Məhkəmə qərarları › İş №2-1(103)-1812/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1812/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1812/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9491/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 fevral 2018-ci il tarixindən 3-cü dərəcəli ürək çatışmazlığı üzündən 2-ci qrup əlilliyə görə pensiya almışdır. Pensiya müddətinin uzadılması üçün poliklinikadan Komissiyaya göndərilmiş sənədlərinə imtina cavabı verilmişdir və ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilmişdir. İddiaçı 5 ildən artıq müddətdir ki, fasiləsiz müalicə olunur. Axırıncı dəfə Akademik C.Abdullayev adına ET Kordiologiya İnstitutunda xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında stasionar müalicə və müayinə olunmuş, xx.xx.2023-cü il tarixində Bakı Sağlamlıq Mərkəzində müayinə olunmuş və ürək çatışmazlığı səbəbindən cərrahi əməliyyat çox riskli olduğundan əməliyyat məsləhət bilinməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-9491/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik müddətinin uzadılmasından imtina edərək, ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə əyani müayinədən keçməyi barədə qərar vermiş və cavabdeh orqan özlərinin zəng edib ona vaxt deyəcəklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh qurumda əyani müayinədən keçmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinə kimi İİİ qrup üzrə əlillik müddəti bərpa olunmuşdur. xx.xx.2024-cü ilədək əyani müayinədən 4 ay sonra təkrar cavabdehə müraciət etməli olması məntiqsizdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, ona ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, dəqiqləşdirilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2018-ci il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İV FS. Angioplastika əməliyyatından sonrakı vəziyyət. Keçirilmiş miokard infarktından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ FS NYHA-QDÇ-İİ B insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip, orta ağır forma, insulinə tələbli Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə). - İddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası FS İİİ. İnfarktdan sonrakı kardioskleroz. Angioplastikadan sonrakı vəziyyət (LAD-a PTKA + 1STENT). İmtina səbəbi - Əlavə müailəciyə ehtiyacın olması, İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 26 oktyabr 2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1959cu il təvəllüdlü İddiaçı dair tibb müəssisəsinin T00081252LFM nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ekspertiza üçün əhəmiyyətli ağırlaşmaların müayinə edilərək aşkarlanması üçün əlavə müalicə qərarı verilmiş, qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinə olunaraq məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən uzun müddətdir özünü xəstə hesab etdiyini, 2017-ci ildə miokard infarktı keçirdiyini, stend implantasiyası olunduğunu bildirmiş, yüksək arterial təzyiqdən, sinədə göynədici ağrılardan, tənginəfəslikdən şikayət etmiş, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, kardiva, veroşpiron, siafor, atoris və s. preparatlar qəbul etdiyini söyləmiş, bəzi müayinə, stasionar müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş xx.xx.2023-xx.xx.2023-cü il tarixli ET Kardiologiya İnstitutuna aid epikrizdə diaqnoz “ÜİX. Sabit gərginlik stenokardiyası İİİ f.s. İnfarktan sonrakı kardioskleroz. Angioplastikadan sonrakı vəziyyət. Ürək çatmamazlığı İİİ f s. EF=30%. Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet - insulin tələbli. Serebral ateroskleroz.” olmuşdur. Obyektiv müayinə zamanı auskultasiyada ürək konları karlaşmış, ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, aşağı ətraflarda tük örtüyü seyrəlmiş, temperatur periferiyada daha aşağı olmuş, ödem müşahidə edilməmişdir. ƏƏSMN-nin nəzdində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorokal exokardioqrafiya müayinə nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, sistolik həcm artıb, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, apeks akinezdir, sistolik funksiya azalıb (LVEF =48%). Sol mədəcikdə əlavə xorda izlənildi. Aortal və Mitral qapaqlar fibrotikdir. Min AR. Min MR. Perikard təmizdir.” şəklində qeyd edilmiş, aşağı ətraf arteriyalarının doppleroqrafik müayinə nəticəsi “Magistral arteriyaların aterosklerozu. Sol tibial arteriyada ciddi stenozlar. Grade 2 angiopatiya.” olmuş (sol on tibial arteriyada monofazik axım), oftalmoloq müayinə nəticəsi VİS OD = 0,2 (onda iki) korreksiya ilə 0,3 (onda üç), VİS OS = 0,3 (onda üç) korreksiya ilə 0,4 (onda dörd) Diaqnoz: OU - QPDR. Artifakiya. Qarışıq astiqmatizm.” olmuşdur. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən vətəndaş barəsində Tibbi sosial ekspert komissiyası tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 2.3.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması, 11.2.5.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması, yekun olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 50% pozulması qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası İV FS. Angioplastika əməliyyatından sonrakı vəziyyət. Keçirilmiş miokard infarktından sonrakı vəziyyət. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ FS NYHA-QDÇ-İİ B insulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, İİ tip, orta ağır forma, insulinə tələbli Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə)). Daha sonra iddiaçıya xx.xx.2023-cü il tarixdə əlilliyin təyinindən əlavə müailəciyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasında əyani müayinə olunaraq tibbi-sosial ekspertizası həyata keçirilmiş, anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən iddiaçı barəsində Tibbi sosial ekspert komissiyası tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3.1-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması, 11.2.5.1-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% pozulması, yekun olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 50% pozulması qərarı verilmişdir. Hazırda iddiaçı cavabdehin 26 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əyani müayinə olunmuş, tibbi sənədlər və əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə uyğun olaraq ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə (xx.xx.2024-cü ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya ikinci dərəcə əlillik təyinatının aparılmasından imtina qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9491/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar