Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-181/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi (İPM m.34.1.) ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 saylı evin yaxınlığında icarəsində olan 20,4 kv.m torpaq sahəsi üzərində yerləşən 16,6 kv.m ölçüdə tikiliyə (qeyri-yaşayış sahəsi kimi) mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmirşdir. İddianın əsaslarına görə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən, ümumi sahəsi 16.6 kv.m olan qeyri-yaşayış sahəsi 10 ildən çox ilkin sahib X2 notariat təsdiqli etibarnaməsi ilə, sonradan isə alqı-satqı müqaviləsi əsasında onun sahibliyində olmuşdur. 29 dekabr 2017-ci il tarixdə iddiaçı adına rəsmiləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov RİH-ə müraciət etmiş və sonuncunun 29 dekabr 2017-ci il tarixli 556 saylı “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə onun adına sənədləşdirilməsi haqqında” sərəncamı ilə həmin obyektin təqdim olunmuş layihəsinə uyğun olaraq mövcud vəziyyətdə iddiaçının adına sənədləşdirilməsinə icazə verilmiş və əmlakın daşınmaz əmlakın dövlət reyestrinin aidiyyəti ərazi orqanında onun adına rəsmiləşdirilməsi tövsiyyə olunmuşdur. Tikinti Obyektinin istismarı ilə bağlı verilmiş 11 yanvar 2018-ci il tarixli 3 nömrəli icazə sənədində göstərilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 18 yanvar 2018-ci il tarixdən Nərimanov rayonu, M.K.Atatürk prospekti, 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tikinti obyektinin istismarına icazə verilsin. Bundan başqa, obyektin memarlıq-planlaşdırma bölməsi layihəsi Nərimanov RİH tərəfindən də 2017-ci il tarixdə təsdiq edilmiş, yəni razılaşdırılmışdır. İddiaçı ötən il hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə yazılı müraciət edərək 16.6 kv.m ölçüdə tikilinin onun adına mülkiyyət hüquqları ilə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını və bununla əlaqədar ona reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh orqandan onun ünvanına daxil olmuş 17 sentyabr 2021-ci il tarixli bildirişlə hüquqlarının qeydiyyatından imtina edilmişdir. İmtina bildirişinin əsas dəlili bu idi ki, onun torpaq sahəsi üzərində hüquq müəyyənedici sənədi yoxdur. Halbuki, bu irad artıq aradan qaldırılmışdır. İddiaçı 22 iyun 2022-ci il tarixində hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana inzibati icraat qaydasında müraciət edib, hüquqlarının qeydiyyatı məsələsinə təkrar baxılmasını və həmin tikilinin adına mülkiyyət hüquqları ilə qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını, müvafiq çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Lakin bir aydan çox müddət keçməsinə baxmayaraq, iddiaçıya cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə təqdim olunmuş 27 oktyabr 2022-ci il tarixli məktubunda iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyriyaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair və tikintiyə icazə sənədi, razılaşdırılmış layihə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının istismarına icazə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bundan başqa, qeyri-yaşayış binasına texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********73 saylı 17 sentyabr 2021-ci il tarixli və **********90 saylı 9 avqust 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli binanın yaxınlığında yerləşən 16,6 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair və tikintiyə icazə sənədi, razılaşdırılmış layihə təqdim edilməmişdir. Həmçinin qeyriyaşayış binasının istismarına icazə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 saylı evin yaxınlığında icarəsində olan 20,4 kv.m torpaq sahəsi üzərində yerləşən 16,6 kv.m ölçüdə tikiliyə (qeyri-yaşayış sahəsi kimi) mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyat öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları araşdırıldıqda mübahisənin aşağıdakı faktiki halları müəyyən edilir: - xx.xx.2019-cu il tarixdə notarial qaydada satıcı X3 ilə alıcı (iddiaçı) İddiaçı arasında notarial qaydada bağlanmış daşınmaz Əmlakıalqı-satqı-müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı İ.Cabbarov DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindan ona verilmiş reystrdə 30/2163 qeydiyyat nömrəli Texniki Pasporta əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən, ümumi sahəsi 16.6 kv.m olan qarajı (qeyri-yaşayış sahəsi) iddiaçıya satmışdır. - Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 nömrəli evin yaxınlığında yerləşən bir mərtəbədən, 16,6 kv.m sahədən ibarət tikilinin (qeyri-yaşayış binasının) "xxxx" MMCnin tərtib etdiyi layihə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin memarı tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 29 dekabr 2017-ci il tarixli 556 nömrəli sərəncamı ilə Atatürk prospekti, 3 saylı evin yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin təqdim edilmiş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin tikinti obyektinin istismarına icazə barədə 11 yanvar 2018-ci il tarixli 3 nömrəli sənədindən isə görünürünür ki, sifarişçisi X4 olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 3 ünvanında yerləşən tikilinin istismarına icazə vermişdir. - 31 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə hazırkı İddiaçı arasında qeyri-yaşyış sahəsinə aid Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 318 ünvanında yerləşən 27,1 kv.m ölçüdə torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Lakin konkret halda, cavabdeh orqanın apellyasiya şikayətində mübahisələndirir ki, qeyriyaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair, razılaşdırılmış layihə, habelə tikintiyə icazə sənədi təqdim edilməmiş, qeyri-yaşayış binasının istismarına icazə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan qeyri-yaşayış sahəsi (qaraj) iddiaçıya satılmamışdıan əvvəl cavabdeh orqan tərəfindən tərtib olunmuş və reyestr qeydiyyatına götürülmüş Texniki Pasporta əsasən X3 adında vətəndaşa məxsus olmuş, həmin Texniki Pasport əsasında həmin qaraj formalaşmış praktikaya əsasən notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, bundan sonra iddiaçı orada Bakı şəhəri Nərimanov RİH (qurumun memarı) tərəfindən təsdiq edilmiş eskiz layaihə əsasında yenidənqurma işləri aparmış, Nərimanov İHB sərəncamı ilə qeyriyaşayış sahəsinin layihəyə uyğun mövcud vəziyyətində iddiaçının adına sənədləşdirilməsi barədə göstəriş verilmişdir. xx.xx.2018-ci il tarixdə isə Nərimanov İHB tərəfindən iddiaçıya tikinti obyektinin istismarına icazə sənədi verilmiş və bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi icarə müqaviləsi əsasında iddiaçının iistifadəsinə verilmişdir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, Nərimanov İcra Hakimiyətinin tikintinin mövcud vəziyyətdə iddiaçının adına sənədlərşdirilməsi barədə sərəncamı və onun torpaq sahəsinə dair icarə müqaviləsi - tikintiyə icazəni və torpaqayırma sənədini ehtiva (əhatə) etmiş olur. Obyektin eskiz layihəsinə gəldikdə isə, işə əlavə olunmuş həmin layihədən görünür ki, Nərimanov RİH-nin memarı tərəfindən razılaşdırılaraq təsdiq olunuşdur. Cavabdeh obyektin istismarına icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmədiyini mübahisələndirən dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixlu Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: -(4.11.11.5) «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; - (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.11.11.5-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarında icra hakimiyyəti başçılarına aid edilmir. Əsasnaməyə əlavə olunan “Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturu vahidinin sayı”nda həmin rayonlar üzrə təsərrüfat şöbələrində 1 ştat vahidi böyük məsləhətçi (memar) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2008-ci il tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş «İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların Təsnifatı»na görə istismara yararlı olduğu halda, eləcə də dağılması zamanı müxtəlif miqyaslı istisadi, sosial və ekoloji nəticələrə səbəb olan bina və qurğuların məsuliyyət səviyyəsinin uçotu üçün üç səviyyə təyin olunur: - (İ məsuliyyət səviyyəli bina və qurğular) tutumu tutumu 10.000 kub metr və daha çox olan neft, neft və kimya məhsullarının saxlandığı çənlər, su və istilik elektrik stansiyaları, həcmi 10 milyon kub metr və daha çox olan su anbarları, neft, neft və kimya məhsulları, qaz, su, çirkab suları nəql edən magistral boru kəmərləri, üstüörtülü tribunalı idman qurğuları, konsert sərgi salonları, kinoteatrlar, teatrlar, muzeylər, dövlət arxivləri, metropoliten tunelləri və stansiyaları, üzunluğu 50 metr və daha çox olan körpülər və yol ötürücüləri, hündürlüyü 100 metr və daha çox olan rabitə qurğuları, hündürlüyü 100 metr və daha çox olan tüstü boruları, 24 metr və daha çox aşırımı olan üstüörtülü sənaye və ictimai obyektlər, nadir (unikal) bina və qurğular: - (İİ məsuliyyət səviyyəli bina və qurğular) İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, Yaşayış evləri (12 metr hündürlüyədək yaşayış evləri istisna olmaqla), təhsil və səhiyyə obyektləri, mədəni-məişət, sosial və infrastruktur təyinatlı obyektlər, istehsalat, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə binalar və qurğular; - (İİİ məsuliyyət səviyyəli bina və qurğular) 12 metr hündürlüyədək fərdi yaşayış evləri, parniklər, istixanalar, yay pavilyonları, kiçik anbarlar və buna oxşar tikililər. Məhkəmə kollegiyası hesab deir ki, Nazirlər Kabinetinin sözügedən qərarı ilə təsdiq olunmuş sözügedən Təsnifat qüvvəsini saxladığı halda da iddiaçıya məxsus mübahisəli tikili İ və İİ məsuliyyət səviyyəli binalara (qurğulara) aid edilir. Həm də nəzərə almaq lazımdır ki, bundan əvvəl tikiliyə dair iddiaçının adına cavabdehin özü tərəfindən texniki pasport verilmiş və inzibati praktikasında əvvəllər bu qəbildən olan sənəd qarajlara və ona bənzər tikililərə dair txniki pasport verilirdi. Tikilinin sahəsinin 20 kv.m-dən az olması və İİİ məsuliyyət səviyyəli binaların dairəsi yalnız anbarlarla məhdudlaşmadığı nəzərə alındıqda, mübahisəli tikili anbara oxşar tikili kimi təqdim olunmasa belə, ona bənzər bir tikilidir. Həmin tikilinin istismarına icazənin məhz, Nərimanov Rayan İcra Hakimiyyəti tərəfindən verilməsi də onu deməyə əsas verir ki, tikili İİİ səviyyəli tikilidir. Nərimanov Rayan İcra Hakimiyyətinin sərəncam və icazə sənədi qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iddianın təmin olunması barədə gəldiyi nəəticə sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olaraq düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1922/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1922/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-181/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-181/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver