Məhkəmə qərarları › İş №2-1(103)-1812/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1812/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1812/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarda dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-4589/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə əsasən onun aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qərarının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-4589/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-4589/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının, Ermənistan Respublikası ilə müharibə şəraitində olmasını nəzərə aldıqda onun xidmət etmiş olduğu N nömrəli hərbi hissənin taboru Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ordu hissələrinin yerləşdiyi xətdə, yəni, cəbhədə yerləşir. Belə olan halda o, travmanı həmin taborda, yəni cəbhədə olduğu dövrdə xidməti vəzifələrini yerinə yetirərkən almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası onu şəhadətləndirərkən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “c” yarımbəndinə istinadən xəsarətin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarı çıxarmalı idi. Xəstəliyin səbəbli əlaqəsinin dəyişdirilməsi təkrar şəhadətləndirilmə nəticəsində mümkündür. Belə olduğu halda ona təyin edilmiş diaqnozun səbəbli əlaqəsinin dəyişilməsini xahiş etməklə əslində o, təkrar şəhadətləndirilməyini istəyir. Belə ki, müraciətindən də görünür ki, o, cavabdehə müraciət edərək aldığım xəsarət barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Yəni barəsində çıxarılmış qərarın dəyişdirilməsini deyil, yeni qərar çıxarılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-4589/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. İş materiallarına əsasən müəyyən olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 334 nömrəli, 12.06.2012-ci il tarixli Qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi həmin tarixdən qərardan xəbərdar olmuşdur. Buna baxmayaraq iddiaçı məhkəməyə 8 ildən çox müddət keçdikdən sonra müraciət etmişdir. Ona görə də 1-ci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamışdır. İddiaçı apellyasiya şikayətində müddətin üzürlü səbəbdən ötürülməsi haqqında hər hansı dəlil göstərməmişdir. Şikayətini əsasən, imtinanın əsassızlığı üzərində qurumuş, bu barədə dəlillər göstərmiş və müvafiq normativ hüquqi aktlara istinad etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(112)-4589/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar