Məhkəmə qərarları › İş №2-1(103)-1814/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1814/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1814/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məişət zorakılığından qorunmaq üçün qısa müddətli mühafizə orderinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, iş materiallarında mövcud olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 10848/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük müddəti ötürülmüşdür. İddiaçıya buraxılmış prosessual müddətin ötmədiyinə dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasında müalicədə olması barədə tibbi sənədlər təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, digər tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, İddiaçı xəstəxanadan çıxdığı xx.xx.2023-cü il tarixdənxx.xx.2023-cü il tarixə kimi olan iki həftə ərzində apellyasiya şikayətini verə bilməməsinə hər hansı üzrlü səbəblər göstərməmişdir. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının barəsində hazırkı şikayət verdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad ilə mümkünsüz sayılmış iddia tələbinə Mülki Prosessual Məcəllənin 40-1.Fəslinə (Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat) uyğun baxılmalı olduğu nəzərə alınır. Azərbaycan Respublikası İPM-ə əsasən: 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-ə əsasən: 129.2. Müddətin sonu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qeyd edilməlidir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiçı tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10848/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar