Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-181/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X6, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun işlədiyi müvafiq illərin sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 02.11.1978-ci il tarixdən 19.12.1980-cı il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 43 saylı "xxxx" MMC-nin 51 saylı 06.05.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən də sözügedən MMC-də qaynaqçı işləmişdir. Bərdə rayon Dövlət Arxivinin 180 saylı 25.12.2019-cu il tarixli arxiv arayışından görünür ki, "xxxx" X2 sənədləri rayon Dövlət Arxivində mühafizə edilmir. 11.04.2005-ci il tarixli təhvil aktından görünür ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 75 saylı 31.12.1991-ci il tarixli Sərəncamı ilə qeydə alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin HŞDQ üzrə Bərdə rayon şöbəsində 07.10.2004-cü il tarixli 10/55 saylı arayışla uçota alınmış "xxxx" X7 təsisçisinin 11.04.2005-ci il tarixli qərarı ilə adı və təşkilatı-hüquqi forması dəyişdirilərək yenidən təşkil edilmiş və "xxxx" MMC-yə çevrilmişdir. Həmin tarixli qəraran görünür ki, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsində dəyişiklik edilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsinin elektron çıxarışından görünür ki, "xxxx" MMC 07.10.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxssus İT-İ seriyalı ******* saylı 05.10.1989-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 01.09.1975-15.07.1977-ci ilədək təhsil almış, 02.11.1978-19.12.1980-cı ilədək hərbi xidmətdə olmuş, 1977-1989-cu illərdə kolxozda işləmiş, 02.10.1989-cu ildən 04.07.1990-cı ilədək “Abadlıq” kooperativində elektrik qaynaqçısı, 01.08.1990-cı ildən 15.04.1993-cü ilədək "xxxx" KM-də elektrik qaynaqçısı, 16.04.1993-cü ildən 15.05.1995-ci ilədək Bərdə yük avtonəqliyyatı müəssisəsində qaynaqçı, 26.08.1998-ci ildən Bərdə 23 saylı Yol sahəsinə fəhlə təyin edilmiş, 13.01.1999cu il tarixdən qaynaqçı keçirilərək 15.02.2000-ci ilədək işləmiş, 21.02.2000-ci ildən 02.10.2006-cı ilədək Bərdə 28 saylı yol istismar idarəsində, 02.10.2006-cı ildən 16.10.2007-ci ilədək "xxxx" MMC-də qaynaqçı işləmiş, 23.10.2007-ci ildən 13.06.2016-cı ilədək 28 saylı Bərdə yol istismar idarəsində və onun struktur dəyişikliyi ilə müxtəlif müəssisələrdə sürücü, 02.08.2016-cı ildən 03.01.2019-cu il tarixədək yol xəttində fəhlə işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bunun üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 08.10.2019-cu-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, idarəyə təqdim edilmiş ******* saylı 05.10.1989-cu il tarixli əmək kitabçasında qeyd olunan 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Kiçik Müəssisəsində işlədiyi qeyd edilmişdir. Qeyd olunan dövrdə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlanılmaması və Azərbaycan Respublikası X11 rayon filialına verilmədiyi bildirilmişdir. Bu səbəbdən həmin dövr əmək stajına daxil edilmədiyindən ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixədək Bərdə rayon "xxxx" X3 4-cü dərəcə elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınması və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar Bərdə regional şəhər “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət edərək, 05.10.1989-cu il tarixli ******* nömrəli nömrəli əmək kitabçasında qeyd olunan 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixədək Bərdə rayon Ramin X3 4cü dərəcə elektirik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınmaqla ona güzəştli pensiyanın tənin olunmasını xahiş etmiş, lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Belə ki, Bərdə rayon Ramin X2 ləğv olunması ilə əlaqədar arxiv sənədlərinin saxlanılmadığı və rayon arxivinə təhvil verilmədiyi üçün əmək kitabçasında qeyd olunan müvafiq illəri cavabdeh orqan nəzərə almamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 01 avqust 1990-cı il tarixdən 15 aprel 1993-cü il tarixədək Bərdə rayonunda "xxxx" X3 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsindəki iş stajının sosial sığorta stajına daxil edilməklə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar vaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, İddiaçının 05 oktyabr 1989-cu il tarixli İT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan 01.08.1990 - 15.04.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" X3 işlədiyi qeyd olunmuşdur. Həmin dövr üzrə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlanılmadığı və AR X11 rayon filialına verilmədiyi bildirilmişdir. Hətta həmin dövrü nəzərə alsaq belə, İddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 24 il 2 ay 21 gün təşkil edir (bu müddətə hərbi xidmət dövrü də hesablanmışdır). Bundan başqa, əmək kitabçasına əsasən İddiaçı “qaynaqçı” peşəsində işləmişdir. Məhkəmə isə bu peşəni Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXXİİ. Ümumi peşələr” bölməsindəki “elektrik qaynaqçısı” (23200000 - 11620 kodu) peşəsinə uyğunlaşdırmışdır. Belə olan halda, İddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili və güzəştli iş stajı olan 12 il 6 ayını tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. İddiaçı tərəfindən işləmiş olduğu peşələrin güzəştli olub-olmaması barədə arayış təqdim edilməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-936/2021 saylı 08.06.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 13 may 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 08.10.2019-cu il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 05.02.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı “onun 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixədək Bərdə rayon "xxxx" X3 4-cü dərəcə elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınması və güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyasının təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Kiçik Müəssisəsindəki əmək stajının dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin saxlanılmaması və Azərbaycan Respublikası X11 rayon filialına verilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi qənaətinə gələrkən qərarında göstərdiyi əsasdırma ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı onun 01.08.1990-cı il tarixdən 15.04.1993-cü il tarixədək Bərdə rayon "xxxx" X3 elektrik qaynaqçısı işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi iddiaçının bu hüququnun olub-olmadığını «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi ilə yoxlamış və belə hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi iş stajı mövcuddur. Halbuki işin hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələbinin əsası kimi istinad etdiyi halların ona adı çəkilən Qanunun 9.8, yoxsa 9.1-ci maddəsi ilə hüquq verdiyi birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq həmin qərardan apellyasiya şikayəti vermiş və bildirmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 06 ay güzəştli (xüsusi) iş stajını toplamamışdır. Göründüyü kimi, iddiaçının 25 ildən çox ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası şikayətin dəlillərindən asılı olmayaraq bu barədə də araşdırma aparmış və məlum olmuşdu ki, iddiaçının 01.09.1975-15.07.1977-ci ilədək təhsil dövrü (2 il), 02.11.1978-19.12.1980-cı ilədək hərbi xidmət dövrü (2 il 1 ay 17 gün), 1977-1989-cu illərdə kolxozda işlədiyi dövr və əmək kitabçasındakı qeydlər də nəzərə alnmaqla, 57 yaşının tamam olduğu 26.04.2017-ci il tarixə ümumilikdə stajı 28 il 3 ay 17 gün təşkil edir (bunun 25 il 3 ay 17 günü 01.01.2006-cı ilədək toplanmışdır). Təhsil və hərbi xidmət dövrünün ümumi iş stajına daxil edilməsi həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında 67-ci maddəsinin “v” bəndi və üçüncü bəndinin “ğ” yarımbəndində nəzərdə tutulmuşdur. 1977-1989-cu illərdə kolxozda işlədiyi dövrlə bağlı: 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (İş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Belə olan halda iddiaçının 1977, 1978, 1979 və 1980—ci illərdə kolxozda işlədiyi müddət onun təhsil və hərbi xidmət dövrü ilə üst-üstə düşdüyündən məhkəmə kollegiyası bu dövrü yalnız bir dəfə nəzərə alır, 1981-ci ildə minimum adam gününə uyğun olaraq 1 il 2 ay 7 gün, 1982-ci ildə 10 ay 15 gün, 1983-cü ildə 9 ay 8 gün, 1984-cü ildə 11 ay 25 gün, 1985-ci ildə 11 ay 18 gün, 1986-cı ildə 1 il 7 gün, 1987-ci ildə 9 ay 25 gün, 1988-ci ildə 1 il 5 gün, 1989-cu ildə 1 il 1 ay 26 gün stajı mövcuddur. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənədin əmək kitabçası olduğu göstərilmişdir. Beləliklə, hazırki işdə iddiaçının təhsil dövrü, hərbi xidmət dövrü, kolxozda işlədiyi dövr və əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla 57 yaşının tamam olduğu 26.04.2017-ci il tarixə 25 ildən çox (28 il 3 ay 17 gün) ümumi iş stajı vardır və bu stajın mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının xüsusi iş stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını vacib sayır. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin 08.06.2021-ci il tarixli qərarında qeyd olunmuşdu ki, “iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun 02.10.1989-04.07.1990-cı illərdə (9 ay 02 gün) “Abadlıq” kooperativində elektrik qaynaqçısı, 01.08.1990-15.04.1993-cü illərdə (02 il 8 ay 14 gün) ”Ramin” X3 elektrik qaynaqçısı, 16.05.1993-15.05.1995-ci illərdə (02 il 29 gün) X12 müəssisəsində qaynaqçı, 13.06.1999-15.02.2000-ci illərdə (08 ay 02 gün) Bərdə 23 saylı Yol sahəsində qaynaqçı, 21.02.2000-02.10.2006-cı illərdə (06 il 07 ay 11 gün) Bərdə 28 saylı Yol istismar idarəsində qaynaqçı, 02.10.2006-16.10.2007-ci illərdə (01 il 14 gün) "xxxx" MMC-də qaynaqçı işləmiş, yəni onun güzəştli iş stajı cəmi 13 il 10 ay 12 gün təşkil edir. Belə olan halda bu dövrün 01.01.2006-cı il tarixədək olan hissəsi cavabdeh tərəfindən mübahisələndirilən ("xxxx" X3 işlədiyi dövr) (02 il 08 ay 14 gün) də daxil olmaqla 11 il 03 ay 25 gün təşkil edir. Odur ki, apellyasiya instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olması barədə səhv nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, iddiaçı 01.01.2006-cı il tarixədək 12 il 06 ay güzəştli iş stajını toplamasa da, 01.07.2017-ci il tarixədək bu stajı toplaması aşağıdakı şərtlər də ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində (01.07.2017-ci il tarixədək olan redaksiya) əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranmasına əsas verir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtin ödənilməsi tələb olunur: 1) 01.07.2017-ci il tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixədək azı 25 il ümumi; 3) azı 12 il 6 ay xüsusi iş stajına malik olması. Hazırki işdə iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün onun 57 yaşı 26.04.2017-ci ildə tamam olmuşdur. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək 12 il 6 ay xüsusi iş stajının toplanması müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin (01.07.2017-ci il tarixədək olan redaksiyada) yuxarıda sadalanan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilib-ödənilmədiyini də yoxlayır. Bu zaman məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilə bilər. Bu, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinin tələblərindən irəli gəlir. Bununla bağlı apellyasiya baxışı zamanı İddiaçı Bərdə 28 saylı Yol İstismarı İdarəsində işlədiyi 21.02.2000-02.10.2006-ci illərin yalnız 01.01.2006-cı il tarixdən 02.10.2006-cı il tarixə qədər olan və 23.10.2007-ci il tarixdən 02.03.2015-ci il tarixə qədər, 27 saylı Yol İstismarı İdarəsində 18.06.2015-ci il tarixdən 09.03.2016-cı il tarixədək, Azəravtoyol ASC-nin "xxxx" MMC-də 09.03.2016-cı il tarixdən 03.01.2019-cu il tarixə qədər işlədiyi müddətlərdə onun əmək haqqından məcburi dövlət sosial sığorta yığımlarının ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə həmin sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 23 saylı 07.12.2021-ci il və 4 saylı 14.12.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı 26.08.1998-ci il tarixdən 13.01.1999-cu il tarixə kimi 23 saylı yol sahəsində fəhlə, 13.01.1999-cu il tarixdən 02.10.2006-cı il tarixə kimi qaynaqçı, 23.10.2007-ci il tarixdən 01.08.2012-ci il tarixə kimi UAZ markalı avtomaşında sürücü, 01.08.2012-ci il tarixdən 02.03.2015-ci il tarixə kimi Bitum səpən avtomaşında sürücü, 02.03.2015-ci il tarixdən 02.08.2016-cı il tarixə kimi Topaş markalı avtomaşında sürücü, 02.08.2016-cı il tarixdən 03.01.2019-cu il tarixədək yol xətti fəhləsi işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 1.1.2 A bəndi qaynaqçı, 14.11 bəndinə əsasən “Bitum səpən avtomaşının sürücüsü” güzəştli peşə sayılır. UAZ, Topaş avtomaşınlarının sürücüsü, fəhlə və yol xətti fəhləsi güzəştli peşə sayılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları eynilik təşkil edir. Həmin sorğuya cavab məktubuna iddiaçının işlədiyi dövrlərdə onun əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini əks etdirən il və aylar üzrə əmək haqqından çıxarış cədvəlləri də əlavə olunmuşdur. İddiaçı 02.10.2006-cı il tarixdən 16.10.2007-ci il tarixədək "xxxx" MMC-də qaynaqçı peşəsində işlədiyi müddətdə onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta yığımlarının ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi, ödənildiyi təqdirdə həmin sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 27.12.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş arayışlardan görünür ki, İddiaçı 02.10.2006-cı il tarixdən 16.10.2007-ci il tarixə kimi MMC-də qaynaqçı işləmiş, əmək haqqı fondundan 25% hesablanmış DSMF-na Bank vasitəsilə köçürülmüşdür. Onun 02.10.2006-cı il tarixdən 16.10.2007-ci il tarixədək işlədiyi qaynaqçı peşəsi zərərli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsində olan “Ümumi peşələr” adlanan siyahıda “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinin funksiyaları ilə onun gördüyü işin funksiyaları eynilik təşkil etmişdir. Bununla yanaşı, məhkəmə sorğusuna cavab olaraq 10.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından məhkəməyə daxil olmuş məktubdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, "xxxx" MMC (SUN **********6) tərəfindən 02.10.2006-cı il tarixdən 16.10.2007-ci il tarixədək məcburi dövləət sosial sığortası üzrə hesabatlar təqdim edilməmişdir. Bu səbəbdən də qeyd olunan dövr üzrə adıçəkilən sığortaedən tərəfindən İddiaçı (SUN **********554) fərdi şəxsi hesabına hesablanmış və ödənilmiş məcburi dövlət sosial sıöğorta haqqının məbləği barədə məlumatın verilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim olunmuş 11 may 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, 01.01.2006-cı il tarixdən 31.12.2007-ci il tarixədək olan dövrdə "xxxx" MMC (VÖEN **********) adına qeydiyyatda olan hesab bankın əməliyyat proqram təminatı sistemində aşkarlansa da, həmin hesab üzrə həmin dövrü əhatə edən əməliyyatların təyinatını müəyyən etmək mümkün deyildir. Odur ki, "xxxx" MMC tərəfindən işçilərə əmək haqqı ödənilərkən həmin əmək haqqından tutulan məcburi dövlət sosial sığorta yığımlarının DSMF-yə ödənilməsi barədə müvafiq sənədlər, həmçinin İddiaçı əmək haqqından olan tutulmaları özündə əks etdirən məlumatları təqsdiq edən cədvəlləri təqdim etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının 1990-1993-cü illərdə işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilən "xxxx" KM-nin həmin dövrdə mövcud olub-olmaması ilə bağlı müvafiq araşdırma da aparılmış və məhkəmənin sorğusuna cavab olaraq 31.01.2022-ci il tarxdə 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş sənəddən müəyyən olunmuşdu ki, "xxxx" Kiçik Müəssisəsinin uçota alınması haqqında 10/55 saylı 07.10.2004-cü il tarixli arayış verilmiş, hansı ki bu arayış Dövlət qeydiyyatı haqqında Şəhadətnaməni əvəz edir. Həmin məktuba əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, "xxxx" kiçik müəssisəsi Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 31.12.1991-ci il tarixdə 75 saylı sərəncam ilə dövlət qeydiyyatına alınmış, 07.10.2004-cü ildə HŞDQ üzrə Bərdə bölgə şöbəsində uçota alınmış və 12.04.2005-ci ildə isə yenidən təşkil edilmişdir. 04.10.2004-cü il tarixli arxiv çıxarışına əsasən Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 31.12.1991-ci il tarixdə 75 saylı sərəncam ilə "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi qeydə alınmışdır. Beləliklə, işin təkrar apellyasiya baxışı zamanı aparılmış aşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, iddiaçının güzəştli iş stajı 02.10.1989-cu ildən 04.07.1990-cı ilədək (el.qaynaqçısı) 9 ay 2 gün, 01.08.1990-cı ildən 15.04.1993-cü ilədək ("xxxx" Kiçik Müəssisəsində el.qaynaqçısı) 2 il 8 ay 14 gün, 16.04.1993-cü ildən 15.05.1995-ci ilədək (qaynaqçı) 2 il 29 gün, 13.06.1999-cu ildən 15.02.2000-ci ilədək (qaynaqçı) 08 ay 2 gün, 21.02.2000-ci ildən 02.10.2006-cı ilədək (qaynaqçı) 6 il 7 ay 11 gün, 02.10.2006-cı ildən 16.10.2007-ci ilədək (qaynaqçı) 1 il 14 gün olmaqla, ümumilikdə 13 il 10 ay 12 gün təşkil edir. Lakin bu müddətin 2 il 8 ay 2 günü- "xxxx" kiçik müəssisəsində işlədiyi müddət cavabdeh tərəfindən mübahisələndirilir. Məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğularına verilmiş cavab məktublarından da görünür ki, iddiaçının 01.08.1990-cı ildən 15.04.1993-cü ilədək “qaynaqçı” işlədiyi "xxxx" Kiçik Müəssisəsi ilk dəfə Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 31.12.1991-ci il tarixdə 75 saylı sərəncam ilə dövlət qeydiyyatına alınmışdır. Yəni, müəssisə 31.12.1991-ci ildən artıq mövcud olmuşdur. Belə olan halda iddiaçının həmin müəssisədə işlədiyi müddət həmin tarixdən etibarən nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan isə müəssisənin həmin dövrdə (31.12.1991-15.04.1993) mövcud olmaması və ya həmin dövrlə bağlı əmək kitabçasında aparılmış qeydin səhv olması ilə bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Cavabdehin göstərdiyi “müəssisənin arxiv sənədlərinin saxlanılmaması və Azərbaycan Respublikası X11 rayon filialına verilməməsi” isə iddiaçının işlədiyi "xxxx" kiçik müəssisəsinin həmin dövrdə mövcud olmaması və ya iddiaçının həmin müəssisədə işləməməsi barədə qənaətə gəlməyə əsas vermir. Bundan başqa, iddiaçının 02.10.2006-cı ildən 16.10.2007-ci ilədək qaynaqçı işlədiyi (1 il 14 gün) "xxxx" MMC tərəfindən əmək haqqından məcburi dövlət sosial sığorta yığımlarının tutulmasını təsdiq edən müvafiq sənədlər DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmasa da, "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş arayışlarda iddiaçının həmin dövrdə qaynaqçı işlədiyi peşənin zərərli olması təsdiq edilməklə yanaşı, həm də iddiaçının əmək haqqından 25% hesablanmış sosial sığorta yığımlarının bank vasitəsilə DSMF-na köçürüldüyü də bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 02.10.2006-cı ildən 16.10.2007-ci ilədək işlədiyi müəssisə tərəfindən onun əmək haqqından tutulmaların aparıldığını təsdiq edən sənədlərin müvafiq orqan tərəfindən təqdim oluna bilməməsi və ya belə sənədlərin hazırda müəssisə tərəfindən məhkəməyə təqdim oluna bilməməsində iddiaçının təqsiri yoxdur, iddiaçının həmin dövrdə “əmək haqqından tutulmaların müəssisə tərəfindən aparılıb müvafiq orqana köçürülməsinə nəzarət etmək” deyə bir öhdəliyi olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrdə əmək haqqından tutulmaların aparılması ilə bağlı müəssisə tərəfindən məhkəməyə verilmiş arayış mötəbər sübut olmaqla yanaşı, məcburi sosial sığorta yığımlarının həmin dövrdə həqiqətən aparılmasını da təsdiq edir. Bununla da məhkəmə kollegiyası iddiaçının işlədiyi “qaynaqçı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bölmədə “Ümumi peşələr” sırasında olan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olub, həmin dövr üzrə onun güzəştli iş stajının 57 yaşının tamam olduğu 26.04.2017-ci il tarixə 12 il 6 aydan artıq təşkil etdiyini və işlədiyi peşənin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verdiyinin iş yeri tərəfindən təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddianın tam təmin olunması barədə qərar qəbul edilərkən bir sıra nöqsanlara yol verildiyindən- iddiaçının işlədiyi "xxxx" Kiçik Müəssisəsi ilə bağlı tam araşdırma aparılmadığından, iddiaçının tələbinin təmin olunmasının mümkünlüyü “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin deyil, 9.1-ci maddəsinin dispozisiya şərtləri daxilində də yoxlanılmadığından, bununla da maddi hüquq normaları səhv tətbiq olunduğundan, həmçinin güzəştli şərtlərlə pensiyanın iddiaçıya neçə yaşdan, hansı tarixdən təyin edilməsi göstərilmədiyindən qərar ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparıb, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmadan qərar qəbul edərkən maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilərək, iddiaçının 31 dekabr 1991-ci il tarixdən 15 aprel 1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiyi müddət onun sığorta stajına daxil edilməli, ona 57 yaşdan, yəni 26 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4399/2020 saylı 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı 31 dekabr 1991-ci il tarixdən 15 aprel 1993-cü il tarixədək "xxxx" Kiçik Müəssisəsində işlədiyi müddət onun sığorta stajına daxil edilsin. İddiaçı 57 yaşdan, yəni 26 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-181/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-181/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver