Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1808/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1483/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun adına ünvan 1 ünvanında yerləşən qaraja dair Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 saylı sərancamına əsasən texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qaraj Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 saylı sərəncamına əsasən ona verilmişdir. O zamanlar iddiaçı Aslanova soyadında olduğu üçün sərəncamda adı X1 qeyd olunub, boşandıqdan sonra əvvəlki soyadına qayıtmışdır. Qaraj neçə illərdir ki, istifadəsindədir, 1995-ci ildən istifadə edir. Qaraja dair texniki pasport və çıxarış verilmir. Səbəb kimi göstərilir ki, texniki pasport verilməsi üçün qarajın plan sxemi verilməlidir ve yerləşdiyi yer plan sxemdə göstərilməlidir, amma qarajın yerini müəyyən edən, plan sxem hazırlayan və onun əsasında ilkin texniki pasportu verən orqan cavabdeh DƏDRX-dir. Cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin plan sxem verməli olduğunu və yerini müəyyən edərək göstərməli olduğunu bildirir. İddiaçının 14 saylı MKİS-dən plan sxemi var, lakin DƏDRX qəbul etmir, baxmayaraq ki sərəncam da 14 saylı MKİS-ə havalə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8202/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Nəsimi rayonu, Qulu Quluyev (keçmiş Mendeleyev) küçəsi 8 ünvanında yerləşən qaraja dair Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 saylı sərancamına əsasən texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir və qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində inşa edilmişdir. Təqdim edilmiş cizgiyə əsasən qarajın sahəsi 28.0 kv.metr, faktiki sahəsi isə 24.4 kv.metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməsinin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 302 saylı Qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilən sənədlərə əlavə olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1483/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1483/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 nömrəli fərdi sahibsiz qarajın başqa şəxsin adına keçirilməsi haqqında sərəncamından görünür ki, “Nəsimi Rayon İcra Hakimiyyəti Aparatına Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzilin sakini X3 ərizə ilə müraciət edərək, qonşu həyətdə yerləşən sahibsiz qarajı onun adına keçirilməsini xahiş edir. Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində olan sahibsiz qaraj 5 ildir ki, G.T.Aslanova tərəfindən istifadə edilir. Təqdim olunan sənədlərdən məlum olur ki, G.T.Aslanova Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzildə yaşayır və onun adına AГİOBC-96 dövlət nömrəli fərdi minik avtomobili var. Qeyd edilən sərəncamla qərara alınmışdır: Vət. G.T.Aslanovanın ərizəsi və 14 nömrəli MİS-nin xx.xx.1995-ci il tarixli 14 nömrəli arayışı nəzərə alınsın. - Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzilin sakini G.T.Aslanova tərəfindən uzun müddət istifadə edilən, Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində yerləşən sahibsiz qaraj G.T.Aslanovanın adına keçirilməsinə icazə evrilsin. - Vət. G.T.Aslanovaya xəbərdarlıq edilsin ki, ərazidə ümumi abadlıq, yenidənqurma işləri aparılacaq təqdirdə rayon İcra Hakimiyyətinə heç bir irad tutmadan qarajı sözsüz götürməlidir. - Sərəncamın surətləri 14 nömrəli MİS-nə və 20 nömrəli polis bölməsinə məlumat üçün rayon MTİ-nə icarə müqaviləsi bağlanması üçün göndərilsin. - Sərəncamın icrasına nəzarət 14 nömrəli MİS-nə həvalə edilsin” xx.xx.2005-ci il tarixli, AZ-İ 051506 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Aslanov, qadına Əfəndiyeva soyadı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8202/2021 nömrəli, xx.xx.2021-ci il tarixli sorğusu ilə Nəsimi Rayon İcra Hakimiyyətindən İddiaçı ünvan 4 ünvanında yerləşən qarajın tikintisi ilə bağlı bütün hüquqmüəyyənedici və texniki sənədlərin surətlərinin təqdim edilməsi tələb olunmuş, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 6/675 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Əfəndiyeva (Aslanova) Gülnarə Tahir qızına həmin qaraja dair Nəsimi RİH Başçısının 285 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı verilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün 5 il müəyyən edilir. Odur ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 285 saylı, xx.xx.1995-cı il tarixli sərəncamın və digər sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə Dövlət Arxivinin Bakı şəhər filialına müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-03560-2021 nömrəli məktubu ilə vət. X3 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 285 saylı sərəncamının təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət olmaqla göndərilmişdir. Sərəncama cizgi, sxem, yerləşmə planı və s. sənədlər əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 14 saylı MKİS-nin təqdim etdiyi məktubda bildirilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının fərdi sahibsiz qarajın xx.xx.1995-ci il tarixli 285 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, keçmiş Mendeleyev (hal-hazırda Q.Quliyev) küçəsi 8 nömrəli binanın həyətində yerləşən vətəndaş G.T.Aslanovanın adına keçirilmiş qaraj daşdan tikilidir, sahəsi 28.0 kv.m-dir, Nəsimi rayonu ərazisində yerləşir və müvafiq ödəniş qəbzləri var. Məktuba qarajın planı və qeyri-yaşayış sahələrindən istismar haqqı üçün ödəniş dövrü 2019, 2020, 2021-ci illər olan 3 ədəd qəbz əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********38 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev küçəsi, 8 nömrəli qeyri-yaşayış binasına (qaraj) texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8- ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim etdiyiniz yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə huququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı iiə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində yerləşən sahibsiz qarajın həmin binada yaşayan iddiaçının adına keçirilməsi qərara alınmış, lakin sərəncamda sözügedən qarajın sahə ölçüsü göstərilməmişdir. Eləcə də sərəncama qarajın yerləşmə planı, texniki vəziyyətini göstərən hər hansı sənəd (cizgi, plan və s.) əlavə edilməmişdir. Eyni zamanda sözügedən sərəncamda “ərazidə ümumi abadlıq, yenidənqurma işləri aparılacaq təqdirdə qarajın sözsüz “götürülməsi” qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 14 saylı MKİS-nin mühəndisi tərəfindən əl ilə tərtib edilmiş planda qarajın sahəsinin 28 kv.m olduğu göstərilmişdir. Halbuki, qeyd edildiyi kimi qeyri-yaşayış sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədin özündə - Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 nömrəli sərəncamında qarajın sahə ölçüsü barədə hər hansı qeyd yoxdur. Eyni zamanda sərəncama əsasən qarajın ümumi abadlıq, yenidənqurma işləri aparılacağı təqdirdə götürüləcəyi qeyd edildiyi halda MKİS-nin arayışında qarajın daş qaraj olduğu göstərilmişdir. İddiaçı tərəfindən mübahisəli qarajın daşdan tikilməsi ilə bağlı müvafiq sənədlər isə (tikintiyə icazə, razılaşdırılmış layihə və s.) təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir. Qeyd edilən Əsasnamənin 13-cü maddəsinin d) bəndinə görə yerli icra hakimiyyəti başçısının tikinti, mənzil-kommunal təsərrüfatı, məişət xidməti, ticarət, ictimai iaşə, nəqliyyat və rabitə sahəsində səlahiyyətlərinə aiddir - Sovetin mənzil fondunu bölüşdürür, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərini həll edir. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericilik yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil kommunal təsərrüfatı birliklərinin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin vətəndaşların istifadəsi, icarəsinə verilməsini tənzimləmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 nömrəli sərəncamının 3-cü bəndində qarajla bağlı icarə müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Qeyd edilən bənddən də müəyyən olunur ki, sözügedən qaraj iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Bunun üçün yerli icra hakimiyyəti orqanı sərəncamda sözügedən qaraja dair mənzil istismar sahəsi ilə icarə müqaviləsinin bağlanmasını tapşırmışdır. Hazırkı iş üzrə iddiaçı ilə qarajla bağlı icarə müqaviləsi bağlanılmamışdır. 14 saylı MKİS tərəfindən təqdim edilmiş qəbzlər isə qeyri-yaşayış sahələrindən 2019-2021-ci illər üçün istismar haqqının ödənilməsi ilə bağlı qəbzlərdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın tikintisi ilə bağlı sənədlər təqdim edilmədən, ölçüləri və yeri müəyyənləşdirilmədən, yerləşdiyi torpaq sahəsinə dair torpaqayırma sənədi təqdim edilmədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bununla bağlı müvafiq sənədlərin tərtibi mümkün deyildir. Belə olan halda cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən mübahisə predmeti olan qaraja dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının istinad etdiyi Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 285 nömrəli sərəncamı daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmasına əsas vermir. Qarajın ölçüləri və yeri barədə əlavə sənədlərin mövcudluğu iş üzrə müəyyən olunmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(112)-1483/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1808/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1808/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver