiş maddi hüquq norması tətbiq edilərək qərardad çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçilər hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin olunması və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10763/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 №-li, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Həmin Qərardadın 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Həmin Qərardadın 37-ci bəndinə əsasən hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Qeyd olunan Qərardadın 38-ci bəndinə əsasən cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, istər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində, istər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Qərarında, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadında üçüncü şəxs statusunda tanınma ilə bağlı meyar qanunla qorunan maraqlarına toxunma ilə əlaqələndirmişdir. Başqa sözlə, qanunvericilik və məhkəmələrin üçüncü şəxsin cəlb edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, əgər baxılan və ya baxılmış iş şəxsin qanunla qorunan maraqlarına toxunursa həmin şəxsin icraata cəlb edilməsindən söhbət gedə bilər. Məhkəmə isə, hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qərar ərizəçinin marağına uyğun olmasa, marağını pozsa belə, hər hansı qanunla qorunan marağının pozuntusundan söhbət gedə bilməz. İşin faktiki hallarından göründüyü kimi məhkəmə iddiaçının hüquqmüəyyənedici sənədi yaşayış sahəsinə olmasa belə, Nərimanov Rayon Bələdiyyəsinin yaşayış sahəsinin iddiaçıya məxsus, yəni iddiaçının faktiki istifadəsində olması barədə arayışa, eləcə də X5 Agentliyinin Bakı Filialının aidiyyəti məktubuna istinad edərək inzibati icraatla bağlı qanunvericiliyin təməl prinsiplərindən biri kimi bərabərlik hüququna istinad edərək iddia tələbini təmin etmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sənədlərdən biri kimi də X8, yəni hazırkı iş üzrə ərizəçilərdən birinin ərizəsi də məhkəməyə təqdim edilmişdir ki, 21 dekabr 2022-ci il tarixli həmin ərizədə ərizəçi fərdi yaşayış evinə yeni işıq sayğacının quraşdırılmasına və abonent kodu verilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı ərizənin rədd edilməsinin bir-sıra əsasları mövcuddur ki, ilkin olaraq ərizəçinin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı hüquqlarının mövcud olub-olmaması barədə aşağıdakılar qeyd edilməlidir. Belə ki, ərizəçilərin torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsi ilə bağlı nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından onun qorunmasından, onun pozulmasının təminatından söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə də müəyyən edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ərizəçilərin isə həmin əmlaka heç bir hüququ mövcud deyil. Ərizəçilərin həmin yaşayış sahəsində nə vaxtsa faktiki yaşamalarına münasibətdə qeyd edilməlidir ki, faktiki yaşama nə qədər ki, ərizəçilər tərəfindən faktiki yaşamaya təminat verəcək hüquqmüəyyənedici sənəd təqdim edilmir, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməyə əsas qismində çıxış edə bilməz. Beləliklə, ərizəçinin faktiki yaşayış sahəsində nə vaxtsa yaşaması belə hüquqmüəyyənedici sənədlə, dolayısı ilə qanunla təminatlandırılmadığından onun qanunla qorunan maraqlarına sərəncamın xələl gətirildiyi nəticəsinə gəlinməsi üçün yetərli hesab edilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin şəxslər nəinki zəruri cəlb etmə, hətta adi cəlb etmə qaydasında da məhkəmə icraatının iştirakçısı qismində işə cəlb edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizəçilərin rayon məhkəməsinə iddia qaldırmaları da işin hazırkı mərhələsində qanunla qorunan hər hansı marağın mövcudluğu anlamına gəlmir. İş materiallarına surəti əlavə edilmiş iddia ərizəsində qeyd edilir ki, ərizəçilər mübahisəli yaşayış sahəsinin satılması qənaətinə gəlmiş, 30 min manata satmaq qərarına gəlmiş, 10000 manat ödənilsə də, geridə qalan məbləğ ödənilməmişdir ki, bu səbəbdən də hazırkı iş üzrə iddiaçı yaşayış sahəsindən çıxarılmalıdır. Lakin, nəzərə alınmalıdır ki, həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilərək yaşayış sahəsindən çıxarılma barədə iddianın təmin edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Üçüncü şəxs qismində qoşulma barədə ərizənin həmin iş üzrə yekun qərar qəbul edilənədək dayandırılması formasında prosessual imkan isə mövcud deyil. Nə qədər ki, həmin iddia təmin edilməmiş, qərar qüvvəyə minməmişdir məhkəmə qətnaməsi əsasında ola biləcək hər hansı qanunla qorunan hüququn realizəsi hazırkı mərhələdə mümkün deyil. Nəzərə alınmalıdır ki, həmin iddia təmin ediləcəyi qərar qüvvəyə minəcəyi təqdirdə şəxs hazırkı ərizə ilə müraciət etmək əvəzinə fərdi yaşayış sahəsinə dair heç bir sənəd mövcud olmadan, qanunla qorunan hüquqların mövcudluğuna dair hər hansı məhkəmə qərarı mövcud olmadan hazırkı ərizə verilmişdir ki, yuxarıda istinad edildiyi kimi qanunla qorunan maraq mövcud deyildir, maraq faktiki maraq çərçivəsindədir, məhkəmə qərarının ləğvi üçün əsas da mövcud olmamışdır. Qeyd edilməlidir ki, ərizə üzrə işin faktiki hallarının araşdırılması zamanı müəyyən edilir ki, hazırda iddiaçı və ərizəçilər arasında yaranmış mülki xarakterli mübahisə yaşayış sahəsinin rəsmi olmasa da faktiki alqı-satqısının, ödənişlərinin gecikdirilməsi hallarının olub-olmaması ilə bağlıdır ki, mülki icraatın predmeti olan həmin mübahisənin həlli həyata keçirilmədən hazırkı ərizənin təmini əsasından söhbət gedə bilməz. Həmçinin işə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs qismində qoşulmaq istəyən şəxslərdən biri qeyri-rəsmi əmlakın iddiaçının faktiki sahiblik və istifadəsinə verilməsinə yönələn tədbir çərçivəsində notariat ərizə təqdim etməklə abonent kodunun açılması, yəni hazırkı iş üzrə iddianın əsasını təşkil edən cavabdehə edilmiş iddiaçının müraciətinin təmininə etiraz etməməsinə dair iradə ifadəsini nümayiş etdirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin 21 dekabr 2022-ci il tarixdə vermiş olduğu ərizə zamanı iradə ifadəsində, sonradan dəyişiklik olunması halı istər onun, istərsə də yaxın qohumu olan digər şəxslə birlikdə verdiyi ərizə nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə uyğun olaraq dövlət adından çıxarılmış qərarın ləğvinə əsas ola bilməz. Bu zaman ərizə verən şəxslərin ümumiyyətlə fərdi yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmaması da nəzərə alınmalıdır. Əgər hüquqmüəyyənedici sənəd yoxdursa, deməli hüquq da yoxdur, hüquq mövcud deyildirsə onun qanunla qorunmasından da söhbət gedə bilməz, qanunla qorunan hüquqi marağın mövcud olmaması isə yuxarıda göstərilən qanunvericilik aktlarında zəruri cəlbetmə üçün zəruri şərt kimi qanunla qorunan marağın mövcud olmamasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10763/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1807/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1807/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver