Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1809/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********108800 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı MMC-yə 588.20 manat vergi hesablanmışdır (bəyannamə və hesabat növü - ödəmə mənbəyində tutulan vergi, bəyannamə və hesabat dövrü - 4-cü rüb 2019). Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində tərəfinizdən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 5882.00 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində sənədlərin vergi orqanına təqdim edilməsi tövsiyə olunmuşdur. Hazırda İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi **********108800 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və qərarla tutulmuş pul vəsaitinin geri qaytarılması”n tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC xaricdən aldığı malların pərakəndə satışı ilə məşğul olur. Malların bir qismi Honq-Konqdan idxal edildiyindən, mövcud vergilərdən başqa Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən xarici istehsalçıya ödənilən məbləğin 10% miqdarında əlavə olaraq iddiaçıdan vergi tutulur. Belə ki, MMC-nin Honq-Konqun "Global Trend Limited" şirkətinə ödədiyi 5.882 manat məbləği üzrə cavabdeh tərəfindən 2020-ci il 21 fevral tarixli **********108800 nömrəli qərar qəbul olunmuş və qərara əsasən iddiaçıdan 10% tutularaq 588,2 manat iddiaçının hesabından silinmişdir. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyindən 10 faiz miqdarında vergi tutulur. Məcəllənin 13.2.16.14-1 maddəsində isə müəyyən edilmişdir ki, 10% məbləğində vergi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən tutulur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Siyahı ilə Honq-Konq (ÇXR) güzəştli vergi tutulan ölkələrin sırasına aid edilmişdir. Lakin bununla bərabər MMC hesab etmişdir ki, göstərilən maddələr tətbiq olunaraq Vergi Məcəlləsinin bəzi müddəaları nəzərə alınmamışdır. Qeyd edilən verginin ödəyicisi xarici partnyor olmasına baxmayaraq Honq-Konqun hüquqi şəxsinə qarşı Honq-Konqda Azərbaycan vergi qanunvericiliyini tətbiq etmək heç cür mümkün deyil. Beləliklə, son nəticədə sözügedən 10% miqdarında vergi iddiaçıdan tutulur. Bu cür hal həm ədalətsiz, eyni zamanda aşağıdakılara görə həm də qanunazidd hesab edilir. Belə ki, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində nəzərdə tutulan verginin ödəyicisi 13.2.16.14-1 maddəsində müəyyən edilmişdir. Bu Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərdir. Hazırkı halda vergini tətbiq edərək vergi orqanları Məcəllənin 128-ci maddəsini tam yox, maddənin ancaq güzəştli vergi tutulan ölkələr barədə olan müddəalarını (128.2 və 128.3 bəndlərini) əsas götürmüşlər, halbuki Məcəllənin 128-ci maddəsi üç bənddən (128.1, 128.2 və 128.3) ibarətdir və bəndlərin hər birinin müddəaları nəzərə alınmalı idi. Belə ki, Məcəllənin 128-ci maddəsində güzəştli vergi tutulan ölkələrlərlə yanaşı həmçinin şəxslər müəyyən edilmişdir (128.1 maddə). Bunlar Məcəllənin 128.1-ci maddəsində müəyyən edilmiş qaydada rezidentlə əlaqədə olan qeyri-rezidentlərdir. Beləliklə, məcəllənin 13.2.16.14-1 və 128-ci maddələrin tələblərinə görə məcəllənin 125.1.9-cu maddəsində göstərilmiş 10% miqdarında verginin tətbiqi üçün iki amilin mövcudluğu vacibdir: birincisi, əməliyyatlar və müvafiq ödənişlərin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrlə aparılması, ikincisi ödənişlərin 128-ci maddədə nəzərdə tutulmuş qeyri-rezidentlərə edilməsidir. Beləliklə, qanunvericiliyinin müddəaları düzgün tətbiq olunduqda Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində müəyyən edilən vergi aparılan ödənişlərdən tutula bilməz. Çünki aparılan əməliyyatlar nəticəsində iddiaçı Honq- Konqda gəlir əldə etməmişdir, onun qeyri-rezidentlə şərikliyi yoxdur və vergi qanunvericiliyinə uyğun digər vergiləri tam ödəmişdir. Cavabdeh orqanın qanunların belə tətbiqi həmçinin 2005-ci il martın 17-də Pekin şəhərində imzalanmış və 2005-ci il 14 iyun tarixli, 932-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Sazişə də ziddir. Həmin Sazişin 3-cü maddəsinin 1-ci bəndinə əsasən Sazişin "işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisi" hesab olunur (o cümlədən Honq-Konq). Sazişin 7-ci maddəsinin 1-ci bəndinə görə razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən dövlətdə vergiyə cəlb olunur. Əgər müəssisə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər dövlətdə vergiyə cəlb edilə bilər və ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduğu halda qeyrirezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər (Sazişin 9-cu maddəsi). Göründüyü kimi, bu beynəlxalq Sazişin tələblərinə görə də əgər Honq-Konqun şirkətinin Azərbaycan nümayəndəliyi vasitəsi ilə fəaliyyət göstərmirsə və ya Azərbaycan rezidenti ilə (yəni bizim şirkətlə) qarşılıqlı əlaqəsi olmadığı hallarda o heç cür Honq-Konqdakı fəaliyyətinə və əldə etdiyi mənfəət görə Azərbaycanda vergiyə cəlb oluna bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Qeyd olunmalıdır ki, kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 5.882 manat ödəniş edildiyi halda, müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2020-ci il 30 yanvar tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından, ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübünə 588,20 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə 21 fevral 2020-ci il tarixli, **********108800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 128.1-ci maddəsinə əsasən rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyrirezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin Məcəllənin 13.2.16.14- 1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Vergi Məcəlləsinin 125.1.9-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz vergi tutulur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin **********108800 saylı 21 fevral 2020 il tarixli qərarı ləğv edilmiş və həmin qərara əsasən tutulmuş 588,2 manat pul vəsaitinin iddiaçının hesabına geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, “məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir”. Cavabdeh iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi ilə bağlı müddətin ötürülməsi ilə bağlı məhkəməyə vəsatət təqdim etmişdir, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Vergi ödəyicisi **********108800 nömrəli xx.xx.2020-ci il tarixli qərarla xx.xx.2020-ci il tarixdə tanış olmuşdur. İddiaçı ilə vergi orqanı arasında bağlanmış xx.xx.2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron qaydada göndərilməsi həyata keçirilir. Buna baxmayaraq, iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli idda ərizəsi ilə müraciət etmişdir. **********108800 nömrəli xx.xx.2020-ci il tarixli qərar üzrə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Kommersiya banklarından əldə olunmuş məlumatlara əsasən 2019-cu ilin 4-cü rübü ərzində tərəfinizdən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə (siyahı məktuba əlavə olunur) 5882,00 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində hər hansı məlumatlar əks etdirilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********298800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq aradan qaldırılmadığından və qeyd olunan təsdiqedici sənədlər tam təqdim olunmadığından ödəmə mənbəyində tutulan vergi üzrə 2019-cu ilin 4-cü rübü üzrə 588,20 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********108800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı İddiaçı MMC AR Verg Məcəlləsinin 128.3-cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi Hon- Konqda (ÇXR) təsis edilmiş şəxsə ödəniş etsə də, iddiaçı həmin qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüquq olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından (bununla bağlı heç bir sübut və ya dəlil təqdim olunmur), aparılan həmin əməliyyata görə AR Vergi Məcəlləsinin 125.1 və 125.1.9cu maddərininin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Bundan başqa, Azərbaycan Respublikasının 14 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yaymmanın qarşısının alınması haqqında Saziş»in müddəaları da Razılığa gələn Dövlət kimi Azərbaycan Respublikasının müəssisəsinin mənfəətinin müvafiq hallar, yəni Razılığa gələn digər Dövlətdə daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərdiyi, habelə həmin müəssisələr (şəxslər) arasında idarəetmə, nəzarət olunması və ya kapitalda iştirakçılıqla bağlı hallar istisna olmaqla, yalnız öz ölkəsində vergiyə cəlb olunmasını nəzərdə tutur. Göstərilən “müvafiq hallar” isə, bir daha vurğulanmalıdır ki, hazırkı iş üzrə müəyyən edilmir. Qeyd edilənlərlə bağlı bildiririk ki, 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, Məcəllənin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsi üzrə həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10% dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. Eyni zamanda, həmin Məcəllənin 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmişdir. Həmin fərmanla Honkonq (Çin) güzəştli vergi tutulan ərazilər siyahısına daxil edilmişdir. Göründüyü kimi, adı çəkilən qərar əsasında vergilərin hesablanmasına əsas iddiaçının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliyini yerinə yetirməməsi olmuşdur. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkələrdən idxal edilmiş mallara görə ödəmələrin aparılması onu Məcəllənin 125.1.9-cu maddənin tələbləri qaydasında 10 faiz ödəmə mənbəyində vergini tutma öhdəliyindən azad etmir. Belə ki, Məcəllənin 13.2.16.14-1-ci maddəsi bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlədən 10 faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulmasını müəyyən etmişdir ki, həmin maddənin tələbində hər hansı istisna nəzərdə tutulmamışdır. Yəni, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələr istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilir. Vergi Məcəlləsinə daxil edilmiş 125.1.9-cu maddə hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş norma oduğundan onun icrası məcburidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1209/2021 saylı 25 may 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasl Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-20/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1209/2021 saylı 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinə dair yazılı etırazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, əslində Ali Məhkəmə öz qərarında MMC tərəfindən irəli sürülmüş bir çox vacib dəlillərlə razılaşmışdır. O cümlədən, mübahisələndirilən vergini gəlir vergisi kimi, qeyri-rezidenti vergi ödəyicisi kimi tanımışdır. Bununla bərabər Ali Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan Fərmanla təsdiq edilmiş Siyahıya daxil olan güzəştli vergi tutulan ölkələnin rezidenti (bizim üçün - qeyri-rezident). Öz ölkəsində fəaliyyəti ilə əldə etdiyi gəlirdən heç bir şərt olmadan, yəni rezidentlə qarşılıqlı əlaqəsi olub-olmamasından asılı olmayaraq Azərbaycanın xeyrinə vergi ödəməlidir. İkiqat vergitutma haqqında sazişə dair Qərarda bildirilmişdir ki, Sazişə əsasən ikiqat verginin aradan qaldırılması üçün Vegilər Nazirliyinin 2017-ci il 12 iyun tarixli **********930 Nə-li Qərarı ilə təsdiq edilmiş qaydada vergi orqanlarına qeyri-rezident malların satışından əldə etdiyi gəlirdən verginin tutulmaması deyə hər dəfə Azərbaycan vergi xidmətinə müraciət etməlidir. Ali Məhkəmənin məntiqi ilə yanaşsaq, əks halda, yəni bu cür müraciət olunmadıqda, sözü gedən vergi qeyri-rezidentdən tutulmalıdır. Bu isə Sazişin müddəalarına ziddiyyət təşkil edir. Belə ki, Sazişin 7-ci maddəsinin 1-ci bəndinə birmənalı yazılmışdır: "Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələn digər Dövlətdə, orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyəti göstərmirsə, yalnız adı birinci çəkilən Dövlətdə vergiyə cəlb olunur". Sazişin 9-cu maddəsinə görə ancaq müəssisələrin qarşılıqlı əlaqəsi olduqda qeyri-rezident bilavasitə digər ölkədə vergiyə cəlb oluna bilər. Beləliklə, heç bir ikiqat vergitutmadan burada söhbət getmir. Mübahisənin predmeti hansı hallarda Azərbaycan dövləti qeyrirezidentin öz ölkəsində fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən vergi tutmaq hüququnun müəyyələşdirməsindən ibarətdir. Ali Məhkəmənin qərarında müəyyən edilən qaydaya riayət olunmamamışdır, yəni qeyri-rezident vergi orqanlarına verginin tutulmaması üçün Azərbaycan vergi xidmətinə müraciət etməmiş və o, Azərbaycanda vergiyə cəlb olunmuşdur. Belə olan halda Azəbaycan dövləti imzaladığı Beynəlxalq Sazişin 7 maddəsində göstərilən müddəalarını pozmuş olur. Göründüyü kimi, Ali Məhkəmənin qərarında göstərilən tərzdə mübahisənin həlli qeyri- mümkündür. Odur ki, istər beynəlxalq Sazişə görə, istərsə Azərbaycan vergi qanunvericiliyinin qeyd olunan tələblərinə görə güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən gəlir vergisi qeyri-rezidentin rezidentlə əlaqəsi olduğu halda birincidən tutula bilər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinə yazılı etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın ləğvi ilə bağlı məhkəməyə vaxtında müraciət edildiyi müəyyən olunur. Belə ki, cavabdeh inzibati orqan inzibati aktın iddiaçıya təqdim olunduğu vaxtdan qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edilmədiyini sübuta yetirə bilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə vaxtında müraciət etmiş və onun iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” cavabdehin **********108800 saylı xx.xx.2020ci il tarixli qərarın ləğv edilməsi və həmin qərarla tutulmuş pul vəsaitinin geri qaytarılması” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiaçı Vergi Məcəlləsinin 128.3-cü maddəsində nəzərdə tutulmuş güzəştli vergi tutulan ölkə kimi Hong-Konqda (ÇXR) təsis edilmiş şəxsə ödəniş etsə də, iddiaçı həmin qeyri-rezidentin nizamnamə fondunun və ya səsvermə hüquq olan səhmlərinin 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahib olmadığından (bununla bağlı heç bir sübut və ya dəlil təqdim olunmur), aparılan həmin əməliyyata görə Vergi Məcəlləsinin 125.1 və 125.1.9- cu maddələrinin təsiri altına düşən vergi ödəyicisi kimi onun ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması vergi qanunvericiliyinin tələblərinə, o cümlədən “ödəmə mənbəyində tutulan verginin məqsədləri” təsbit olunmuş müddəalarına ziddir. Məhkəmə sadalanan halları, eləcə də iddianın növünə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2020-ci il 21 fevral tarixli, **********108800 nömrəli qərarın – əlverişsiz inzibati aktın qəbulunu şərtləndirən faktini halların mövcudluğu sübut edə bilməməsini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, həmin qərar qanunaziddir. Həmçinin inzibati orqanın (vergi orqanının) 2020-ci il 21 fevral tarixli, **********108800 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etmək və həmin Məcəllənin 128-ci maddəsi formal surətdə önə çəkilməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. Bu səbəbdən də iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir. Həmin Məcəllənin 104.3-cü maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri, bu Məcəllənin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: (...) Həmin Məcəllənin 125.1.9-cü maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlir (...) Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin (Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli 932-İİQ №-li Qanunu ilə təsdiq edilmişdir) 1-ci maddəsinə əsasən bu Saziş razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə şamil edilir. Sazişin 2-ci maddəsinə əsasən bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəlikləri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir. Sazişin tətbiq edildiyi mövcud vergilər xüsusən aşağıdakılardır: a) Çində: (i) fiziki şəxslərin gəlir vergisi; (ii) xarici investisiyalı müəssisələrin və xarici müəssisələrin gəlir vergisi; (bundan sonra “Çin vergiləri” adlanır); b) Azərbaycanda: (i) hüquqi şəxslərin mənfəət vergisi; (ii) fiziki şəxslərin gəlir vergisi; (bundan sonra “Azərbaycan vergiləri” adlanır).
4. Bu Saziş həmçinin, imzalandığı tarixdən sonra mövcud vergilərə əlavə olaraq, yaxud onların əvəzinə tutulan eyni və ya mahiyyətcə oxşar vergilərə də tətbiq edilir. Razılığa gələn Dövlətlərin səlahiyyətli orqanları öz müvafiq vergi qanunvericiliklərində baş verən hər bir əhəmiyyətli dəyişiklik barədə bir-birinə məlumat verməlidirlər. Sazişin 3-cü maddəsinə əsasən Kontekstdən başqa məna alınmırsa, bu Sazişin məqsədləri üçün: a) “Çin” termini - Çin Xalq Respublikasını ifadə edir; coğrafi mənada istifadə edildikdə, Çinin vergitutma qanunlarının tətbiq olunduğu ərazi dənizi və ərazi dənizindən kənarda beynəlxalq hüquqa müvafiq olaraq Çin Xalq Respublikasının dəniz dibi və yerin təkinin təbii resurslarının və yeraltı su resurslarının kəşfiyyatı və işlənməsinə münasibətdə suveren hüquqlara malik olduğu ərazi də daxil olmaqla, Çin Xalq Respublikasının bütün ərazisini bildirir; d) “vergi” termini - kontekstdən asılı olaraq Azərbaycan, yaxud Çin vergilərini bildirir; e) “şəxs” termini - fiziki şəxsi, şirkəti və şəxslərin hər hansı digər birliklərini bildirir; f) “şirkət” termini - istənilən korporativ qurumu, yaxud vergi məqsədləri üçün korporativ qurum kimi baxılan istənilən təşkilatı bildirir; g) “Razılığa gələn Dövlətin müəssisəsi” və “Razılığa gələn digər Dövlətin müəssisəsi” terminləri - müvafiq olaraq, Razılığa gələn Dövlətin rezidenti tərəfindən idarə olunan müəssisəni və Razılığa gələn digər Dövlətin rezidenti tərəfindən idarə olunan müəssisəni bildirir; i) “milli şəxs” termini: (i) Razılığa gələn Dövlətin vətəndaşı olan istənilən fiziki şəxsi; (ii) özünün müvafiq statusunu Razılığa gələn Dövlətin mövcud qanunvericiliyinə əsasən almış istənilən hüquqi şəxsi, tərəfdaşlığı, yaxud assosiasiyanı bildirir. Sazişin 4-cü maddəsinə əsasən bu Sazişin məqsədləri üçün “Razılığa gələn Dövlətin rezidenti” termini həmin Dövlətin qanunvericiliyinə müvafiq olaraq yaşayış yerinə, daimi olduğu yerə, baş ofisin yerləşdiyi yerə, qeydiyyat yerinə, idarəetmə yerinə, yaxud digər oxşar meyarlara əsasən orada vergiyə cəlb olunan şəxsi, habelə həmin Dövləti, yaxud onun yerli hakimiyyət orqanını bildirir. Bununla belə, bu termin yalnız həmin Dövlətdəki mənbələrdən gəlirlərə münasibətdə orada vergiyə cəlb olunan şəxsi əhatə etmir. Məhkəmə kollegiyası, ilk növbədə, VM-nin 13.2.16, 13.2.16.14-1-ci maddəsi ilə müəyyən edilmiş verginin “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişlə (bundan sonra mətndə - Saziş) əhatə olunmadığına, buradan, vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə edilmiş ödəmələrin istisnasız olaraq ödəmə mənbəyində vergiyə cəlb edilməli olduğuna dair dəlili əsaslı hesab etmir. Belə ki, cavabdeh də təsdiq edir ki, VM-in 128.3-cü maddəsinin tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli, 1505 nömrəli Fərmanı ilə güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq edilmiş, həmin X10 Respublikasının ərazisi kimi güzəştli vergi tutulan ərazilər siyahısına daxil edilmişdir. Sazişin 3-cü maddəsinin 1-ci bəndinin (a) yarımbəndinə görə də Sazişin məqsədləri üçün “Çin” termini Çin Xalq Respublikasının bütün ərazisini bildirir. Beləliklə, istinad edilən Saziş iddiaçının mal idxal etdiyi Honq-Konqu da əhatə edir. Məhkəmə kollegiyası razılaşır ki, VM-in 128.1-ci maddəsinin hazırkı mübahisəyə aidiyyəti yoxdur (128.1. Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilavasitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir.). Belə ki, həmin norma rezidentin mənfəət vergisi ilə bağlı olmaqla onun ümumi gəlirinə aid edilməli gəlir növlərindən birini müəyyən edir və həmin rezidentin güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlıdır. Hazırkı mübahisənin predmeti iddiaçının güzəştli vergi tutulan ölkədə əldə etdiyi gəlirlə bağlı deyil, rezidentin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektə etdiyi ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməli olması ilə bağlıdır. Bununla yanaşı, cavabdeh şikayətdə sözügedən (ödəmə mənbəyindən) vergini güzəştli vergi tutulan ölkələrə edilən ödənişlərdən vergi kimi müəyyən edir və bu zaman, həmin vergini mənfəət vergisindən fərqləndirir. Halbuki, VM-in 5-ci maddəsinin tələbinə görə, verginin ödəmə mənbəyindən tutulması verginin növü deyil, vergitutmanın formasıdır. Vergi Məcəlləsinin 13.2.16, 104.3, 125.1-ci maddələrinə əsasən həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində nəzərdə tutulmuş ödəmə qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri - Azərbaycan mənbəyindən gəlir kimi təsbit olunmuşdur. Sazişin 2-ci maddəsində isə həmin Sazişlə əhatə olunan vergilər təsbit olunmuşdur:
1. Bu Saziş, vergitutma üsulundan asılı olmayaraq, Razılığa gələn Dövlət və ya onun yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə tutulan vergilərə tətbiq olunur. 2. Gəlirlərə görə vergilərə - gəlirin ümumi məbləğindən, yaxud onun ayrı-ayrı elementlərindən, o cümlədən daşınan və ya daşınmaz əmlakın özgəninkiləşdirilməsindən gəlirlərdən, müəssisələrin öhdəlikləri, əməkhaqqının yaxud maaşın ümumi məbləğindən, həmçinin əmlakın dəyərinin artımından tutulan bütün vergilər aiddir. Cavabdeh qeyd edir ki, Sazişdə əks olunan müddəalar Azərbaycanın rezidentinin Çin Xalq Respublikasında və ya əksinə Çin Xalq Respublikasının rezidentinin Azərbaycan Respublikası ərazisində əldə etdiyi mənfəətinə görə bir ölkədə verginin tutulduğu halda, həmin Sazişi imzalayan digər ölkədə yenidən həmin mənfəətin vergiyə cəlb olunmasının istisna olunmasını özündə əks etdirir. Hazırkı vəziyyətdə iddiaçının Çin Xalq Respublikasında əldə etdiyi mənfəətə görə həmin ölkədə vergini ödədiyi halda, təkrarən həmin mənfəətə görə Azərbaycan Respublikasında vergi tutulması kimi hal mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, burada söhbət iddiaçının mənfəətindən (yaxud ümumi gəlirindən) getmir və iddia olunan vergi də onun mənfəətinə və ya gəlirinə hesablanmır. Hazırkı halda, vergiyə cəlb olunan qeyri-rezidentin (Çin Xalq Respublikasının rezidentinin) VM-in 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən 10 faiz məbləğində hesablanmalı olan vergidən gedir. Sazişin şərtləri həmin vergiyə də tətbiq olunmalıdır. Beləliklə, cavabdehin istinad etdiyi VM-in 13.2.16.14-1-ci maddəsinin hazırkı mübahisəyə qeyd-şərtsiz tətbiqi o halda mümkündür ki, istinad edilən beynəlxalq Sazişdə bu istisna bilavasitə nəzərdə tutulmuş olsun (Sazişin 2-ci maddəsi ilə əhatə olunmadığı Sazişdə birbaşa göstərilmiş olsun). Sazişin müddəalarında belə istisna nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçının da əsaslandığı Sazişin müddəalarının hazırkı mübahisəyə tətbiqi “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın tələblərinin gözlənilməsi ilə şərtlənir (bu qərarın 15-ci bəndi). Başqa sözlə, qeyri-rezident yaxud vergi agenti (hazırkı halda, iddiaçı) həmin Qaydalarda təsbit olunmuş formal (məcburi) tələblərə əməl etməklə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Sazişin müddəalarının tətbiqini tələb edə bilər. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının **********009300 saylı 12 iyun 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (bundan sonra - DTA-03 forması) (Əlavə № 5) təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi (bundan sonra-internet vergi idarəsi) vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı və gücləndirilmiş elektron imza) malik olsun. Qaydaların 5.5-ci bəndinə əsasən tələb olunan azadolma və ya aşağı vergi dərəcəsi qeyri-rezidentə münasibətdə tətbiq edilməlidirsə, Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində bu Qaydalara əlavə edilən forma (Əlavə № 6) üzrə razılıq məktubu tərtib edilir və Dövlət Vergi Xidmətinin Aparatının müvafiq struktur bölməsinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada imzalanaraq, eyni zamanda həm müraciət edən şəxsə, həm də gəlir ödəyən şəxsə (vergi agentinə) göndərilir. Müraciət edən şəxs vergi orqanından razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsini tələb edə bilər. Bu halda razılıq məktubunun kağız daşıyıcısında imzalı və möhürlü nüsxəsi müraciət edən şəxsin seçiminə əsasən onun poçt ünvanına göndərilir və ya şəxsən vergi orqanından əldə edilir. Qaydaların 5.6-cı bəndinə əsasən gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından bu Qaydaların 5.5-ci bəndində qeyd olunmuş razılıq məktubunu əldə etdikdən sonra beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Qaydaların 5.7-ci bəndinə əsasən DTA-03 forması vergi orqanına təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən ödəniş tarixinədək razılıq məktubu alınmadıqda, gəlir ödəyən şəxs (vergi agenti) qeyri-rezidentə etdiyi ödənişdən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində vergi tutmalıdır. Bu halda ödəmə mənbəyində artıq tutulmuş vergi bu Qaydaların 7-ci hissəsində göstərilən qaydada qeyri-rezidentə qaytarılır. Qaydaların 5.8-ci bəndinə əsasən sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əsli gəlir ödəyən şəxs (vergi agenti) tərəfindən saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir. Lakin hazırki işdə iddiaçının apardığı müvafiq əməliyyat üzrə inzibatçılıq qaydalarına riayət olunduğu, DTA-03 formasının gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli olan sənədlərlə birlikdə vergi orqanına təqdim edilməsi təsdiq olunmur və bu barədə hər hansı sənəd məhkəmə icraatı dövründə də təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı sənədlərin qeyri-rezident tərəfindən təqdim edilmiş əslinin saxlanılaraq, müvafiq dövr üzrə vergi nəzarəti tədbirləri həyata keçirilən zaman vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi də müəyyən olunmadı. Belə olan halda vergi orqanı iddiaçı barəsində kameral vergi yoxlaması ilə bağlı 21 fevral 2020-ci il tarixli qərarı qəbul etməkdə haqlı olmuşdur. Hazırki işdə cavabdeh inzibati orqan İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu tam sübuta yetirir. Kollegiya onu da qeyd edir ki, iddiaçının “vergi orqanının qərarının ləğvi” barədə tələbi təmin olunmadığı üçün onun əsas tələbinin davamı olaraq verdiyi “tutulmuş vergi məbləğinin geri qaytarılması” barədə tələbinin də hazırki vəziyyətdə təmin olunması mümkünsüzdür və ona görə də həmin tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4465/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4465/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Cahangir Yusifov