Məhkəmə qərarları › İş №2-1(103)-1814/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1814/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1814/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixində elan olunan atəşkəsə qədər Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 706, 810, 850, N saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehə həvalə edilməsi; qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olundugu xx.xx.1995-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iddiaçının iştirak etməsi barədə akdan irəli gələn ehtiyata buraxılması arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair 01 iyul 2020-ci il tarixli arayış tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Odur ki, iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yekun məhkəmə aktında məhkəmə tərəfindən ona iddia tələbinin dəqiqləşdirilməsi barədə təklif edildiyi göstərilsə də, o belə bir təklif qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2- 1(103)-2440/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 aprel tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(102)-403/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2- 1(103)-2440/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı Müdafiə Nazirliyinin tabeliyində olan 706, 810, 850, N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə akdan irəli gələn ehtiyata buraxılması barədə Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiasında iddiaçı arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin iş materiallarından, habelə cavabdehin etirazından da aydın olur ki, onun müraciətinə müvafiq qaydada baxılaraq müvafiq əmrlərə əsasən iddiaçının xidmətinə dair arayış tərtib edilmiş və iddiaçıya göndərilmişdir. Hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli, maraqlı şəxs inzibati orqandan arzu etdiyi bu və ya digər sənədin (məlumatın) verilməsini tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra bilər. Hazırkı halda, cavabdehin təqdim etdiyi arxiv arayışının məzmunu, - iddiaçının qənaətinə görə, - həqiqi vəziyyəti əks etdirmədiyindən iddiaçı cavabdeh orqandan müvafiq araşdırma aparılmaqla və bu araşdırmanın nəticəsi olaraq məhz onun arzuladığı məzmunda arayışın verilməsini iddia edir. Məhkəmə də işin faktiki hallarını məhz həmin məzmunda iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli idi. Hazırkı halda, bu, baş verməmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktın qəbul edilməsinə dair tələb irəli sürüldükdə bu, sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi) və ya tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında, arzu olunan inzibati aktın qəbul edilməsindən imtina olunduqda isə məcburetmə haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt və ya inzibati aktın qəbulundan imtina həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və qanunsuz olsaydı, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(112)-4195/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar