Məhkəmə qərarları › İş №2-1(103)-1816/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1816/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1816/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 13.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, . İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 sentyabr 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 03.05.2010-11.10.2010-cu il tarixləri arasındaki dövr ərzində və 10.07.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X4”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və birinci instasniya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filila təqdim etdiyi 3 sentyabr 1979-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 03.05.2010- 11.10.2010-cu il tarixləri arasındakı dövr ərzində və 10.07.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X4”nda işlədiyi süzücü-tökücü peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi işlədiyi peşənin xarakteri barədə arayış, cavabdehin imtina məktubunda gətirdiyi arqumenti əsassız edir. Bundan əlavə, məhkəmə araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarlarla (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüddür. Onun 13.03.2019-cu il il tarixinə qədər 55 yaşı olmuş, 20 ildən artıq ümumi, 10 ildən artıq isə xüsusi əmək stajı olmuş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir. Bununla da, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 13.03.2019-cu ildən yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarında olan ИТ-İ seriyalı, ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 06.12.1977-ci ildən 19.08.1979-cu il tarixədək 219 nömrəli mağazada kiçik satıcı, 15.09.1979-cu ildə yenidən işə qəbul olunmuş, 23.08.1980ci ildə Bakı Plan Uçot Texnikumuna daxil olmuş, 05 iyul 1982-ci ildə həmin texnikumu bitirmiş, 01.08.1982-ci ildən mühasib kimi işə qəbul olmuş, 11.06.1986-cı il tarixdən işdən azad olunmuş, 26.12.1986-cı ildən mühasib kimi işə qəbul olmuş, 26.12.1997-ci ildə işdən azad olunmuş, 06.01.1998-ci ildə “Azərneftyanacaq” İstehsalat Birliyində 10 №-li sexin neft məhsullarının doldurulması emalatxanasına 4-cü dərəcəli əmtəə operatoru qəbul edilmiş, 16.02.1998-ci ildə 18 №-li maddi-mexaniki təchizat şöbəsinə 2 №-li anbara anbardar keçirilmiş, 01.12.1998-ci ldən idarə aparatının mühasibat şöbəsinə 10-cu dərəcəli mühasib vəzifəsinə keçirilmiş, 06.01.2009-cu ildən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin təsərrüfat qrupuna 5-ci dərəcəli anbardar keçirilmiş, 13.04.2009-cu ildən həmin sexin neft məhsullarının yüklənməsi estakadasına 4cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, 03.05.2010-cu ildən həmin estakadada 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 11.10.2010-ci ildən həmin estakadada 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmiş, 18.04.2014-cü ildən təzə ştat cədvəlinə əsasən neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yüklənməsi estakadasında 4-cü dərəcəli əmtəə operatoru sayılmış, 10.07.2015-ci ildən neft məhsullarının qəbulu, saxlanılması və göndərilməsi üzrə 10 №-li sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş və hal-hazırda işləyir. İşin mübahisələndirilən halı iddiaçının xüsusi iş stajı ilə bağlıdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən işdə olan Heydər Əliyev adına X4 tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli və 13 mart 2020-ci il tarixli arayışlarına istinad etmişdir. Belə ki, Heydər Əliyev adına X4 tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli, arayışdan görünür ki, İddiaçı 06.01.1998-ci il tarixindən indiyədək Heydər Əliyev adına X2 işləyir. 13.04.2009-cu il tarixinə (köçürülmə barədə 222k saylı, 10.04.2009-cu il tarixli əmr) indiyədək neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin, sahənin neft məhsullarının yükləməsi estakadasında, neft məhsulları üzrə qablar parkına xidmət üzrə əmtəə operatoru və hazır məhsulun doldurub-boşaldılması üzrə süzücütökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq oalraq Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 10 il, 00 ay, 02 gün təşkil edir. Heydər Əliyev adına X4 tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli, arayışdan görünür ki, İddiaçı Heydər Əliyev adına X4 tərəfindən 09 aprel 2019-cu il tarixli, SOCAR**********81200601A00025 nömrəli verilmiş arayışda qeyd olunduğu kimi sahələrdə əmək funksiyasını yerinə yetirdiyi peşələrin süzücü-tökücü (doldurucu) peşəsinin icrasının izahı açıqlanmış şəkildə təqdim edərək bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabça”sının 1-ci hissəsində qeyd olunduğu kimi: neft məhsullarının qəbulu və yüklənməsi sahəsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın neft məhsullarının doldurma estakadasında və hazır neft məhsulunun doldurub-boşaldılması ilə məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyən müddətdə sadalanan funksiyaları həyata keçirir; benzin, kerosiun, neft yağlarının və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın, perihidrolun, xlorfosun, zəhərli kimyəvi emulsiyaların müxtəlif anbarlara qəbulu; məhsulun avtomat və yarımavtomat maşınlardan müxtəlif taraya süzülməsini; vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi; süzücü şlanqların çənlərin ağzına buraxılması; sürgülərin açılması və bağlanması, vaqonçənlərin məhsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən və doldurulan məhsulların uçotunu aparır və məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizoturların və yanacağın, neft tələlərinin və quruducu kameraları doldurub-boşaldılması, doğranması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X2 süzücü-tökücü peşəsi ilə eyni funksiyalara malikdir. İddiaçının iddia etdiyi və birinci instansiya məhkəməsinin zərərli iş kimi nəzərə aldığı vəzifələrlə bağlı kollegiya müəyyən etmişdir ki, iddiaçının 03.05.2010- 11.10.2010-cu il tarixləri arasındakı dövr ərzində və 10.07.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X4”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, həmin Siyahıda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) mövcuddur ki, iddiaçının işlədiyi süzücütökücü vəzifəsi burada qeyd edilən vəzifələrə uyğun deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilən arayışlara münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrə uyğun olması barədə Heydər Əliyev adına Bakı X4nun verdiyi arayışlar əsaslı dəlil kimi qəbul edilə bilməz. Çünki güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin adları dəqiq olaraq Siyahıda qeyd edilmişdir və iddiaçının işlədiyi vəzifələr həmin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyildir. Həmçinin məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş iddiaçı ilə işəgötürən Heydər Əliyev adına Bakı X4 arasında bağlanmış 08.10.2010-cu il tarixli əmək müqaviləsinə edilmiş 27.01.2012; 10.07.2015; 22.04.2016; 04.01.2018; 06.03.2018; 03.09.2019 və 07.01.2020-ci il tarixli dəyişikliklərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən həmin dəyişikliklərdə iddiaçının zərərli işlərdə işləməsini və buna görə ona 8 faiz əlavələr ödənilməsini qeyd etsə də, bu halın mövcudluğu da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçının işlədiyi vəzifələr birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarilxi, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, Kollegiyanın qənaəti ondan ibarətdir ki, yalnız əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər və hər hansı peşə adının Siyahıda nəzərdə tutulan peşə adlarına işəgötürənin öz mülahizəsinə əsasən uyğunlaşdırılması və bu uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas götürülməsi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuşvə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərarı iddia ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar