Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1815/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçınin Azərbaycan Respublikasındakı Filialının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi barədə iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11950/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçınin Azərbaycan Respublikasındakı Filialı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11950/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı (hakim A.Abdullayeva) ilə İddiaçınin Azərbaycan Respublikasındakı Filialının iddia tələbi geri götürülmüş sayılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hüquqi və faktiki ünvanı fərqlidir və hüquqi ünvana göndərilən bildirişlər, məhkəmə aktları iddiaçıya çatmamış, nəticədə iddiaçı məhkəmə iclaslarının vaxtından məlumatsız olmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, məhkəmə tərəfindən dəfələrlə məhkəmə iclasları təxirə salınmış, lakin ididaçı tərəf heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı (elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilmiş) məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11950/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçınin Azərbaycan Respublikasındakı Filialı məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada (poçt rabitəsi vasitəsi ilə və “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş sms bildirişlərlə (iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə göndərilməklə)) məlumatlandırılmışdır. Belə ki, məhkəmə bildirişləri poçt rabitəsi vasitəsilə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, lakin məhkəmə bildirişləri “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); ... Həmin Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı tərəfindən hüquqi ünvanla, faktiki ünvanın fərqli olması və ya ünvanının dəyişdirməsi ilə bağlı məhkəməyə hər-hansı məlumat verilməmişdir. Apellyasiya şikayətində iddiaçı hüquqi və faktiki ünvanların fərqli olduğuna istinad etsə də, yuxarıda qeyd olunan qanunvericilik normasından göründüyü kimi əlçatımlılığı təmin etmək, yəni müvafiq olaraq məhkəmənin onu məlumatlandıra biləcəyi vasitələri konkret olaraq iddia ərizəsində qeyd etmək iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir, iddiaçı apellyasiya şikayətində də faktiki ünvanı qeyd etməmiş, apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də, lakin iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə də məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Aydın olduğu kimi, qanunvericinin qeyd edilən norma ilə nəzərdə tutduğu hal iddiaçının məhz iddiaya baxılmasında hüquqi marağının olmaması ilə bağlıdır. Beləliklə, işdən görünür ki, iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxılmasında maraqlı olmamış, birinci instansiya məhkəməsi də əsaslı olaraq iddianı geri götürülmüş hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçınin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11950/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədova
Məhkəmə qərarları › İş №2-1(103)-1815/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1815/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver