Məhkəmə qərarları › İş №2-1(103)-1817/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1817/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1817/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505/2021 saylı, 18.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.03.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 12 yanvar 1962-ci il təvəllüdlü iddiaçı 25 iyul 2019-cu il tarixdə xəstəliyi ilə əlaqədar 3-cü dərəcə əlilliyinə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu əsassız olaraq 13.08.1991-ci il tarixindən 27.12.1995-ci il tarixinədək "xxxx" Kiçik Müəssisəsində fəhlə və 09.01.1996cı il tarixdən 28.09.2005-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli daş ustası vəzifəsində çalışdığı illəri iş stajı kimi sosial sığorta stajına daxil etməmişdir. 25.07.2019-ci il tarixli, **********7 saylı imtina cavabında cavabdeh göstərmişdir ki, 13.08.1991-ci il tarixindən 27.12.1995-ci il tarixinədək "xxxx" Kiçik Müəsisəsində və 09.01.1996-cı il tarixdən 28.09.2005-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrün əmək kitabçasında hər iki iş yeri üzrə işə girmə və işdən çıxma müddətləri arasında xeyli keçməsinə baxmayaraq qeydlərin eyni qələmlə yazılması, "xxxx" Kiçik Müəssisəsinin ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatdan keçməməsi və hər iki müəssisənin sənədlərinin saxlanılması və yoxlanılmasının mümkün olmadığından ərizəsi təmin edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505 /2021 saylı, 18.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 14.03.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanuna zidd və əsassızdır. Belə ki, iddiaçıya 14.03.2017-ci il tarixində İİİ dərəcə əlillik təyin edildiyi üçün onun əlilliyə görə əmək pensiyası hüququ həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən tənzimlənir. Qeyd edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının əlillik təyin edildiyi 54 yaşı (xx.xx.1962) olduğu üçün ona pensiya təyinatına görə tələb olunan staj (54-15)X4156 ay (13 il) təşkil edir. Lakin iddiaçının hərbi biletinə və əmək kitabçasına əsasən onun 5 il 20 gün (2 il 1 ay 19 gün hərbi xidmət, 2 il 11 ay 1 gün əmək kitabçasındakı staj) sığorta stajı vardır. "xxxx" kiçik müəsisəsinə və “2 saylı Təmir Tikinti İdarəsi”nə münasibətdə isə Dövlət Vergi Xidmətinin “Bir pəncərə” elektron sistemində axtarış nəticəsində, həmçinin məhkəmənin həmin orqana sorğusu nəticəsində, həmin İdarənin 09.02.1995-ci il tarixdə dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Buna baxmayaraq, “X3”nun 07.01.1985-ci il tarixindən 03.12.1988-ci il tarixinədək 2 saylı Təmir Tikinti İdarəsində işlədiyini təsdiq edən arayış vardır. Həmin arayış göstərir ki, idarə tərəfindən onun qeydiyyatdan keçməsindən 10 il əvvəlki dövr üçün digər bir vətəndaşın işləmiş olduğunu təsdiqləyən arayış verilmişdir. Sözügedən arayış idarənin müdiri S.H.Şirinov tərəfindən verilmişdir. İddiaçının əmək kitabçasına əsasən S.H.Şirinov Şınıx” kiçik müəsisəsinin direktoru olmuşdur. Beləliklə, S.Şirinovun hər iki müəssisənin müdiri olması və müəsissə tərəfindən əvvəlki dövrlərə aid arayış verilməsi işdə sənədlərin saxtalaşdırılması ilə bağlı şübhə yaradır (İddiaçının əmək kitabçasında 2 saylı “2 saylı Təmir Tikinti İdarəsi”nin direktorunun V.H. Qənbərov olduğu qeyd edilmişdir). Həmçinin iddiaçının, həm də 07.01.1985-ci il tarixindən 03.12.1988-ci il tarixədək işləməsi ilə bağlı arayış verilmiş vətəndaşın soyadları Həsənovdur və hər ikisi Sabunçu rayonunda yaşamışdır. Bu fakt vətəndaşların qohum olması və S.H.Şirinovla birlikdə saxta sənədlər düzəltməklə cinayət əməlləri törətmələrini istisna etmir. İşlə əlaqədar Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə göndərilən sorğuya 23.09.2020-ci il tarixli 5/1504 N-li cavab məktubunda "xxxx" kiçik müəsisəsinin və 2 saylı Təmir-tikinti İdarəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arzxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Hər iki iş yeri üzrə işə qəbul və işdən azad olma müddətləri arasından xeyli müddət keçməsinə baxmayaraq qeydlərin eyni qələmlə yazılması aydın görünür. Müəssisələr fəaliyyət göstərmədiyi üçün və sənədlərini arxivə təhvil vermədiklərinə görə əmək aqqı jədvəllləri, məzuniyyətə çıxma, məzuniyyətdən qayıtma əmrləri və digər məlumatları əldə etmək mümkün deyildir. Qeyd olunan faktlar əmək kitabçasındakı qeydlərin həqiqiliyinə dair ciddi şübhə yaratmışdır və bu da həmin qeydlərin məşsədli şəkildə, tələb olunan iş stacının toplanması məqsədi ilə sonradan əlavə olunması faktını istisna etmir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi N.Məmmədova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı cavabdehin nümayəndəsinin dedikləri ilə razılaşmamış, cavabdehin apellyasiya şikayətinin tamamilə əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarıa əlavə olunmuş Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı 04.03.2017-ci il tarixdə müddətsiz, İİİ dərəcəli əlillik təyin edilmişdir. Həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının iş mateiallarında olan şəxsiyyət vəsiqəsinə (ASAN 4: 25.04.2016) əsasən xx.xx.1962-ci il tarixində doğulmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərində qeyd edir ki, iddiaçıya Qanunun qeyd olunan tələbi baxımından, əlilliynə görə əmək pensiyası təyin edilməsi üçün 13 il sığorta stajı tələb olunur. İşdə olan notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus Gədəbəy rayon komissarlığı tərəfindən verilmiş 20.10.1983-cü il tarixli ******* saylı hərbi biletinin və AT- İV seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən isə aşağıdakı kimi iş stajı müəyyən olunur: -10.05.1981-23.06.1983 (2 il 1 ay 13 gün) həqiqi hərbi xidmət; -27.11.1985-21.03.1986 (3ay 24 gün); 04.04.1986-29.05.1986 (1 ay 25 gün); 28.05.1986-28.11.1986 (6 ay); 16.03.1987-22.04.1988 (1 il 1 ay 6 gün); 01.04.1988- 21.12.1988 (8 ay 20 gün); 05.04.1989-20.05.1989 (1 ay15 gün) - tarixlərində SSRİ dövrünə düşən zaman çərçivəsində müxtəlif peşələrdə çalışmış; -08.01.1991-27.12.1995 (4 il 11 ay 19 gün) "xxxx" Kiçik müəssisəsində fəhlə kimi çalışmış (həmin müddətin 01.01.1992-ci il tarixinə qədər (11 ay 23 gün) olan dövr SSRİ dövrünə düşür. -09.01.1996-28.09.2005 (9 il 8 ay 19 gün) dövründə 2 saylı Təmir Tikinti İdarəsində 4-cü dərəcəli daş ustası peşəsində işləmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı iş stajının 3 il 10 ay 23 gün SSRİ dövrünün payına düşür. Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının "xxxx" kiçik müəssisəsində fəhlə kimi çalışdığı 08.01.1991-27.12.1995-də (4 il 11 ay 19 gün) dövrün 11 ay 23 günü SSRİ dövrünə düşmüş, SSRİ-nin süqutundan sonra da iddiaçı həmin müəssisədə öz əmək fəaliyyətini 3 il 11 ay 26 gün də davam etdirmişdir. İddiaçının "xxxx" Kiçik müəssisəsində çalışdığı müddətin 11 ay 23 günü SSRİ dövrünə düşməsi “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən 23.2-ci maddəsinin imperativ tələbi baxımından, qeyd-şərtsiz onun sığorta stajına qəbul edildiyi anlamını verir. Belə olan halda onun tərəfindən SSRİ dövründə qazıanılmış sığorta stajı, hərbi xidmət dövrü də nəzərə alınmaqla, 6 il 6 gün təşkil edir. Lakin, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının həmin müəssisədə işləməsini şübhə altına alır və bunu onunla əlaqəəndirir ki, 2 saylı Təmir Tikinti İdarəsinin müdiri S.H.Şirinov tərəfindən “X3 ” adında başqa bir şəxsə, həmin idarənin qeydiyyatdan keçməsindən 10 il əvvəlki dövr (07.01.1985-03.12.1988) üçün arayış verilmişdir. Birincisi, qeyd olunmalıdır ki, X2 Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsinin məhkəmənin sorğusuna 16 noyabr 2020-ci il tarixli cavabında da "xxxx" kiçik müəssisəsinin mövcudluğu inkar olunmur, adlı bir neçə eyni adlı müəssisənin olduğu qeyd olunur. Konkret halda, iddiaçının çalışdığı həmin müəssiəsnin VÖEN nömərəsi bəlli olmadığından, sorğuya dəqiq javab verilməsi mümkünsüz olmuşdur. İkincisi, iddiaçının "xxxx" kiçik müəssisəsində 08.01.1991-27.12.1995-ci illərdə çalışdığı dövrdə artıq ölkə ərazisində kifayət qədər sahikarılıq subyektləri yaranmış və konkret halda, S.H.Şirinovun həmin müəssisənin direktoru vəzifəsini yerinə yetirməsi heç də qanunazidd hal hesab oluna bilməz. Üçüncüsü, işə əlavə olunmuş "xxxx" kiçik müəssisəsinin işə əlavə olunmuş “Nağd pulların alınmasına dair çek dəftərçəsi”nə əsasən müəyyən olunur ki, müəssisənin 161401 saylı “Azərinvestisiya” bankında hesabı mövcud olmuş, “S.H.Şirinov” müəsisə rəhbəri kimi müəssisə adından 1992-1993-cü illər üzrə nağd pulların verilməsi barədə çek dəftərçəsinin çeklərini imzalayıb təsdiq etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, qeyd olunan dövrdə "xxxx" kiçik müəssisəsi və onun S.H.Şirinov adında müdiri mövcud olmuşdur. İddiaçının 09.01.1996-28.09.2005 –ci illərdə 4-cü dərəcəli daş ustası kimi 9 il 8 ay 19 gün çalışdığı 2 saylı Təmir Tikinti İdarəsinə gəldikdə isə X4 Qeydiyyatı İdarəsinin qeyd olunan məktubunda həmin idarə 20.05.2005-ci il tarixində vergi uçotuna alındığı (VÖEN:**********) qeyd olunsa da, həmin idarənin iş materiallarında olan Nizamnaməsinin surətinə və hazırkı mərhələdə məhkəmə kollegiyası tərəfindən elektron informasiya sistemi vasitəsilə həmin qürumun rəsmi internet saytından əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, idarə 09.02.1995-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, iddiaçının həmin idarədə daş ustası kimi çalışdığı dövrün (9 il 8 ay 19 gün) onun sığorta stajına daxil edilməsi əsaslı hesab olunmaya bilməz. «İnzibati icraat haqında» Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunun qeyd olunan tələbi birmənalı onu deməyə əsas verir ki, nə qədər ki iddiaçının əmək kitabçasının qeydlərində təsbit olunan məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməyib, həmin məlumatlar mötəbər məlumatlar kimi qəbul edilməlidir. Bu baxımdan iddiaçının qeyd olunan müəssisələrdə işlədiyi dövrlər onun sığorta stajı kimi nəzərə alınmalıdır. Ən azından, iddiaçının hərbi xidmət dövrü və SSRİ dövründə "xxxx" kiçik müəssisəsinə işə qəbul edilənədək mövcud olan sığorta stajı 5 il 13 gün təşkil edir ki, onun həmin müəssisədə işlədiyi dövr nəzərə alınmadığı halda belə, 2 saylı Təmir Tikinti İdarəsində çalışdığı 9 il 8 ay 19 gün iş stajı ilə toplandıqda 14 il 9 ay 2 gün sığorta stajı yaranır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, ona əlilliynə görə pensiya təyin edilməsi üçün cəmi 13 il sığorta stajı tələb olunur. Belə olan halda, əlilliyinin müəyyən edildiyi 04.03.2017-ci il tarixinə tələb olunan 13 ildən çox sığorta stajının da mövcud olduğu halda, iddiaçının həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə müvfaiq olaraq pensiya hüququ yaranmış olur. Cavabdehin işə əlavə olunmuş 25.07.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı əlillik pensiyasının təyin edilməsi üçün həmin tarixdə cavabdehə müraciət etmişdir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün təyin edilir. Həmin Qanunun 37.3.2.-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Ona görə də cavabdehin ona pensiya təyin olunmasından imtina etməsi qanunsuzdur, qanunla qorunan hüquqlarını pozur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini və İddiaçı 14.03.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməsini mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505/2021 saylı, 18.03.2021-ci il tarixli qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1505/2021 saylı, 18.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar