Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1817/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "Azstone” MMC-nin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlama aktının ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "Azstone” MMC cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X6 X3 əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə Agentliyinin əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin – Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) xx.xx.2020-ci il tarixdə hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tərtib etmişlər. Lakin 08 iyul 2021-ci il tarixdə müəyyən olunmuşdur ki, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmayıb. İddiaçı bu barədə xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə rəsmi cavab almışdır. Bununla da yuxarıda adlarıda çəkilən vəzifəli şəxslər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid məlumat reyestrinin forması və aparılması haqqında” Əsasnamənin tələblərini pozaraq, xx.xx.2020-ci il tarixdə rəhbəri olduğu MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişdir. Halbuki, həmin əməkdaşlar yoxlama zamanı İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ərazidə olmamışdır. Beləliklə, həmin vəzifəli şəxslərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş və işgüzar nüfuzuna xələl gəlmişdir. Əlavə olaraq, aktda balansda və istifadədə olmayan avadanlıqlar qeyd edilmişdir. Aktın tərtib edilməsindən sonra, Agentlik Bakı Kommersiya Məhkəməsində əsassız iddia qaldıraraq, İddiaçı MMC-dən 151.200 manat pulun tutulmasını tələb etmişdir. Həmin tələbə dair Agentlik tərəfindən verilmiş ərizə Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin icraatındadır. Bu tələblə bağlı iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə xx.xx.2021-ci il tarixli qarşılıqlı iddia təqdim edilərək yoxlama aktının ləğv edilməsini xahiş etmişdir. Lakin qarşılıqlı iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə, 2-2-(113)-3242/2021 nömrəli qərardad qəbul edərək qarşılıqlı iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi izah olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunusuz və əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticə sübuta yetirilməmişdir. Məhkəmənin qiymət verməli olduğu məsələlərdən biri aparılan yoxlamanın «yoxlamaların vahid məlumat reyestri»ndə qeydə alınıb-alınmaması idi.Reyestrdə qeydə alınmadığına görə yoxlamanın hüquqi nəticəsi yoxdur.Belə olan halda hüquqi şəxs barəsində məsuliyyət tədbiri tətbiq edilə bilməz. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılıb qiymət verilməmişdir. «Dağ-mədən ayrılmasının müddəti Nazirlər Kabinetinin qüvvədə olan 9 yanvar 1999-cu il tarixli qərarında qeyd olunduğu kimi yerin təyindən istifadəyə verilən icazə müddəti ilə tənzimlənir. Bu qərara əsasən iddiaçı tərəfindən yerin təkindən istifadəyə icazə verən dağmədən ayırması aktının qüvvədə olma müddəti də yerin təkinə verilən istifadə müddəti ilə tənzimlənməli idi. Bu baxımdan İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş 26 iyul 2017-ci il tarixli İN/L-676/2017 saylı lisenziyanın müddəti 06 may 2020-ci ildə bitməsinə baxmayaraq uzadılmış hesab edilməli idi. Apellyasiya şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi H.Qarayev apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Konkret halda, iddiaçı cavabdeh orqanının əməkdaşı Y.Yusifov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının ləğv edilməsi tələb edir. İşə əlavə olunmuş həmin aktdan isə görünür ki, iddiaçı barəsində hər hansı bir hüququnun məhdudlaşdıran hakimiyyət tədbiri tətbiq edilməsini və məsuliyyətə cəlb olunmasını nəzərdə tutmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən isə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Qanun qeyd olunan normalarının mənası baxımından iddiaçının ləğvini tələb etdiyi cavabdehin xx.xx.2020-ci il tarixli, 000068 nömrəli yoxlama aktının iddiaçı üçün müəyyən hüquqi nəticələr yaradan və onun hüququndan məhrum edən və ya onu məhdudlaşdıran əlverişsiz inzibati akt kimi qiymətləndirilməsi mümkün deyil. İPM-in 2.2.1.-ci maddəsi müəyyən edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, maraqlı şəxs üçün hüquqi nəticələr yaradan və onu hüququndan məhrum edən və ya məhdudlaşdıran əlverişsiz inzibati akt mübahisələndirmə haqqında iddia növündə inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilər. Birinci instansiya məhkəməsi də qərardadında məhz, haqlı olaraq hesab etmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli 000068 nömrəli akt subyektiv baxımdan iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati akt deyildir. Beləliklə də, hazırkı iddianın inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtləri mövcud olmadığından, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddianın inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunusuz və əsassız olduğunu, gəldiyi nəticənin sübuta yetirilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1817/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1817/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver