Məhkəmə qərarları › İş №2-1(103)-1813/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1813/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1813/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-585/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhərİ Binəqədi rayon İcra hakimiyyəti işçilərinin hərəkətlərinin, həmçinin xx.xx.2019-cu il tarixdə ünvanladıqları məktubda göstərdikləri əsasların qanunsuz hesab olunması və Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1994- cü il tarixli 426 saylı sərəncamı ilə fərdi avtomobili saxlamaq üçün qaraj tikmək məqsədilə onun sahibliyində, istifadəsində və mülkiyyətində olmuş, ümumi sahəsi 18 kv. metr olan ölçüdə verilmiş torpaq sahəsinin əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manatdan olmaqla, kompensasiya verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid” texniki pasporta əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manat olmaqla hesablanaraq, vurulmuş ziyanın Binəqədi rayon İcra hakimiyyətindən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-585/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 426 saylı Sərəncamı ilə fərdi avtomobilini saxlamaq üçün qaraj tikmək məqsədilə onun sahibliyinə və istifadəsinə ümumi sahəsi 18 kv. metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldıqda və yerində ölçülüb ona verildikdən sonra standart ölçüdə dəmir qaraj həmin sahədə quraşdırılmış və şəxsi mülkiyyəti kimi istifadə etməyə başlamışdır. xx.xx.2001-ci il tarixdə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını müəyyən edən texniki pasport verilmişdir. Qaraj Binəqədi rayon İcra hakimiyyəti tərəfindən abadlıq işlərinin görülməsi məqsədilə sökülmüş, abadlıq adı altında yaşıllıq sahəsi salınmışdır. Binəqədi rayon İcra hakimiyyətinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində ümumi sahəsi 18 kv. metrdən ibarət qarajına sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-585/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 5.000 (beş min) manat məbləğində pulun İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə rədd olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətindən 300 (üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli qarajdan faktiki olaraq istifadə etsə də, mülkiyyət hüququ olmamışdır. Məhkəmə nəzərə almalı idi ki, iş materiallarından da göründüyü kimi mübahisələndirilən qarajın müvəqqəti olaraq quraşdırılmasına icazə verilmişdir. Belə ki, mövcud qanunvericilikdə qarajlar müvəqqəti xarakter daşıdığından onlara dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmır. Qarajlara dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən texniki pasport tərtib olunur ki, bu da qarajlara dair mülkiyyət hüquqlarının olmasını sübut edən sənəd hesab olunmur. Bundan əlavə, iddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə bunu təsbit edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçıya məxsus qarajın cavabdeh tərəfindən söküldüyü heç bir sübutla təsdiq edilə bilinmədiyi halda işə baxan birinci instansiya məhkəməsi kompensasiyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. İş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş inzibati orqan tərəfindən iddiaçıya məxsus qarajların sökülməsi ilə əlaqədar hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Əgər belə bir sərəncam və yaxud göstəriş varsa, onda bu halın sübut edilməsi yükü iddiaçının üzərinə düşməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Binəqədi rayon İcra hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamı ilə Ə.Naxçıvani küçəsi 24 №li binanın 78-ci mənzilində yaşayan İddiaçı şəxsi avtomobilini saxlamaq üçün təsdiq edilib əlavə cizgi əsasında 6,0 x 3,0 metr ölçüdə qaraj yerinin ayrılması qərara alınmış və İddiaçı Binəqədi rayon Kommunal Təsərrüfat İdarəsi ilə müqavilə bağlamaq tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Binəqədi rayon İcra hakimiyyəti başçısının 426 №li xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən İddiaçı Məhərrəmli oğlunun adına Ə.Naxçıvani küçəsi 24 №li evin yaxınlığında xx.xx.2001-ci il tarixdə 937 inventar nömrəli Texniki pasport tərtib olunmuşdur. Texniki pasportda qeyd olunan məlumatlara əsasən qaraj sahibinin ev ünvanı Ə.ünvan 1 mənzil 78, qaraj sahibi İddiaçı Məhərrəmli oğlu, qarajın tutduğu sahə 18,0 kv. metr, tikildiyi il 1994, bünövrəsi beton, divarları dəmir, dam örtüyü dəmir, tkintinin hündürlüyü 2,20 metr, həcmi 39,6 kub metrdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 813 №li məktubu ilə sonuncuya bildirilmişdir ki, Binəqədi rayon İcra hakimiyyətinə ünvanladığı ərizə baxılması və görülmüş işin nəticəsi barədə məlumat verilməsi məqsədilə aidiyyəti üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. MKTB-nin əməkdaşları tərəfindən Ə.Naxçivani küçəsi 24 ünvanında aparılan araşdırma zamanı məlum olmuşdur ki, binanın həyəti aparılan abadlıq işləri zamanı sakinlərin qarajları abadlaşdırılan sahəyə düşdüyü üçün, 2019-cu ilin yay aylarında podratçı təşkilat tərəfindən vətəndaşlara verilmişdir. Qarajlar götürülən zaman sakinlərə məhəllədaxili quraşdırılmış dəmir qarajların müvəqəti xarakterli olduğu izah edilmişdir Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək ona Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın yaxınlığında yerləşmiş dəmir qarajın əvəzi olaraq hər kv. metr üçün 1.500 (bir min beş yüz) manat olmaqla hesablanaraq, vurulmuş ziyanın Binəqədi rayon İcra hakimiyyətindən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğuna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə müvafiq ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Hüseyn Məmmədovun məhkəmə eksperizasının aparılmasından imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli 4754 №-li məlumatında göstərilmişdir ki, qərardadda ekspertiza qarşısında iki sual qoyularaq, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğlunun istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №-li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın (iş materiallarında olan qarajın fotoşəkilləri nəzərə alınmaqla) real bazar dəyərinin nə qədər təşkil etdiyini müəyyən etmək tələb olunmuşdur. Tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, bağ evlərinin, qeyri yaşayış sahələrinin və binalarının və s. ümumilikdə daşınmaz əmlakların bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi mühəndis-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından və ya müxtəlif internet saytlarından konkret məlumatın əldə olunmasına aid olduğundan, Mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır. “X3” MMC tərəfindən verilmiş 231 №li xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixdə tərtib olunmuş 937 inventar nömrəli Texniki pasporta əsasən İddiaçı Məhərrəmli oğlunun istifadəsində olan (olmuş) və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 24 №li binanın qarşısında yerləşən (yerləşmiş) dəmir konstruksiyalı qarajın real bazar dəyəri 5.000 (beş min) manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. İddiaçının istifadəsində olan qaraj cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçıya qaraj yerinin ayrılması barədə qərarın qəbul edildiyi zaman qüvvədə olmuş- 1991-ci ildə qəbul edilən Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən, bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)21-ci maddəsinin 1-ci bəndinə əsasən, vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər: (...) yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri;... Həmin maddənin 3-cü bəndinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Qaraja dair səlahiyyətli dövlət orqanı tərəfindən qərar verildiyi nəzərə alındıqda, həmin qarajın qanuni əsaslarla (həm də məhz bu məqsədlə ayrılmış torpaq sahəsində) inşa edildiyi, buradan, iddiaçının həmin qaraja və onun altında yerləşən torpaq sahəsinə əşya hüququnun əldə edildiyi qəbul edilməlidir. Bu hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə minməsinədək hər hansı qaydada qeydə alınmaması həmin hüquqların varlığına təsir etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Kollegiya qarajın sökülməsi ilə iddiaçıya dəymiş ziyanla bağlı isə qeyd edir ki, Binəqədi rayon İcra hakimiyyətinin sərəncamının icrası nəticəsində iddiaçı ümumi sahəsi 18 kv. metrdən ibarət qarajına sahiblik, istifadə hüquqlarından məhrum olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılan zaman dəymiş ziyanın hansı məbləğdə olması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən iddiaçıya məxsus dəmir konstruksiyalı qarajın real bazar dəyəri 5.000 (beş min) müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-585/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar