Məhkəmə qərarları › İş №2-1(103)-1810/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1810/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1810/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 avqust 2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 31 dekabr 1980-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı tikinti idarəsində 26.03.1983-01.07.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələri qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960cı ildə Zaqatala rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli notarial qaydada tərcümətəsdiq edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 14.10.1978-ci ildən 19.10.1980-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 22.12.1980ci ildə “Azərbaycantransstroy” trestin SU-445 idarəsinə 31-ci dərəcəli köməkçi fəhlə kimi işə qəbul olunub, 26.03.1983-cü ildə 2-ci dərəcəli bənna verilib, 01.07.1988-ci ildə usta keçirilib, 01.07.1990-cı ildə iş icraçısı keçirilib (ştat cədvəlinə müvafiq əmək haqqı ilə), 15.09.1991-ci ildən baş iş icraçısı vəzifəsinə keçirilib, 08.04.1993-cü ildən iş icraçısı keçirilib (ştat cədvəlinə müvafiq əmək haqqı ilə), 04.01.1998-ci ildən işdən azad edilmiş, 10.08.2000-ci ildə Bakı Metropoliteni İdarəsinə işə qəbul edilmiş, 29.07.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, 01.09.2006-cı ildə “X2” MMC-də Tikinti üzrə İş İcraçısı vəzifəsinə işə qəbul edilmiş, 01.11.2007-ci il tarixdə vəzifəsi Takelaj üzrə Supervazyer vəzifəsinə keçirilmiş, 31.12.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 01.01.2008-ci ildə "xxxx" MMC-yə Takelaj üzrə Supervazyer vəzifəsinə işə qəbul edilmiş, 06.04.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 08.01.2009-cu ildə "xxxx" MMC-yə Takelaj üzrə Supervazyer vəzifəsinə işə qəbul edilmiş, 05.01.2010-cu ildə Takelaj üzrə dəstə rəhbəri vəzifəsinə keçirilmiş, 30.12.2013-cü ildə əmək müqaviləsinə xitam verilmiş, 07.01.2014-cü ildə "xxxx" MMC-yə Takelaj üzrə dəstə rəhbəri vəzifəsinə işə qəbul edilmiş, 01.09.2014-cü ildə əmək müqaviləsinə xitam verilmiş, 20.06.2016-cı ildə "xxxx" MMC-yə Baş texniki nəzarətçi vəzifəsinə təyin edilmiş, 19.07.2016-cı ildə əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 fevral 2020-ci il tarixli, **********1 nömrəli bildirişdən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 9.1 və 9.8-ci maddələrinə uyğun olaraq tənzimlənir. Bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 (01.07.2017-ci ildən 60) yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun 01.01.2006-cı ilədək tələb olunan azı 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı olmadığından pensiyasının ödənişi dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.05.2020-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının 14.05.2020-ci il tarixində daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi 31 dekabr 1980-ci il tarixli, ИТ-0581347 nömrəli əmək kitabçasına əsasən “Azərnəqliyyattikinti” Trestinin 445 saylı tikinti idarəsində 26.03.1983-01.07.1990-cı il tarixləri arasındakı dövr ərzində bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixləri arasındakı dövr ərzində isə baş iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC 445 saylı Tikinti İdarəsi tərəfindən verilmiş 11-A nömrəli, 02.11.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 22.12.198-ci il tarixdən 04 yanvar 1998-ci il tarixinə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində aşağıda qeyd olunan peşə və vəzifələr üzrə işləmişdir: 22.12.1980-ci ildə bənna briqadasına 1-ci dərəcəli yardımçı fəhlə peşəsinə qəbul edilib, 26.03.1983-cü ildə bənna briqadasına 2-ci dərəcəli bənna keçirilmiş, 01.07.1988-ci ildə tikinti işləri üzrə usta vəzifəsinə keçirilmiş, 01.07.1990-cı ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 15.09.1991-ci ildə tikinti işləri üzrə sahələrə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 08.04.1993-cü ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 04.01.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Birinci instansiya məhkəməsi işin hallarına 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 24-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 22.12.1980-ci ildən 04 yanvar 1998-ci il tarixə qədər “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində işlədiyi peşə və vəzifələr (bənna, usta, iş icraçısı, böyük iş icraçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-cii l 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Bundan əlavə onun güzəştli şərtlərlə pensiya hüququ yarandığı dövrə qədər, yəni 29.06.2017-ci il tarixədək xüsusi iş stajı ilə yanaşı, 25 ildən çox sığorta stajı mövcud olmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı 01 avqust 2019-cu il tarixdən etibarən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməli və ona 01 avqust 2019-cu il tarixdən pensiyanın yenidən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçının işlədiyi “Azərnəqliyyattikinti” ATSC-yə sorğu ünvanlanaraq İddiaçı “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində 26.03.1983-01.07.1990-cı il tarixləri aralığındakı dövr ərzində işlədiyi bənna və usta, 15.09.1991-08.04.1993-cü il tarixləri aralığındakı dövr ərzində işlədiyi baş iş icraçısı peşələrinin vəzifələrinin nədən ibarət olması, eyni zamanda, qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatları, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-na uyğunluğu barədə məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. “Azərnəqliyyattikinti” ATSC tərəfindən məhkəməyə ünvanlanmış 05 nömrəli, 14.07.2021-ci il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən “Azərnəqliyyattikinti” trestinin 445 saylı tikinti idarəsində 26.03.1983-cü ildə bənna briqadasının tərkibində 2-ci dərəcəli bənna vəzifəsinə keçirilmiş, 01.07.1988-ci ildə tikinti işləri üzrə usta vəzifəsinə keçirilmiş, 01.07.1990-cı ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmiş, 15.09.1991-ci ildə tikinti işləri üzrə sahələrə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 08.04.1993-cü ildə tikinti işləri üzrə sahəyə iş icraçısı vəzifəsinə keçirilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısı”-da “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin “a” və “b" bəndlərində nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifələri ilə eynilik təşkil edir. Göründüyü kimi iddiaçının işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərinin siyahısı”-da nəzərdə tutulmuş vəzifələrlə eynilik təşkil etdiyindən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək 25 ildən çox il sığorta stajına malik olmuş və bu müddətin 12 il 6 ayın-dan çoxunu güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrdə çalışmışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-1210/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar