Məhkəmə qərarları › İş №2-1(103)-1811/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1811/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1811/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7315/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inziabti işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-633/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459.46 manat hesablanması tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-633/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459.46 manat hesablanması tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7315/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7315/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7315/2021 saylı 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləvğ edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 373/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 noyabr tarixli, 2-1(103)-2617/2021 nömrəli qərardadı ləğv edilərək, işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Növbəti apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə (əvvəlki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə) ərizə ilə müraciət etmiş və iddiaçının müraciətindən cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla imtina edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına isə ümumiyyətlə müraciət etmədiyindən iddia mümkün sayılmamalıdır. İşə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının vaxtilə müraciət etdiyi inzibati orqanın vəzifə və səlahiyyətlərinin digər orqana hüquq varisliyi qaydasında ötürülməsi iddiaçının üzərinə həmin orqana eyni məzmunlu ərizə ilə müraciət etmək öhdəliyi qoymur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi ilə ona verilmiş imkandan istifadə etməklə inzibati orqanın imtinası ilə razılaşmayaraq yuxarı orqana müraciət etmişdir (iş v. 20). Lakin həmin müraciətin təqdim olunduğuna, ona yuxarı inzibati orqan tərəfindən baxıldığına və iddiaçıya cavab verildiyinə dair işdə məlumat yoxdur. Deməli, - iddianın növündən, bu növ iddialara müddətin tətbiq olunmasından asılı olaraq, - iddianın verilməsinin müddətinə əməl olunub-olunmaması ilə bağlı işin halları həm də İPM-in 38.3-cü maddəsinin tələblərinə uyğun yoxlanılmalı idi. AR İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi ilə ona verilmiş imkandan istifadə etməklə inzibati orqanın imtinası ilə razılaşmayaraq yuxarı orqana müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı, tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7315/2021 saylı, xx.xx.2021-ci tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya məbləğinin hesablanması tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar