Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1817/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Aliabas oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin tərtib edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Aliabas oğlu cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «iddiaçıya ayrılmış torpaq sahəsinə dair cizginin tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi RİH-in 30 dekabr 2000-ci il tarixli sərəncamı ilə X1 Xocəsən qəsəbəsi ərazisində 600 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi notarial qaydada qarşılıqlı razılığa əsasən Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamına əsasən hazırkı İddiaçı adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sərəncam verilsə də, torpağın cizgisi verilməmişdir. Ona görə də iddiaçı ona ayrılmış torpağa dair cizginin verilməsi üçün cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə müraciət etmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə və İPM-in 2.2.3, 8, 33, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 saylı sərəncamına əsasən İddiaçı Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh inzibati orqan Binəqədi RİH-nin iddia tələbinə dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, İddiaçı nümayəndəsi 22 iyun 2023-cü il tarixli ərizə ilə Binəqədi RİH-ə müraciət edərək, Xocəsən qəsəbəsi ərazisində istifadəsinə ayrılmış torpaq sahəsinin cizgisinin tərtib olunmasını xahiş etmişdir. Sözügedən torpaq sahəsinin cizgisinin arxiv arayışı və Binəqədi RİH başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş dəqiqləşdirilmiş (koordinat sistemli) 2 nüsxə cizgi müraciətə əlavə edilmədiyindən müraciətin müsbət həll olunması mümkün olmamışdır. Bu barədə vətəndaşa ətraflı cavab verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Rayon İcra Hakimiyyəti vətəndaşa imtina etməmiş, qanunvericiliklə təqdim olunması zəruri olan sənədlərin təqdim olunmasından sonra məsələyə baxılacağı bildirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin onun özünə aid edilməsini dəqiqləşdirmək mümkün olmadığı üçün torpaq sahəsinin cizgisinin arxiv arayışının təqdim olunmadan yerləşmə cizgisinin təkrar verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı iddia ərizəsində Binəqədi RİH başçısının 11 iyun 2002-ci il tarixli 584 saylı sərəncamı ilə adına keçirilmiş torpaq sahəsinin cizgisinin tərtib olunaraq təsdiqlənməsini xahiş etmişdir. Eskizin arxiv arayışı olmadığı təqdirdə, torpaq sahəsinin koordinatlarının müəyyən olunması qeyri-mümkündür. Binəqədi RİH başçısının 29 dekabr 2000-ci il tarixli 2189 saylı sərəncamına əsaslanaraq həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə sxeminin yerquruluşu orqanları tərəfindən yerdə (naturada sahənin hüdudları müəyyən edilməklə) müvafiq sənədlər rəsmiləşdirib verilmişdir. Həmin sərəncamın 1-ci bəndində qeyd olunmuşdur ki, Binəqədi rayon qəsəbələri ərazisində vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün nümayəndəliklər tərəfindən əlavə olunmuş eskizlərdə, göstərilən ölçülərə və ünvanlara uyğun torpaq sahəsi ayrılsın. Deməli, nümayəndəlik tərəfindən eskiz əlavə olunmasa idi, torpaq sahəsinin ayrılması mümkün olmazdı. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yerquruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı yarımbəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Həmin Əsasnaməyə görə rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Əsasnamənin 4.16.3-cı yarmbəndinə görə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyət orqanlarının əsas vəzifələrindəndir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 7 il iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsi öhdəliyi Binəqədi RİH-in öhdəliyi deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). İddiaçının Binəqədi RİH-ə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın qeyri-mümkün sayılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarı ilə (hakim R.Kərimli) iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı ilə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib edilərək verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RİH-in üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etiraz məzmununa oxşar məzmunda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyünə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddialara aiddir və həmin iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq cavab məktubu olduğundan və həmin məktubda faktiki olaraq iddiaçının tələbinin təmin olunmasından imtina edildiyindən, inzibati mübahisə mövcud olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı mümkün hesab edib, mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Bakı şəhəri Binəqədi RİH ayırdığı torpaq sahəsinə dair cizginin verilməsindən imtinasını, o cümlədən apelyasiya şikayətini həmin torpaq sahəsinin Xocasən qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmiş dəqiqləşdirilmiş (koordinat sistemli) 2 nüsxə cizginin müraciətə əlavə olunmaması ilə əsaslandırmışdır. Qanunvericiliyə əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (2002-ci ildə) və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının, yəni müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi RİH-in 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Müvafiq torpaq sahəsi ilkin olaraq Binəqədi RİH-in 30 dekabr 2000-ci il tarixli 2201 nömrəli sərəncamı ilə X1 ayrılmışdır və sonradan iddiaçının adına yeni 11 iyun 2002-ci il tarixli sərəncam verilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi RİH 11 iyun 2002-ci il tarixli 584 nömrəli sərəncamı ilə əvvəlki 30 dekabr 2000-ci il tarixli sərəncamını ləğv etsə də, onunla ayrılmış torpaq sahəsini hazırkı iddiaçının istifadəsinə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Binəqədi RİHB-nin 11 iyun 2002-ci il tarixli, 584 saylı sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Halbuki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2002-ci il tarixli, 584 saylı sərəncamı ilə İddiaçı Aliabas oğluna ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin tərtib olunaraq, verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-12280/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1817/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1817/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver