Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1817/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və müqavilənin tələblərinin icra edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3173/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Səhiyyə Nazirliyi arasında bağlanmış “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 3.1.2-ci bəndinin tələblərini icra etmək vəzifəsini, yəni Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin birində onu həkim-stomotoloq kimi işlə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə həkim-stomotoloqlara azad təyinat verilməsi qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı ilə Səhiyyə Nazirliyi arasında bağlanmış “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, xx xxxxxx 2016-cı il tarixli müqavilənin 3.1.2-ci bəndinin tələblərini icra etmək vəzifəsini, yəni Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinin birində iddiaçını həkim-stomotoloq kimi işlə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması və ərizəçiyə dəymiş 2800+210=3010 (üç min on) manat maddi ziyan və 5000 (beş min) manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, 2016-ci ilin ortalarında Azərbaycan Tibb Universitetinin “Stamotologiya” fakültəsinin eyni adlı ixtisasını bitirərək həkim-mütəxəssis qismində təhsilini davam etdirmək üçün həmin ildə də adıçəkilən universitetin rezidenturasına ödənişsiz əsaslarla daxil olmuş və bu zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə onunla Rezident qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 112 nömrəli əmri ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında 760 №-li, xx xxxxxx 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində “Bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilmişdir”. Ərizəçi müqavilənin şərtlərinə müvafiq olaraq xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq xx xxxxxxxx 2019-cu il tarixədək 3 (üç) il müddətinə “Stomotologiya” ixtisası üzrə rezidenturada təhsil almışdır. Rezidentura təhsili müddətdə müqavilənin şərtlərinə onun tərəfindən daima əməl edilmişdir. Ərizəçi 2019-cu ilin sentyabrında həkim-mütəxəssis hazırlığı üzrə 3 illik təhsil müddətini başa vurduqdan sonra Səhiyyə Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə, müvafiq qurumlarına dəfələrlə müraciət edərək onunla adıçəkilən nazirlik arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 760 nömrəli müqavilədən irəli gələn vəzifələrin, yəni rezident olaraq onun Nazirliyin tabeliyində olan tibb müəssisələrindən birində işlə təmin edilməsi barədə müvafiq təyinat verilməsini xahiş etmişdir. Əvvəlcə Nazirliyin səlahiyyətli nümayəndələri ona müvafiq təyinat veriləcəyini bildirsələr də, sonradan fikirlərini dəyişərək ərizəçini təyinatla işlə təmin etməkdən əsassız olaraq imtina etmişlər. Ərizəçinin Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət tibb müəssisələrindən birində işlə təmin edilməsi üçün təyinat verilməsi barədə sözügedən nazirliyin müvafiq səlahiyyətli şəxslərinə, həmçinin bilavasitə səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı çoxsaylı məktublarına, həmçinin həmin məktublara verilmiş cavablardan nazirliyin apellyasiya şurasına verdiyi şikayətlərə adıçəkilən nazirlik adından eyni şəxs-həmin nazirliyin Kadrlar, elm və təhsil şöbəsinin müdiri Saidə Rüstəmzadənin xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə eyni məzmunlu cavablar verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının 10.12. 2019-cu il tarixli qərarı ilə həkim-stomotoloqlara azad təyinat verilmişdir. Həmin qərar qəbul edilərkən ərizəçi iclasa dəvət edilməyib, eyni zamanda Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ərizəçiyə təqdim edilməyib və yaxud poçt vasitəsilə göndərilməyib. Baxmayaraq ki, ərizəçi bir neçə dəfə həmin qərarın surətinin ona təqdim edilməsini xahiş edib, lakin ona yuxarıda qeyd edilən şəkildə cavablar verilmişdir. Ərizəçi cavabdehə ərizə və ona əlavə edilmiş sənədlərlə (müqavilə və s.) müraciət edərək Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarının ona aid hissəsinin ləğv edilməsi və müqavilə öhdəliklərinə uyğun olaraq onun həkimstomotoloq qismində işlə təmin edilməsini xahiş etmişdir. Ərizəçinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək onun işlə təmin edilməsi barədə cavabdehə ünvanladığı xx.xx.2020ci il tarixli müraciət ərizəsini Səhiyyə Nazirliyi baxılması üçün xx.xx.2020-ci il tarixli, 6-59/Ql802/2 saylı müşayiət məktubu ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyinin xx xxxx 2020-ci il tarixli məktubu iddiaçının ünvanına poçt vasitəsilə yalnız xx.xx.2020-ci il tarixdə daxil olub. Ərizəçinin ünvanına istər cavabdeh, istərsə də İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş məktublardan, həmçinin cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx- 2525 saylı məktub və ona əlavə edilmiş 10.12.19-cu il tarixli iclas protokolunun məzmunlarından da görünür ki, Səhiyyə Nazirliyi ərizəçinin iddia tələblərinin İcbati Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yerinə yetirilməli olduğunu göstərsə də, sonuncunun ərizəçiyə ünvanladığı xx xxxx 2020-ci il tarixli, 09-02-675l/Q-320/20 saylı da məktubda aydın şəkildə göstərilir ki, müqaviləyə görə ərizəçinin işlə təmin edilməsi onların deyil, Səhiyyə Nazirliyinin səlahiyyətinə aiddir. Göründüyü kimi, hər iki qurum ərizəçinin işlə təmin edilməsinin onların səlahiyyətinə aid olmadığını, digərinin vəzifəsi olduğunu bildirirlər. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3173/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda iddiaçı ilə cavabdeh arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli Rezidenturada həkim mütəxəssis hazırlığı haqqında 760 nömrəli müqaviləni tərəflərin azad iradəsi əsasında bərabər hüquqlara malik olaraq imzaladıqları göstərilsə də, tərəflərdən birinin-Səhiyyə Nazirliyinin rezident-həkim hazırlığı sahəsində respublikada inhisara malik olduğunu, Səhiyyə Nazirliyindən başqa digər orqanın və yaxud qurumun həkim-mütəxəssis hazılığını həyata keçirməyə icazə verilmədiyini, məhz cavabdehlə müqavilə bağlamağın normativ aktın tələbi olduğunu və bu baxımdan iddiaçının müqavilə bağlamaqda azad olmamasını nəzərə almamışdır. Tərəflər arasında bağlanılmış müqavilənin 1.1-ci bəndində də “Bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədi ilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə bağlandığı göstərilmişdir”. Digər tərəfdən cavabdeh məhkəməyə ünvanladığı məktubda xx.xx.2020-ci il tarixli iclası zamanı qəbul etdiyi qərarla rezident həkim-stamotoloqlara azad təyinat verildiyini göstərmişdir. Həmin qərarın da inzibati akt olduğunu nəzərə alsaq məhz həmin inzibati aktın qəbul edilməsilə iddiaçının müqavilədən irəli gələn hüquqlarının pozulduğunu görmək mümkündür. Bu hal da mübahisənin inzibati xarakterli olduğunu göstərir. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin mülki müqavilə olduğu qeyd edilsə də, həmin müqavilədə Səhiyyə Nazirliyinin müqavilənin şərtlərini pozması halında hansı məsuliyyət daşıması da öz əksini tapmamışdır. İddiaçının cavabdehlə bağladığı müqavilənin məzmununu dəyişmək imkanı olmamışdır. Çünki, həmin müqavilə normativ aktların Səhiyyə Nazirliyinə verdiyi səlahiyyətlərə əsasən hazırlanmışdır və hakimiyyət-tabeçilik xarakterlidir ki, həmin müqavilənin şərtləri, tərəflərin hüquq və vəzifələrinin həcmi də mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə anlayışından əsaslı şəkildə fərqlənir. Tərəflər arasında bağlanmış müqaviləni mülki müqavilədən həm də o fərqləndirir ki, Səhiyyə Nazirliyi tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malikdir və müəyyən imtiyazlara malikdir və həkimrezidentin işlə təmin edilib edilməməsi məsələsini müvafiq qərarla həll etmək səlahiyyətinə malikdir. Qərardadda iddia tələbinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə həkim-stomotoloqlara azad təyinat verilməsi qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” hissəsi ilə əlaqədar məhkəmənin müddətin buraxılması və inzibati aktın qəbulundan 7 ay keçdikdən sonra iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı əsaslandırması da tamamilə qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, xx/xx-2525 saylı məktubundan və ona əlavə edilmiş Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli, 12 nömrəli Protokolundan da görünür ki, iddiaçı həmin iclasa dəvət edilməyib və stomotoloq-rezidentlərə, o cümlədən iddiçıya həmin iclasın qərarı barədə şifahi məlumat verilib. Həmin məktubdan o da görünür ki, yalnız stomotologiya ixtisası üzrə təhsilini başa vurmuş həkim-rezidentlərə azad təyinat verilmiş, digər ixtisaslar üzrə rezidenturanı başa vurmuş 53 nəfər həkim-mütəxəssislərə onların istəyi nəzərə alınmaqla müvafiq təyinat verilmişdir. xx.xx.2019-cu il tarixli qərarın iddiaçıya verilməsi barədə məktubda heç bir söz deyilmir. Digər tərəfdən iddiaçı həmin qərar barədə məlumat əldə etdikdən sonra Səhiyyə Nazirliyinə və digər qurumlara həmin qərarın qanunsuzluğu barədə, ləğv edilərək onun müqavilə öhdəliklərinə uyğun olaraq işlə təmin edilməsi ilə əlaqədar şikayət ərizələri göndərmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən həmin şikayət ərizələrindən yalnız biri xx.xx.2020-ci il tarixli şikayət ərizəsi xx.xx.2020-ci il tarixli, 6-59/Q-l802/2 saylı müşayiət məktubu ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş, lakin ərizənin həmin quruma göndərməsi barədə ərizəçiyə heç bir məlumat verilməmişdir. 10.12.19-cu il tarixli inzibati akt iddiaçıya təqdim edilməyib, onun şifahi və yaxud yazılı olmasından iddiaçının xəbəri olmamışdır. Bu haqda məlumatla yanvar ayının əvvəllərində cavabdehin 27.12.19-cu il tarixli məktubu ilə tanış olub. Bundan sonra xx.xx.2020-ci il tarixdə həmin qərardan şikayət verib və şikayətə yalnız xx.xx.2020-ci il tarixdə cavab verilib. Yalnız bundan sonra iddia tələbi artırılaraq digər tələblərlə birlikdə xx.xx.2020-ci il tarixli cavabdehin qərarının da məhkəmə qaydasında ləğv edilməsi tələbi iddia ərizəsində göstərilib. Bu baxımdan inzibati aktın-xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi tələblə bağlı iddia müddətinin ötürülməsi ilə bağlı qərardadda göstərilənlər tamamilə əsassızdır. Bundan əlavə iddia tələbinin bir hissəsini, yəni “müqavilənin icra edilməsi” tələbini mülki məhkəmədə həll edilməli, həmin mübahisənin mülki xarakterli olduğunu göstərən məhkəmə, “qərarın ləğv edilməsi” tələbini isə inzibati hüquq normaları baxımından şərh etmişdir. Bu da onu göstərir ki, məhkəmənin iddia ərizəsində göstərilən tələblərlə bağlı qərardadda göstərilən şərhi tamamilə ziddiyyətlidir və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). İddia tələbindən görünür ki, iddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli Rezidenturada həkimmütəxəssis hazırlığı haqqında 760 nömrəli müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhz müqavilənin 3.1.2-ci bəndində rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Nazirliyin vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında imzalanmışdır, tərəflər bərabər mövqedə olmuşlar, onlar öz iradələrini ifadə etməkdə sərbəst olmuşlar. Cavabdeh inzibati orqan olsa da, müqavilə imzalanarkən bərabər hüquqlu subyekti kimi çıxış etmişdir. Bundan başqa, qeyd olunan müqaviləni cavabdeh inzibati funksiyasından irəli gələrək imzalamamışdır, burada cavabdeh tərəfindən iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətləri tətbiq edilmir. Qeyd olunan müqavilədən görünür ki, həm iddiaçının, həm də cavabdehin hüquq və vəzifələri bərabər şəkildə müəyyən edilmiş, müqavilə üzrə hər bir tərəfin yerinə yetirməli olduğu öhdəliklər bərabər şəkildə müəyyən edilmişdir. Müqavilənin qüvvədə olması və ləğv edilməsi şərtləri tərəflər arasında bərabər şəkildə müəyyən edilmişdir, hər bir tərəf müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququna da malikdir (Müqavilənin 5.1-ci və 5.2-ci bəndləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan müqavilə üzrə tərəflər bərabər hüquqlu subyekti kimi çıxış etdiyindən həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə həkimstomotoloqlara azad təyinat verilməsi qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində həmin qərarın xx.xx.2019-cu il tarixli məktubla ona bildirdildiyini qeyd etmişdir. İddiaçı həmin tələblə isə məhkəməyə xx.xx.2020ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarda digər xüsusatlarla yanaşı, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həkim-stomatoloqlara azad təyinat verildiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı məlum qərardan ən geci 2020-ci ilin may ayında məlumatlı olsa da, həmin qərarı 2020-ci ilin avqust ayında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə mübahisələndirmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3173/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1817/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1817/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver