Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1813/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Anar Tanrıverdiyev Vazir oğlunun və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021 saylı, 06 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması və verilən pensiya məbləğinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01.01.1993-cü ildən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli, 364 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29.12.1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur və 1992-ci – 2000-ci illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmişdir. 2008ci ilin mart ayından 2-ci qrup əlil kimi pensiyaya çıxmış və hal-hazırda Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədr müavini kimi “Məhkəmələr və hakimlər haqqında” Qanuna müvafiq olaraq pensiya alır. Pensiyasının yenidən hesablanması və verilən pensiya məbləğinə 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün Azərbaycanda mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin və hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün verilən 2 aylıq əmək haqqı həcmində pul məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Ona verilən pensiya miqdarının hesablanması zamanı hansı şərtlərin əsas götürülməsi barədə arayışın ona təqdim edilməsi ilə bağlı aidiyyət üzrə göstəriş verilməsinə dair 11.02.2020-ci il tarixli ərizəsinə və dəfələrlə şəxsən əlaqə saxlamasına baxmayaraq cavab verilməmiş və arayış təqdim edilməmişdir. Bundan əlavə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi üçün iddiaçının aldığı pensiya 01.01.2021-ci ildən başlayaraq qəsdən 750 manat azaldılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd edilmiş tələblərlə yanaşı, 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair 15.05.2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar, 1-ci ixtisas dərəcəli hakim-pensiyaçı olduğu üçün mövcud minimum əmək haqqının beş misli əlavə nəzərə alına bilməz. Göstərilənlərlə yanaşı, İddiaçı 01.09.200831.12.2008-ci il tarixləri arasındakı dövr ərzində 319797,18 manat ümumilikdə pensiya məbləği ödənilməli olduğu halda 422835,36 manat ödənildiyi aşkar edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)- 3338/2021 nömrəli qərardadı ilə iddia, 01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissəsində mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu barədə məhkəməyə qədər cavabdehə müvafiq ilkin müraciəti olmadığından iddia mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021 saylı, 06 may 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü il təvəllüdlü olmaqla, Azərbaycan Respublikası Milli Məclisinin 08 iyul 1992-ci il tarixli 203 saylı Milli Məclisin Qərarına əsasən 1992-2000-ci illərdə illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsində işləmiş və hazırda illərdə Azərbaycan Respublikası Arbitrac Məhkəməsi haqqında» Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 fevral 1992-ci il tarixli 78 №-li Qərarına əsasən illərdə Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavinin pensiyasına uyğun olaraq «Məhkəmələr və hakimlər haqqında» Qanuna müvafiq olaraq pensiya almışdır. Onun 65 yaşı tamam olmuşdur. Odur ki, təyin edilmiş pensiyasının növünün dəyişdirilərək ona yaşa görə pensiya təyin etməyi 25.02.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, nəticədə ədadətsiz olaraq aldığı pensiya məbləği azaldılaraq 02.04.2021-ci il tarixindən **********1 №-li pensiya işi üzrə ona yaşa görə 2762,11 manat məbləğində pensiya təyin edilib. Həm ilkin, həm də ona yaşa görə pensiya təyin edilən zaman aşağıda adları qeyd edilən AR Milli Məclisinin Qərarlarının və AR Prezidentinin 25 iyul 1997-ci il tarixli 625 №-li sərəncamınını ərizəyə əlavə etməsinə baxmayaraq «Məhkəmələr və hakimlər haqqında» AR Qanununa əsasən ona verilən pensiyanın miqdarının hesablanması zamanı verilən pensiya məbləğinə - Azərbaycan Respublikası İqtisadi Məhkəməsinin sədr müavini vəzifəsinə seçilməsi haqqında Milli Məclisinin qeyd olunan 08 iyul 1992-ci il tarixli 203 saylı qərarını “Məhkəmələr və hakimlər haqqında» Qanununa 08.10.2010-cu il tarixli Qanunla edilmiş dəyişikliyə və 01 yanvar 1993-cü ildən tətbiq edilən Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 06 dekabr 1993-cü il tarixli, 766 saylı Qərarına əsasən 1-ci ixtisas dərəcəli hakim –pensiyaçı olduğu üçün Azərbaycan Respublikasındakı mövcud minimum əmək haqqının 5(beş) misli əlavə edilməklə aylıq pensiya məbləğinin hesablanmasını xahiş etsə də həmin sənədlərə istinad edilmədən pensiyası düzgün hesablanmamışdır. Apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1924/2021 tarixli, 16.09.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-3338/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2022-ci il tarixli, 2-1(102)-274/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 21(103)- 1924/2021 nömrəli qərarı “minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından halhazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddianın rədd edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, həmçinin, apelyasiya instansiyası məhkəməsinin 16.09.2021-ci il tarixli, 2- 1(103)1924/2021 nömrəli qərarı “01 yanvar 2021-ci ildən başlayaraq 750 manat qəsdən azaldılmış pensiya məbləğinin yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə müdafiə edərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə 09.02.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya məhkəməsi tərəfindən iddiaçının hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş minimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsinə dair tələbi ilə bağlı qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hissədə işə baxılan zaman yuxarıda istinad olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. İş üzrə materialların tədqiqindən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci ixtisas dərəcəli hakimlər üçün iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın ona ödənilməsinə dair sübutların əldə edilməsi ilə bağlı öz təşəbbüsü əsasında müvafiq prosessual hərəkətləri həyata keçirməmiş, eləcə də bununla bağlı cavabdehdən və aidiyyəti qurumlardan (məsələn, dövlət arxivindən, iddiaçının iş yerindən və s.) müvafiq rəsmi məlumatların və sənədlərin əldə olunmasını təmin etməmişdir. Nəzərə almaq lazımdır ki, obyektiv araşdırma prinsipinin tələbləri baxımından qeyd olunan sübutların əldə olunmasında məhkəmə tərəflərə yardım göstərməli, eyni zamanda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən sübutları öz təşəbbüsü ilə toplamalıdır. Bu zaman həmçinin tərəflərin, xüsusən də iddiaçının sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır. Bu mənada apelyasiya məhkəməsi yalnız qeyd olunan xüsusatla bağlısübutlar əldə olunduqdan, yoxlanıldıqdan və məhkəmə tərəfindən tədqiq edildikdən sonra yekun qərar qəbul etməyə haqlıdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı tələbi onun birinci ixtisas dərəcəli hakimlər üçün müəyyən edilmiş minimum əmək haqqının beş misli məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə əsas iddiasının həllinə bağlıdır. Apelyasiya məhkəməsi tərəfindən əsas iddianın təmin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən olunduğu təqdirdə, yaranmış fərq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilməlidir.” Belə olan halda apellyasiya instansiya məhkəməsi qismində işə baxılarkən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını “1-ci ixtisas dərəcəli hakimpensiyaçı olduğu üçün Azərbaycan Respublikasında mövcud minimum əmək haqqının 5 misli əlavə edilməklə aylıq pensiya məbləğinin yenidən hesablanaraq verilməsi və 2008-ci ilin mart ayından hal-hazıradək verilməmiş əlavə haqq üzrə yaranmış fərqin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində yoxlayır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1954-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 №li qərarına əsasən iddiaçı birinci ixtisas dərəcəli hakim olmuşdur. İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçıya 20.02.2004-cü ildə İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir, 11.04.2008-ci ildə onun pensiyasının növü dəyişdirilərək hakim kimi pensiya təyin edilmişdir, bir neçə dəfə - 01.10.2010-cu, 01.11.2010-cu, 01.12.2013-cü, 01.05.2018-ci, 01.09.2019-cu illərdə pensiyası yenidən hesablanaraq artırılmış və sonuncu dəfə 07.01.2021-ci ildə pensiyası yenidən hesablanmışdır. O cümlədən, cavabdehin işə əlavə olunmuş 07.01.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçının pensiyası yenidən hesablanarkən, 2227,5 manat dövlət məvacibi, 15 faiz ixtisas dərəcəsinə görə 334,13 manat əlavə, 15 faiz qulluq stajına görə 334,143 manat əlavə və 25 faiz hakimiyyət səlahiyyətinin icrasına görə 556,88 manat əlavə haqq nəzərə alınmaqla, pensiyasının hazırkı məbləği 3.474,55 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Qanun 109-cu maddəsinin iddiaçıya hakim pensiyası təyin olunduğu 2008-ci ildə olan redaksiyası, eyni zamanda, Əmək pensiyaları haqqında” Qanunun 20.7.2.5-ci madəsi nəzərədə nəzərdə tuturdu ki, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya təyin edilir. Həmin maddənin 5-ci hissəsinə 06 mart 2018-ci il tarixli 1028VQD nömrəli Qanunla edilən dəyişiklik nəzərə alınmaqla, qüvvədə olan redaksiyasına görə Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər əlavə almaq hüququna malikdirlər. Həmin Qanunun 20.7-ci maddəsindən isə görünür ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 №li qərarına əsasən Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin birinci ixtisas dərəcəli sabiq hakimi olmuşdur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarında şərh vermişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində aldıqları vəzifə maaşları» dedikdə axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında əks olunan mövqedə göstərilir: “Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.” “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 04.11.1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq olaraq, təkrar apellyasiya baxışı zamanı araşdırma aparılmış, iş üzrə məhkəmə iclasında iddiaçının hüquqlarını müdafiə edən nümayəndə və vəkil tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin 06.12.1993-cü il tarixli, 766 nömrəli qərarına Azərbaycan Respublikasının Milli Məclisinin qeyd olunan qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikaının Ali Arbitraj Məhkəməsinin 10 dekabr 1993-cü il tarixli 108 N-li əmrin mövcud olsa da, iddiaçının 2000-ci ilə qədər hakim işlədiyi dövrdə, o cümlədən, Azərbaycan Respublikasının İqtisad Məhkəməsində sədr müavini vəzifəsində işlədiyi zaman İ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 5 misli miqdarında əlavə haqqın hesablanıb iddiaçıya verilməsinə dair sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur.Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. Beləliklə, hazırkı mərhələdə işə apellyasiya qaydasında baxılarkən, qeyd edilən vəsaitin alması barədə arxiv materialları aşkar olunmamış, hazırki inzibati iş üzrə qeyd edilən tələblə bağlı sübut etmə yükü daşıyan tərəf olan iddiaçı (onun hüquqlarını müdafiə edən nümayəndə və vəkil) tərəfindən müvafiq sübutların əldə edilməsi ilə bağlı hətta aidiyyəti quruma sorğular da ünvanlanmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3338/2021saylı, 06.05.2021-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Anar Tanrıverdiyev Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1813/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1813/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver