Məhkəmə qərarları › İş №2-1(103)-1816/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1816/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1816/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2-1(103)-1816/2022 xx.xx.2022-ci il Bakı şəhəri Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçı X2, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1986-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Alüminium” İstehsalat Birliyində işlədiyi qeyd olunmuşdur. Həmin müəsisəyə dair xx.xx.2021-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1994 - xx.xx.1995-ci il və xx.xx.1996 - xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində (ümumilikdə 15 il 8 ay 22 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (14 il 2 ay 29 gün (xx.xx.1979 - 04.11,1986-cı il, xx.xx.1986 – xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 31.066,30 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10.856,42 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iş materialların uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçı X2 xx.xx.1960-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasına əsasən, X2 xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmiş, həmçinin xx.xx.2010-cu il tarixdən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təmina Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, “pensiya” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 2-ci dərəcə əlilliyə görə 259,78 manat əmək pensiyası almışdır. Təyinatın başlama tarixi: xx.xx.2016-cı il, təyinatın bitmə tarixi: xx.xx.2021. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barəsindəki xx.xx.2016-cı il tarixli məlumatından görünür ki, iddiaçı X2 ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci sərəcə çatışmazlığı diaqnozu ilə ikinci dərəcə əlildir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçıya aşağıdakı arayışlar verilmişdir: - O, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinədək Kimya sənayesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№-li siyahısının Vİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində köməkçi fəhlə vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının XXVİİİ bölməsinin 1-ci bəndində göstərilmiş istehsalatlara uyğun olaraq ftorlu alüminium sexində kimyəvi analiz üzrə laborant işləmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçıya aşağıdakı arayış verilmişdir: - xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının İİİ bölməsinin 3 “a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq yayma istehsalı koduna uyğun 1072103a -16350 əlvan metalların yandırıcıları peşəsi üzrə işləmiş; - xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısının İV bölməsinin 4 “a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №-li siyahısının İV bölməsinin 4 ”a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq soyuq metalın yaymaçıları koduna uyğun 2092303a-11357 soyuq metalın yaymaçıları peşəsi üzrə işləmiş; - Əlipənahova (İsmayılova) Aybəniz Nəriman qızı "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsində aşağıdakı göstərilən tarixlərdə (xx.xx.1994 - xx.xx.1995dək; xx.xx.1996 - xx.xx.2010-cu il tarixədək) ödənişsiz məzuniyyətlərdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1- ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1986 - xx.xx.2010-cu illər tarixi arasındakı dövr ərzində “Sumqayıt” X4 işlədiyi qeyd olunmuşdur. Həmin müəssisənin ona dair xx.xx.2021-ci il tarixli 12 nömrəli arayışında xx.xx.1994 - xx.xx.1995-ci il və xx.xx.1996 - xx.xx.2010-cu il il tarixləri ərzində dövrlər ərzində (ümumilikdə 15 il 8ay 22 gün) ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. Qanunvericiliklə məcburi sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda göstərilən stajı onun iş stajına daxil etmək mümkün deyil, buna görə də ümumi iş stajı 20 ildən az (14 il 2 ay 29 gün) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31.066,30 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 10.856,42 manat təşkil edir. Məhkəmə imtinanı əsassız hesab edir. Belə ki, iddiaçı, xx.xx.2006-cı ilə kimi 20 ildən artıq ümumi staja və 10 ildən artıq güzəştli iş stayına malikdir. İmtiyazlı iş stajı barədə arayışları və əmək kitabçasının surətini ərizəsinə əlavə etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 —ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunun tələblərinə uyğun pensiya hüququ vardır. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 ildən zərərli işlərdə işləmişdir. Onun “Əmək pensiyaları haqqında” qanun qüvvəyə minənə kimi on ildən artıq zərərli və ağır sahələrdə işçi kimi güzəştli iş stajına, iyirmi ildən artıq ümumi iş stajı var. Belə ki, qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 3 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə iddiaçının 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranır. O, 07 aprel 2021-ci ilə kimi əliliyə görə pensiya almışdır. Əlliliyə görə xx.xx.2021-ci ilədək pensiya aldığına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı müracət etməmişdir. İddiaçının cavabdeh quruma müraciəti 20 oktyabr 2021-ci il tarixdədir. Güzəştli şərtlərlə pensiya təyinatından imtinanın əsasları iddia ərizəsində göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təmina Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışa əsasən müəyyən olunur ki, “pensiya” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 2-ci dərəcə əlilliyə görə 259,78 manat əmək pensiyası almışdır. Təyinatın başlama tarixi: xx.xx.2016-cı il, təyinatın bitmə tarixi: xx.xx.2021. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1- ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021- ci il tarixdə imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13- cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1 - dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 və 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, kimya istehsalı həm 1№-li, həm də 2№-li siyahıda nəzərdə tutulsa belə, zərərli maddələrin təsiri meyarına görə sahələr müvafiq olaraq təsnifləşdirilmişdir. İddiaçının işlədiyi sahələr əmək kitabçasına əsasən, məhz ftor, onun birləşmələri sahəsinə uyğundur. Eyni zamanda əmək kitabçasına əsasən iddiaçının "xxxx" ASC-də xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək işlədiyi peşə daha əvvəl xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinədək həmin 1№li siyahıda nəzərdə tutulan sexdə (ftorlu alüminium sexində) olmuşdur. İddiaçının "xxxx" ASC-nin xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixinədək işlədiyi dövrə dair arayışında isə 2№-li siyahının XXVİİİ bölməsinə istinad olunur ki, həmin bölmə iddiaçının işlədiyi sahəyə (ftorlu alüminium sexində) uyğun olmayan “Nəqliyyat” bölməsinə aiddir. Beləliklə, məhkəmə kolegiyası müəyyən edir ki, iddiaçı "xxxx" ASC-də xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixinədək 1 №-li siyahı üzrə 1080A010 koduna uyğun xüsusilə zərərli işlərdə işləmişdir. (1080A010 koduna uyğun gələn peşələr - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;) Beləliklə, iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək "xxxx" ASC-də işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının İİİ bölməsinin 3 “a” bəndində göstərilmiş istehsalatlara uyğun olaraq yayma istehsalı koduna uyğun 1072103a-16350 əlvan metalların yandırıcıları peşəsi üzrə işlədiyi nəzərə alınarsa, iddiaçı 1 №-li siyahı üzrə xüsusilə zərərli işlərdə 08 il 01 ay 13 gün işləmişdir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (15 il iş stajı, bu müddətin azı 7 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər) və yaş. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 34.Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Odur ki, cavabdeh qurumun iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsi hüququnun təmin edilməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun qeyd edilən mənasına görə iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmə hüququ (qanunun 34-cü maddəsi) iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməklə təmin edilir (qanunun 31.2-ci maddəsi). Bu səbəbdən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ təmin edilməli, iddiaçının xx.xx.2021-ci il tarixə kimi əlilliyə görə pensiya aldığı nəzərə alınmalı (öz arzusu ilə əlilliyə görə pensiya təyin edildiyi) və iddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair inzibati orqana xx.xx.2021ci il tarixdə müraciət etdiyi (həmin tarixədək yaşa görə pensiya təyinatı ilə bağlı müraciəti olmamışdır) nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin olunmalıdır. Apellyasiya şikayətinin “qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1994 - xx.xx.1995-ci il və xx.xx.1996 - xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər onun iş stajına daxil etmək mümkün deyil” dəlilinə münaisbətdə kollegiya qeyd edir ki, qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə (Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər) əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına işçinin faktik işlədiyi vaxtdan savayı aşağıdakı dövrlər də daxil edilir (Qeyd edilən qanun 19 iyul 1994-cü il tarixdə qəbul olunmaqla 01 fevral 1999-cu il tarixə qədər qüvvədə olmuşdur). Məhkəmə qeyd edir ki, həmin maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2- ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, kollegiya hesab edir ki, iddiaçının zəruri ümumi stajı həmin 1 yanvar 2002-ci il tarixədək yaranmış olduğundan məcburi dövlət sosial sığorta haqqının ödənilməmiş olması ödənişsiz məzuniyyətdə olduğu müddətin işçinin stajına daxil ediməsini istisna etmək olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4059/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar