Məhkəmə qərarları › İş №2-1(103)-1811/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1811/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1811/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə müharibə veteranı adının verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 1991-1992-ci illərdə Babək rayonunun Buzqov və Gərməçataq kəndləri ərazisində gedən hərbi döyüşlərdə iştirak etməsini nəzərə alaraq, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının hərbi biletində 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməyi barədə Babək Rayon Hərbi Komissarlığında qeydlər aparılmış və hərbi komissarın imza və möhürü ilə təsdiq edilmişdir. Belə olan halda hesab edir ki, hərbi biletində 1991-1992-ci llərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməyi barədə qeydlər olduğuna görə məhkəmə təqdim olunmuş şahidlərin ifadələri əsasında həmin döyüşlərdə iştirak edib-etmədiyini araşdırmalı idi. Məhkəmə öz qərarında yalnız Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Dövlət Müdafiə Komitəsinin Arxivindəki siyahılarda adının olmadığına əsaslanıb, iddia tələbini təmin etməmiş, ona məxsus hərbi biletdə isə döyüş əməliyyatlarında iştirak etməyi barədə qeydlərin aparılmasına, şahidlərin dəvət edilib ifadə verib-verməməsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə obyektiv, hərtərəfli və tam araşdırma aparmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, cavabdehin Babək rayon idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 149 nömrəli imtina məktubundan müəyyən edilir ki, iddiaçının göndərdiyi sənədlər tam olmadığı üçün “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsi mümkün olmamışdır. Məlumat üçün, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarına əsasən, “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya təqdim etmək üçün 3x4 sm ölçüdə, qırmızı fonda mat kağızda, 4 ədəd rəngli fotoşəkil (başı açıq, anfas), hərbi biletin təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti, arxiv arayışları, əmrdən çıxarışlar və rayon icra başçısının təsdiq etdiyi arayış olmalıdır. Sənədləri tam təqdim etdiyi təqdirdə “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi üzrə komissiyaya göndərilməsi təmin olunacaqdır. Babək RİH-in xx.xx.2019-cu il tarixli 380 nömrəli məktubuna əsasən, Babək RİH-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin siyahıları olmadığından, iddiaçının döyüş əməlyyatlarında iştirakı barədə Babək RİH-də heç bir məlumat yoxdur. Cavabdehin xx.xx.2019-cu il tarixli 7216 nömrəli məktubuna görə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci bəndinə əsasən, qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları (özünümüdafiə dəstələrinin və birləşmələrinin) təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Lakin Babək RİH tərəfindən qeyd olunan siyahı cavabdehə təqdim edilməmişdir. Babək RİH-in xx.xx.2020-ci il tarixli 13 nömrəli məktubuna əsasən, araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı Babək RİH-də mövcud olmadığından həmin şəxslər barədə məlumatlar RİH tərəfindən cavabdehə təqdim edilməmişdir. Cavabdehin Babək rayon idarəsinin xx.xx.2020-ci il tarixli 168 nömrəli və xx.xx.2020-ci il tarixli 238 nömrəli məktublarına görə, iddiaçının 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməsi barədə İdarənin arxivində hər hansı məlumat aşkarlanmamış, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məktubunda iddiaçının barəsində Naxçıvan Dövlət Müdafiə Komitəsinin arxivində saxlanılan Nizami hissə üzrə əmrlər kitabında heç bir məlumatın olmadığı bildirilmişdir. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Sadalanan normativ-hüquqi aktların müddəalarının təhlili və Konstitusiya Məhkəməsinin məsələyə dair şərhindən çıxan nəticəyə görə, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə, o cümlədən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda adının olmasına dair rəsmi məlumata (o da döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda mötəbər sayıla bilərdi) malik deyil. O, belə bir sənəd kimi yalnız hərbi biletinin 25-ci səhifəsində Babək hərbi komissarının “1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüşlərdə döyüşçü kimi iştirak etmişdir” məzmunlu qeydinə istinad edir. Halbuki, bu qeyd döyüşlərdə iştirak edən hərbi hissənin komandiri tərəfindən təsdiq edilməli idi. Bundan əlavə, cavabdehin Babək rayon idarəsinin özü xx.xx.2020-ci il tarixli məktubunda bu faktı təkzib edərək, iddiaçının 1991-1992-ci illərdə Buzqov və Gərməçataq kəndləri uğrunda gedən döyüş əməliyyatlarında döyüşçü kimi iştirak etməsi barədə İdarənin arxivində hər hansı məlumatın aşkarlanmadığını bildirilmişdir. Şikayətin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi faktının müharibə vereranlarının şahid ifadələri ilə təsdiq edilə biləcəyi barədə dəlili də əsaslı deyil. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, əgər qanunvericilik imperativ qaydada işin konkret halının rəsmi sənədlə təsdiq edilməli olduğunu tələb edirsə, həmin hal şahid ifadələri ilə təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona veteran adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM- 14.3), “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iddiaçının iştirakını təsdiq edən sənədlərin təqdim edilməməsinə əsaslanan imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1256/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar