Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1815/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Dövlət Pedaqoji Universiteti işə cəlb edilməklə qərarın əsassız olduğu üçün ləğv edilməsi və diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1274/2021 saylı 16 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 12.06.2020-ci il tarixli, M-5724/31- 24 saylı məktubu ilə müəyyən edilmiş qərarın əsassız olduğu üçün ləğv edilməsi və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən 23.06.2010-cu ildə İddiaçı verilmiş B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplomun hüquqi baxımdan əsaslı hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1988-ci ildə Gəncədə anadan olmuş, orta məktəbi orada bitirmiş, ali məktəbə imtahan verib Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialına daxil olmuşdur. 3-cü kursun ortasında qiyabi şöbəyə keçmişdir. Təhsil aldığı müddətdə bütün dərslərə gəlmiş, davamiyyəti yetərli olmuş, keçirilən bütün imtahanlarda iştirak etmiş və diplom almışdır. Hazırda onun təhsil aldığını təsdiq edən tələbə bileti, şəkil və videolar əlində mövcuddur. Sonda iddiaçıya 23 iyun 2010-cu il tarixdə, B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplom verilmişdir. 2011-2019-cu illərdə Gəncə şəhəri 12 nömrəli orta məktəbdə, 2019-2020-ci illərdə isə Gədəbəy rayonu Daryurd kənd tam orta məktəbində işləmişdir. Belə ki, sonuncu iş yerinə Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanı uğurla verib qəbul olunmuşdur. Bir müddət sonra o, Təhsil Nazirliyinə müraciət edərək, diplomunun həqiqiliyini yoxlamaq qərarına gəlmişdir. Çünki özü saxta diplomların həmin ərəfədə çoxalması ilə əlaqədar narahat olmuşdur. Beləliklə, Təhsil Nazirliyindən onun ərizəsinə cavab verilərək, 10.04.2012-ci il tarixli, M-2448/03-24 saylı məktubla bildirilmişdir ki, ona verilən sənəd Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutuna (Gəncə filialına) verilən dövlət nümunəli sənəddir. Lakin, cavabdehin 12.06.2020-ci il tarixli, M-5724/31-24 saylı məktubuna əsasən həmin diplomun hüquqi əsasının olmaması müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 27-ci maddələrinə istinad edilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1274/2021 saylı 28 yanvar 2021-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1274/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, 2005-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının əyani şöbəsinə daxil olmuşdur. Sonradan yəni 3-cü kursda ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə həmin institutun qiyabi şöbəsinə keçirilmişdir. Həmin Universitetin Hüquq fakültəsində təhsil almış və bununla bağlı ona qiymət kitabçası verilmişdir. Universitetdə təhsil almağına dair tərəfindən təhsil haqları ödənilmişdir. 2011-ci il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “Maarif İbtidai təhsilin pedaqogika və metodikası” fakültəsinin (Bakalavr) bitirmiş və həmin ilin 07 iyul 2011-ci il tarixli В 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli Diplom almışdır. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən M-2448/03-24 saylı 20 aprel 2012-ci il tarixli ona ünvanlandığı məktuba əsasən Azərbaycan Müəllimlər İnstitutu tərəfindən yazılmış В № 200219 seriyalı Diplom blankı həqiqətən, 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına verilən Dövlət nümunəli sənəd olması barədə qeyd etmişdir. Həmçinin 2017-ci il, 2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən müəllimliyə qəbul imtahanı keçirilmiş və həmin qəbul imtahanında tərəfindən iştirak edilmiş lakin rayonlara qəbul olunduğu üçün ailə vəziyyətinə uyğun olmadığı üçün getməmişdir. Amma 2019-cu il tarixdə yenidən Təhsil Nazirliyi tərəfindən müəllimliyə qəbul imtahanı keçirilmiş və həmin qəbul imtahanında tərəfindən iştirak edilmiş Gədəbəy rayonu Daryurd adına tam orta məktəbinə “İbtidai Sinif’ müəlliməsi kimi qəbul olunmuş və işləmişdir. İşlədiyi müddətdə 2020-ci il 05 mart tarixində yenidən Təhsil Nazirliyinin MİQ imtahanın daim işləmək üçün qeydiyyatdan keçmiş və 19 may 2020-ci il tarixdə online şəkildə imtahan vermiş və yüksək nəticə əldə etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndəsi X2 iş üzrə izahat verərək, iddiaçının Azərbaycan Müəllimlər İnstitutuna qanuni əsaslarla daxil olmadığını və ona verilən diplomun qanunsuz olduğunu bildirdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdehin 12.06.2020-ci il tarixli, M-5724/31-24 saylı məktubu ilə müəyyən edilmiş qərarın əsassız olduğu üçün ləğv edilməsini və Azərbaycan Müəllimlər İnstitutunun Gəncə Filialı tərəfindən 23.06.2010-cu ildə İddiaçı verilmiş B seriyalı, 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli diplomun hüquqi baxımdan əsaslı hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməsi, lakin, heç bir təhsil müəssisəsinə qəbul olmaması, ona Azərbaycan Müəllimlər İnstitutu tərəfindən Dövlət Attestasiya Komissiyasının 23 iyun 2010cu il tarixli qərarı ilə “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi ilə bağlı verilmiş ali təhsil haqqında B seriyalı № 200219 saylı diplom blankının hüquqi əsasının olmadığına dəlalət edir və həmin diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan A № 200219 nömrəli, 2/1883 qeydiyyat nömrəli, 2010cu il tarixli bakalavr diplomun surətindən görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının 23 iyun 2010-cu il tarixli (qərarı) ilə “Maarif, ibtidai təhsilin pedaqogikası və metodikası” ali peşə istiqaməti üzrə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 10.04.2012-ci il tarixli, M-2448/03-24 nömrəli məktubdan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən adına yazılmış B № 200219 (qeydiyyat nömrəsi № 2/1883) diplom blankı həqiqətən 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutuna (Gəncə filialın) verilən dövlət nümunəli sənəddir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12.06.2020-ci il tarixli məktubdan görünür ki, Təhsil Nazirliyinə ünvanlanmış ərizəsinə cavab olaraq bildirilmişdir ki, adına yazılmış B seriyalı, 200219 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası X3 tərəfindən məhkəməyə ünvanlanmış 13.11.2020-ci il tarixli, 09/04-09/2803 nömrəli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, xx xxxx 1988-ci il təvəllüdlü İddiaçı (şəxsiyyət vəsiqəsinin FİN kodu: xxxxxxx, əvvəlki soyadı: Vəlyeva) 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etmiş, heç bir ali təhsil müəssisəsinə qəbul olmamış və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmri verilməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək Nazirliyin əsas funksiyalarından biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Həmçinin “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən diplom blankı mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir Məhkəmə araşdırması zamanı iddiaçının 2005, 2006 və 2015-ci illərdə ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirakı etməsi müəyyən olunsa da, hər hansı bir təhsil müəssisəsinə qəbul olunması və barəsində X3 (ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisinə qəbul əmrin verilməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, iddiaçı qanuni əsaslarla Azərbaycan Müəllimlər İnstitutuna qəbul olunmadığından, həmin İnstitut tərəfindən iddiaçıya verilmiş B seriyalı № 200219 saylı diplom blankının hüquqi əsası yoxdur. Bu səbəbdən də həmin diplomun bərpa edilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinası qanuni olmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1274/2021 saylı 16 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1815/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1815/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver