Məhkəmə qərarları › İş №2-1(103)-1809/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1809/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1809/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, qətnamənin icrasının təmin edilməsi və vurulan maddi zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6627/2021 saylı iş üzrə qəbul etdiyi 14 oktyabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6627/2020 saylı iş üzrə qəbul etdiyi 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, qətnamənin icrasının təmin edilməsi və vurulan maddi zərərin ödənilməsinə dair tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-204/2009 saylı 10 fevral 2009-cu il tarixli qətnaməsi ilə (sədirlik edən E.Həsənov) iddiaçının, cavabdehlər X1 və X2 qarşı “Qeyri-yaşayış sahəsindən çıxarılma barədə” iddia ərizəsi təmin edilərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 243,5 kv. metr qeyri-yaşayış sahəsindən çıxarılması qərara alınmışdır. Qətnamə 18 noyabr 2009- cu il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Qətnamənin icra edilməsi cavabdeh icra və probasiya şöbəsinə həvalə olunsa da, 10 (on) il ərzidə icra edilməyərək iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının adından çıxarılan qətnamə icra edilmədiyinə görə o, dəfələrlə cavabdeh Şöbəyə müraciət etmiş lakin, heç bir nəticəsi olmadığından uzun müddətdir ki, əmlakından məhrum olmuş və həmin əmlakdan gəlir əldə edə bilməmişdir. Ona görədə Bakı şəhəri Səbail rayon Məhkəməsinə cavabdeh İcra və Probasiya şöbəsinə qarşı göstərilən iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə qərardad çıxararaq işin inzibati məhkəməyə aid olmasını qərara almışdır. Bundan sonra həmin qərardadı da, iddia ərizəsinə əlavə edərək Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin, inzibati məhkəmə işin Səbail məhkəməsinə aid olduğunu qeyd edərək iddianı mümkün saymamışdır. Göründüyü kimi məhkəmələr qanunsuz və əsassız olaraq iddia ərizəsinin baxılmasından imtina etməklə onun hüquqlarını pozmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-6627/2020 saylı, 14.10.2020ci il tarixli qərardadının ləğv edilərək, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ididaçının nümayəndəsi şikayəti müdafiə edərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, İddiaçı iddia ərizəsi əsasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 204/2009 saylı 10 fevral 2009-cu il tarixli qətnaməsi ilə iddiaçının, cavabdehlər X1 və X2 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma barədə” iddia ərizəsi təmin edilərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. “İcraata başlamaq haqqında” Səbail rayon məhkəmə icraçıları şöbəsinin qərarı ilə Səbail rayon Məhkəməsinin 10.02.2009-cu il tarixli icra sənədi icraata qəbul edilərək, icraata başanılması qərara alınmışdır. İddiaçı 21.09.2020-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən Səbail rayon Məhkəməsinin 2(009)-204/2009 saylı 10.02.2009 tarixli qətnaməsinin icra edilmədiyinə görə hərəkətlərinin qanunsuz hesab edilərək, qətnamənin icrasının təmin edilməsi və ona vurulan 120 000 manat məbləğdə maddi zərərin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair yekun nəticəyə gələrkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli Qərarına, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına istinad etmiş və bildirmişdir ki, “.... tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İş materiallarından görünür ki, hazırkı mübahisənin predmetini Bakı şəhəri Səbail rayon Məhkəməsin tərəfindən verilmiş mülki mübahisə üzrə 2(009)-204/2009 saylı icra sənədi üzrə aparılmış icra hərəkətləri təşkil edir. Məhkəmə hesab edir ki, hazırda yuxarıda qeyd edilən icra sənədi üzrə icra hərəkətlərindən şikayət edildiyindən, həmin icra sənədindən icra sənədini vermiş məhkəməyə şikayət verilməli olduğundan, bununla da, hazırki iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmadığından iddia mümkün sayılmamalıdır.” Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, hesab edir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir: Məhkəmə kollegiyası qeyd edir ki, icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi «İcra haqqında» AR Qanununun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, “İcra haqqında” AR Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.” İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi də “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25.10.2007-ci il tarixli Qərarında göstərmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır (§55, əlavə olaraq, «Burdov Rusiyaya qarşı iş», §35). Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgündür, şikayət qərardadın ləğvinə əsas vermir. Ona görə də qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM- 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X4 şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6627/2020 nömrəli iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Azər Hüseynov Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar