Məhkəmə qərarları › İş №2-1(103)-1811/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1811/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1811/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X4) kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4 işə cəlb edilməklə ünvan 1 ünvanındakı daşınmaz əmlaka istifadə hüququnun itirilməsinə görə alınmanın təsirinə məruz qalan iddiaçıya 25.000 (iyirmi beş min) manat kompensasiya ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə hesab etmişdir ki, iddiaçı yalnız mülkiyyətçiyə qarşı tələb irəli sürməlidir. Lakin, məhkəmə nəzərə almamışdır ki, torpaqların dövlət ehtiyacları üçün alınmanın təsirinə məruz qalan şəxs bu müqavilədən xəbərsizdirsə, həmçinin, yaşayış sahəsinə buraxılmırsa, o halda mülkiyyətçiyə qarşı necə tələb irəli sürməlidir? Eyni zamanda, inzibati orqan qeidiyyatda olan şəxslərin razılaşdırılmasını mülkiyyətçinin üzərinə öhdəlik olaraq qoymalıdır. Ona görə də hesab edirik ki, məhkəmə qüvvədə olan qanunvericiliyn tələblərini nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki: - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 3/12 hissədə paylı mülkiyyət hüququ ilə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007667 nömrəli, 30.05.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1, X2 və digər payçıların mülkiyyətində olmuşdur. - AN-İ seriyalı, 25.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən X4 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 3/12 hissədə, 130839 manat 00 qəpik (bir yüz otuz min səkkiz yüz otuz doqquz manat sıfır qəpik) müqabilində Bakı şəhəri Cavabdehnə satmışdır. Müqavilənin 8-ci və 9-cu bəndlərinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. - 10.01.2020-ci il tarixli, notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 fevral tarixli 51 nömrəli və 2018-ci il 29 dekabr tarixli 572 nömrəli qərarları ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.60 kv.m olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması və ikinci tərəfin həmin obyektə görə ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşməsi ilə əlaqədar Cavabdeh nümayəndəsi X9 ilə sözügedən yaşayış obyekti dövlət ehtiyacları üçün alınanadək onun sahibi X4 arasında 20160 (iyirmi min yüz altmış) manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabına köçürülməsi, ikinci tərəfin müvafiq bankda açılmış bank hesabına 20160 (iyirmi min yüz altmış) manat vəsait köçürüldüyü andan etibarən ünvan 2 ünvanında yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduğu yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələbinin olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacağı və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlara (KİV), qeyri-hökümət təşkilatlarına və digər təşkilatalara heç bir şikayətinin olmayacağı və etməyəcəyi barədə öhdəliklər götürülmüşdür. - AZ-İ seriyalı, 308930 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında olan nikah 24.09.2009-cu il tarixdə pozulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı yuxarıda qeyd edilən müqavilələri mülki icraat qaydasında mübahisələndirməmiş və hal-hazırda müqavilələr qüvvədədir. Lakin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin alğısatqı müqavilələri qüvvədə ola-ola, artıq özgəninkiləşdirdikləri əmlaka görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alğı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etdiyindən, Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilməmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinə istinad etməsinə baxmayaraq həmin maddəsinin torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən şəxsin subyektiv hüququnun yarandığını nəzərə almamışdır. Baxılan iş üzrə iddiaçı X4 AN-İ seriyalı, 25.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 3/12 hissədə, 130839 manat 00 qəpik (bir yüz otuz min səkkiz yüz otuz doqquz manat sıfır qəpik) müqabilində Bakı şəhəri Cavabdehnə satmışdır. Müqavilənin 8-ci və 9-cu bəndlərinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Yaranmış vəziyyətdə iddiaçı mübahisəli mənzilə dair mülkiyyət, eyni zamanda istifadə hüququnu, dolayısı itirmişdir. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ da yaranmamışdır. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Ona görə də, iddiaçının hazırki iddiası mümkün sayıla bilməzdi və 1-ci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə qərardadı düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahİsaləndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5442/2020 saylı, 17.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar