Məhkəmə qərarları › İş №2-1(103)-1814/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1814/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1814/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü ildə Naxçıvan MR, Şərur ray. anadan olmuşdur, ünvan 1 m.2 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon xidmət nümayəndəliyi) qarşı əvvəlki müddət üçün sosial müavinətin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2540/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən, yəni xx.xx.2001-ci il tarixindən xx.xx.2019-cu il tarixə qədər ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən də Naxçıvan MR-nın Sədərək rayonunun sərhədlərində 1990-1992-ci illərdə iştirakına görə hərbi biletində aparılan qeydlər əsasında xx.xx.2001-ci tarixində ona müharibə veteranı iştirakçısı vəsiqəsi verilmişdir.Buna əsasən o, xx.xx.2019-cu il tarixində cavabdehə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müavinətlərin verilməsini xahiş etmiş və nəticədə cavabdeh ona 2019-cu ildən aprel ayının 1-dən müavinətlərin verilməsi haqqında sərəncam vermiş və o, həmin müəvinətləri alır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasına əsasən Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.Həmin Qanunun 4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müharibə iştirakçısı müraciət etdiyi vaxtdan asıl olmayaraq həmin müavinətlər əvvəlki illər üçün də nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2540/2020 nömrəli nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia qismən təmin edilmiş, İddiaçı xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddia tələbinin təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2540/2020 nömrəli qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X5 Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının arvadının etibarnamə təqdim etməli olduğunu, bu səbəbdən məhkəmə iclasının təxirə salındığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir . Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı – ünvan 2 ünvanına göndərilmiş xx.xx.2020-ci il tarixə saat 12:15-ə təyin edilmiş məhkəmə iclası barədə bildiriş (ştrix kod: SS649854955AZ) xx.xx.2020-ci il tarixdə (oktyabr əvəzinə noyabr göstərilmişdir) imzalanaraq qəbul edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmək məqsədilə gələn X2 (ünvan 3 mən. 2 ünvanında qeydiyyatdadır) (iddiaçının arvadı) iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu, hal-hazırda Rusiya Federasiyasında olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin məhkəmə iclasında iştirak etmək istədiyini, özünün isə halhazırda etibarnaməsi olmadığını bildirmişdir. Əlavə olaraq, iddiaçının arvadı sonuncu məhkəmə iclası barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini xahiş edir. İş materiallarında olan: -Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş 047149 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müavinət almaq üçün müraciət edildikdən həmin müavinət pensiya hüququ olmayan şəxslərə əvvəlki dövr üçün 3 ildən çox olmamaqla onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. “Müharibə veteranları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “müharibə veteranı” adı və vəsiqəsi hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasən müvafiq orqan tərəfindən yaradılmış komissiyanın qərarı əsasında verilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər də veteran vəsiqəsi təqdim edildikdə verilir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı və xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə həmin müavinətlər ləğv olunaraq təqaüdlə əvəz olunmuş və xx xxxxx 2019-cu il tarixdən tez olmayaraq həmin təqaüdü almaq hüququ yaranan gündən təyinatı və ödənişi həyata keçirilir. Ona görə də onun xx xxxxxxx 2019-cu il tarixli müraciətinə baxılaraq komissiyanın xx.xx.2019-cu il tarixli 2510 saylı qərarı ilə xx xxxxx 2019-cu il tarixdən təqaüd təyin olunaraq ödənişi həyata keçirilir. İşin faktiki hallarına əsasən xx.xx.2001-ci il tarixdə iddiaçı “Müharibə veteranı” vəsiqəsini almışdır. Onun tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə müavinətin ödənilməsi ilə bağlı müraciət olunmuş, cavabdeh tərəfindən iddiaçıya xx xxxxx 2019-cu il tarixdən sosial müavinət əvəzinə verilən təqaüd təyin olunaraq ödənilir. İddiaçı hazırkı halda ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən keçmiş bütün dövr üçün sosial müavinət ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər dedikdə bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti başa düşülür. Həmin Qanunun 3.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Fərmanın 2.1.2-ci bəndinə görə, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Fərmanın 3-cü bəndinə əsasən bu Fərman xx.xx.2019-cu il tarixdən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq, tam araşdırmamış, maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulan bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu xx xxxxxx 2006-cı ildə qüvvəyə minmişdir. İddiaçıya isə müharibə veteranı statusu xx.xx.2001-ci il tarixdə verilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları bu qanun qüvvəyə mindikdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Belə ki, iddiaçı xx xxxxxxx 2019cu il tarixdə təqaüd təyin olunması üçün cavabdeh orqana müraciət etmiş və inzibati orqanın xx.xx.2019-cu il tarixli 2510 saylı qərarı ilə ona xx.xx.2019-cu il tarixdən təqaüd təyin olunmuşdur. Həmçinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2540/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2540/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon xidmət nümayəndəliyinə qarşı ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən, yəni xx.xx.2001ci il tarixindən xx.xx.2019-cu il tarixə qədər ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar