Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1818/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-874/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra məhkəməyə müraciət edərək baxılan iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2-1(112)-4258/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-874/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-874/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tədris dili üzrə bilik səviyyəsinin aşağı olması onun aldığı təhsilin məzmununa uyğun hesab oluna bilməz və onun əldə etdiyi təhsilin keyfiyyətini şübhə altına almış olur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmişlər, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiysı onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2- 1(112)-874/2021 saylı qərarı ləğv olunmalı, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı Ukraynanın Xarkov şəhərində yerləşən V.N.Karazin adına Xarkov Milli Universteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 12 iyul 2019-cu il tarixli B19 212890 nömrəli diplom verilmişdir. Həmin diplom Ukraynanın səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin Nazirlik məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, Nazirlikdə sənədləri araşdırılarkən onun ixtisasını mənimsəmək üçün tədris dilini bilməsi səviyyəsi qənaətbəxş olmamışdır. Hazırda iddiaçı inzibati orqanın imtinasını mübahisələndirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. Kollegiya ilk növbədə bununla bağlı olaraq məhkəmənin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, şəxsin tədris dilini tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini ciddi şəkildə şübhə altına alır, bu isə onun ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi qənaətinə gəlmək üçün yetərli əsas təşkil edir. Lakin məhkəmə tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı halından çıxış edərək iddianı təmin etmədən əvvəl bununla bağlı işin hallarını dəqiq müəyyən etməlidir. Bunun üçün isə məhkəmə ilk növbədə iddiaçının hansı dildə tədris aldığını dəqiq müəyyənləşdirməli, daha sonra isə onun həqiqətən sözügedən dili mənimsəmədiyini təsdiq edən sübutların iş materiallarında olub-olmadığını yoxlamalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə icraatı zamanı alınmış müvafiq mütəxəssis rəyi ilə iddiaçının aldığı ixtisas üzrə tədris dilini qənaətbəxş səviyyədə bilməsi müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən Bakı Slavyan Universitetinə müraciət olunaraq İddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin verdiyi müvafiq diplom üzrə ixtisasının mənimsənilməsi üçün tədris dilini (rus dilini) bilmə səviyyəsi barədə mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur. Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində isə bildirilmişdir ki, İddiaçı rus dilində lüğət ehtiyatı xeyli zəngindir, “hüquqşünas” ixtisasına dair rus dilində verilən suallara məntiqi və dolğun cavabları onun bakalavr səviyyəsində normal ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib anlama, danışıq, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı aldığı ixtisasa dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənlər ümumiləşdirilərək hesab olunur ki, İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə tam uyğun gəlir, ali təhsilli mütəxəssisin peşə nitqinə verilən ümumi tələblərə cavab verir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, inzibati orqanın İddiaçı ona Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş 12 iyul 2019-cu il tarixli B19 212890 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı V.N.Karazin adına Xarkov Milli Universitetində Hüquqşünaslıq ixtisası üzrə 4 il qiyabi təhsil formasında bakalavr dərəcəsində təhsil almışdır.Tədris rus dilində aparılmışdır. Cavabdeh tərəfindən qanunda nəzərdə tutulmuş qaydada ekspertiza keçirilmişdir. Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün rus dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı qərara alınmışdır. (Ekspertizanın keçirilməsini əks etdirən DVD -disk iş materiallarına əlavə edilmişdir.) Eyni zamanda, Bakı Slavyan Universiteti Tərcümə və məzunların karyera inkişafı şöbəsinin müdiri (pedaqogika üzrə fəlsəfə doktoru, dosent) tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində İddiaçı rus dili üzrə bilik səviyyəsinin hansı qaydada yoxlanılması, eyni zamanda bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan hallar, mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-874/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-874/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1818/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1818/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver