Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1809/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: tələblərin təmin olunmaması; şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi”; apellyasiyanın mümkünlüyü) Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa edilmiş 5 saylı çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, İddia tələbi qismən təmin edilmiş, İddiaçı “Orbita" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə inşa edilmiş 5 saylı çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılaraq müvafiq inzibati aktın (rəyin) qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.
3. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi
TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instan siyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlbolunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
9. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq həm də iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə, onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, bu hüquq mütləq deyildir.
10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Lakin qoyulan məhdudiyyətlər şəxsin məhkəməyə müraciət etmək hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır.
11. Yuxarıda qeyd olunanlardan müəyyən olur ki, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır – qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz, hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur.
12. “İnzibati məhkəmə icraatında üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” İnzibati Kollegiyanın xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.”
13. Hazırkı işdə birinci instansiyası məhkəməsi hesab etmişdir ki, “.....cavabdeh inzibati orqan tərəfindən hazırki qərarın yuxarıda göstərilmiş halları üzrə tədbir görülməli, iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri yenidən araşdırılmaqla onun xeyrinə ola biləcək hallara qiymət verilməli, nöqsan və çatışmazlıqlar aradan qaldırılmalı və bundan sonra iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılaraq, iddiaçının qaldırdığı konkret məsələ ilə bağlı müvafiq inzibati akt qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, qeyd olunan halların bütövlükdə araşdırılması, aradan qaldırılması və qiymətləndirilməsi məhkəmə baxışı çərçivəsində mümkünsüzdür. Odur ki, cavabdeh məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla iddiaçının müraciətini yenidən araşdıraraq müvafiq rəy (inzibati akt) qəbul etməlidir”.
14. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır.
15. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına şərh oluna bilməz.
16. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apelyasiya şikayəti vermək hüququ da istisna edilir.
17. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apelyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından verdiyi apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir.
19. Məhkəmə kollegiyasının yuxarıda nəzərdə tutulan nəticəyə gəlməsi analoji işlər üzrə Azərabaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsindən irəli gəlir. Belə ki, Azərabaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1108/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadının qəbul edilməsilə nəticələnən işin mahiyyətindən müəyyən olur ki, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81.2, 83, 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.