Məhkəmə qərarları › İş №2-1(103)-1815/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1815/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1815/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: -“ xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququmun yarandığı yəni, xx.xx.2019-cu il tarixdən (57 yaşım tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul eilməsini xahiş etmişdir.” İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı işdə olun diplomunun, hərbi biletinin və əmk kitabçasının surətlərinə əsasən aşağıdakı kimi iş stajı vardır: “... xx.xx.1977-xx.xx.1980: 2 №-li peşə məktəbində təhsil -2 il 10 ay 27 gün; xx.xx.1980- xx.xx.1980: "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik-çilingər – 4 ay 16 gün; xx.xx.1980-xx.xx.1982: hərbi xidmət – 2 il 1 gün; xx.xx.1982-xx.xx.1982: "xxxx"ndə hərəkət sostavlarının təmiri üzrə elektrik çilingər – 2 gün; xx.xx.1982 – xx.xx.1983: "xxxx"ndə ləkomotivlərə xidmət üzrə çilingər-5 ay 14 gün; xx.xx.1983-xx.xx.1986: "xxxx"ndə elektrik qatarı maşinisti köməkçisi; xx.xx.1986- Metrpolitendə elektrik qatarı maşinisti xx.xx.2006-ya qədər-19 il 11 ay 23 gün. İddiaçı tərəfindən iddia edilir ki, Vətəndaşların pensiya təminatı haqqında Qanunun qüvvədə olduğu xx.xx.2006-cı il tarixədək olan müddətdə 28 il 2 ay 12 gün ümumi və həmin stajın 23 il 1 ay 21 günü metropolitendə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulan “elektrik qatarının maşinist köməkçisi” və “elektrik qatarının maşinisti” kimi güzəştli pensiya hüququ verən peşələrdə işləmişdir. O, xx.xx.2021-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci tarixli məktubunda imtina edərək bildirmişdir ki, onun işlədiyi həmin peşələr Azərbaycan Respublikkası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya və “16 yanvar 2021-ci il tarixli güzəştli arayşına istinadən hesab edir ki, cavabdehin imtinası qanunsuzdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və ona xx.xx.2019-cu il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiaya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdehin apellyasiya şikayəti imtina məktubunun məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və iddiaçı F.Altınbəyov cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının “Nəqliyyat “ bölməsində elektrik qatarı maşinisti və köməkçilərinin güzəştli pensiya hüququ verən peşələrə aid olduğunu bildirərək “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə istinadən, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir(Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 57 yaş həddinə çatmışdır). İddiaçı konkret halda, iddia ərizəsində 57 yaşından güzəştli şərtlələ pensiya tələbini “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə istinadən onunla əsaslandırır ki, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi var və həmin stajın yarısından çoxunu "xxxx"ndə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulan - elektrik qatarının maşinisti və onun köməkçisi kimi güzəştli pensiya hüququ verən peşələrdə işləmişdir. O, hesab edir ki, həmin peşələr Siyahının “Nəqliyyat” bölməsinin 1-ci yarımbölməsinə kod: “23001000” “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinə aid edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının “Bakı Metropolitenin”də “qatar maşinisti və “qatar maşinisti köməkçisi” kimi işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “nəqliyyət” bölməsinin (21.5) “Metropoliten” hisəsində nəzərdə tutulmadığını mübahisələndirərək hesab edir ki, güzəştli stajı yoxdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçının “elektrik qatarı maşinisti” və “elektrik qatar maşinisti köməkçisi” kimi metropolitendə işlədyi müddət onun güzəştli stajı kimi nəzərə alına bilməz. Belə ki, iddiaçının iş stajınnın tərkibindən göründüyü kimi iddiaçı "xxxx"ndə xx.xx.1983-cü il tarixdən metropolitendə “elektrik qatarı maşinisti köməkçisi”, xx.xx.1986-cı il tarixdən isə “elektrik qatarı maşinisti” işləmişdir ki, həmin işlərdə onun 12 il 6 ay stajı xx.xx.1995-cı il tarixində tamamlanır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 N-li Siyahısının “23000000 XXVİİİ. “Nəqliyyat” bölməsinin 2-ci “23002000” kodu üzrə ”Metropolitenlər” yarımbölməsində isə “elektrik qatarı maşinisti” və “elektrik qatarı maşinistinin köməkçisi” peşələri - güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nda da həmin peşələr güzəştli pensiya hüququ verən peşələrə sırasına aid edilməmişdir. "xxxx" QSC-nin işə əlavə olunmuş iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış 16 noyabr 2021-ci il tarixli məktubunda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı "nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq, həmin Siyahıda "xxxx"nin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında...zərərli və ağır əmək şəraitinli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır... Məktubda, eyni zamanda, həmin Siyahıya qədər qüvvədə olan, AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda da iddia olunan peşələrin “23000000 XXVİİİ. “Nəqliyyat” bölməsinin “Metropolitenlər” bəndlərində deyil, “Nəqliyyat” bölməsinin 1-ci yarımbölməsinə aid göstəricilər sırasında (“elektrik qatarlarının (seksiyalarının) maşinisti” və “elektrik qatarlarının (seksiyalarının) maşinisti köməkçi”ləri) təsbit olunduğu qeyd olunmuşdur...” Göründüyü kimi, "xxxx" QSC-nin tədqiq olunan məktubundan da dolayısı ilə təsdiq olunur ki, iddia olunan həmin peşələr - istər Npazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı, istərsə də 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahıda “Nəqliyyt” bölməsinin “Metropolitenlər” yarımbölməsində nəzərdə tutulmamışdır. Ümumiyyətlə, həmin Siyahıların «Nəqliyyat» (XXVİİİ) bölməsində “Nəqliyyt” bölməsi üç sahəyə bölünmüş (1.“Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər”; 2.“Metropolitenlər”; 3. Dəniz və çay donanması.) və hər bir sahənin də güzəştli pensiya hüququ verən göstəriciləri sadalanmışdır ki, “Metropolitenlər”ə aid sahə göstəricilərində iddiaçının işədiyi “elektrik qatarı maşinisti” və “elektrik qatarı maşinisti köməkçisi” peşələri mövcud deyildir. Başqa sözlə, iddiaçının işlədiyi həmin peşələrin, sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının «Nəqliyyat» bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda isə onun xx.xx.2006-cı il tarixinə kimi azı 12 il 6 ay xüsusi stajı mövcud olmur (Həmin staj yalnız onun ümumi stajına hesablanır). Beləliklə də, iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Qeyd olunmalıdır ki, sözügedən səbəblər baxımından, onun “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinin tələbi qaydasında 12 il 6 ay güzəştli stajı mövcud olmadığından 60 yaşından da güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə tərəfindən işə baxılarkən qeyd olunanlar nəzərə alınmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamış, iddianın təmin olunması barədə səhv nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4472/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar