Məhkəmə qərarları › İş №2-1(103)-1818/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1818/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1818/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X22 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10862/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin iddiaçının adına özəlləşdirilməsi (şəxsi mülkiyyətinə verilməsi) və mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-10862/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının müraciətinə əlavə etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-06256-2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə 2000-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2000-ci il tarixli, 87 saylı sərəncamının (müraciətə surəti əlavə olunmuş 87 saylı sərəncamın tarixi xx.xx.2000-ci il) Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin xx.xx.2022ci il tarixli, 403 nömrəli məktubu ilə “Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi haqqında” xx.xx.2000ci il tarixli, 87 saylı sərəncamın Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv sənədləri arasında aşkar edilməyi bildirilmişdir. Həmçinin, məhkəmə qərarında qeyd edilən iş materiallarına surəti əlavə edilmiş Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hazırki iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan da məlum olur ki, “ünvan 2 56 saylı evin, 67 saylı mənzilinin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi haqqında” xx.xx.2000-ci il tarixli 87 saylı sərəncam Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv sənədləri arasında aşkar edilmədiyi, bu səbəbdən də təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsinin tərəflərindən mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, bu hal məhkəməyə məlum olsa da, məhkəmə tərəfindən nəzərə alınmayaraq yalnız başqa məhkəmə qərarında adlarının qeyd edilməsinə əsaslanaraq iddia tələbi təmin edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, mənzilin faktiki ölçüsü 46.5 kv.m-dir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaçıya ünvanlanmış 4 may 2022-ci il tarixli məktubunda bildirilir ki, “ünvan 2 56 saylı evin 67 saylı mənzilinin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi haqqında” 28 noyabr 2000ci il tarixli 87 saylı sərəncam Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin arxiv sənədləri arasında aşkar edilmədiyindən, təsdiq olunmuş surətinin təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanlanmış 22 dekabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Bakı ŞİH Mənzil- Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə 2000-ci ilə dair arxiv sənədləri, o cümlədən 28 oktyabr 2000-ci il tarixli 87 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan “ASAN 6” vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 21 may 2022ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilində X14, İddiaçı və X19 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilində qeydiyyatda olan X12 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X19 Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilində qeydiyyatda olan X5 notarial qaydada təsdiqlənmiş ərizəsinin surətindən görünür ki, X15 Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 7 may 1996-cı il tarixdə verilmiş İİ-JQ seriyalı 319646 nömrəli “Boşanma haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 ilə X8 arasında nikah ləğv edilmiş və nikah ləğv olunduqdan sonra qadına “Seyidəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 26 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 126289 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 21 fevral 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 87 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin sahəsi 33,13 kv metr olan 2 otaqlı, 67 saylı mənzilin kirayə müqaviləsinin 5 nəfər ailə tərkibi ilə X9 ilə bağlanması və həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq bildirilir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə qeyd olunan ünvanda yerləşən mənzilə dair verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2553/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilərək, X6 Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/125 nömrəli məktubla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən iddiaçının vəkilinə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796/2000 saylı iş üzrə 04 iyul 2000-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin özəlləşməsi və həmin mənzilə dair 06 may 1999-cu il tarixdə X1 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X6 Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə pasport qeydiyyatının etibarsız hesab edilməsi və həmin mənzildən pasport qeydiyyatından çıxarılması, X2 Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin kirayəçisi hesab edilməsi, X13 X3 qarşı uşaqların özünün himayəsinə verilməsi barədə qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796/2000 saylı iş üzrə 04 noyabr 2000-ci il tarixli qərardadının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2000-ci il tarixli qətnaməsindən N.F.Mehdiyeva tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddəti bərpa edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən məhkəmə sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 10/129 nömrəli məktubda bildirilir ki, Nəsimi rayon Məhkəməsi tərəfindən təhvil verilmiş 2000-ci illəri əhatə edən mülki işlərin əlifba göstəricisindən X2 X4 və qeyrilərinə qarşı mülki iddianın adı keçir (2-796/2000), işlər araşdırılarkən qeyd olunan qətnaməni aşkar etmək mümkün olmamışdır. Həmin məktubla 2-796/2000 saylı mülki iş üzrə açılmış uçot-statistik kartoçkanın təsdiq edilmiş surəti və qeyd olunan işlə əlaqədar iddiaçı və cavabdeh qismində müxtəlif illərdə açılmış mülki işlər (2-559/2001, 2(006)-1653/2006, 2(006)-3937/2011 saylı) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2-559/2001 saylı mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2-559/2001 saylı xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 X4 və qeyrilərinə qarşı Bakı şəhəri, 4-cü mkr., M.Cəlal küçəsi 56 saylı evin 67-ci mənzilinin özəlləşdirilməsinə cavabdehlərin etirazının etibarsız hesab edilməsi və həmin mənzilin tərəflərin ümumi paylı mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1MK-1105 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin iş materiallarına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 796/2000 saylı iş üzrə 4 iyul 2000-ci il tarixli qətnaməsinin surəti, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin həmin qətnamənin xx.xx.2000-ci ildə icra edilərək Mir Cəlal küçəsindəki 56 saylı evin 67-ci mənzilinin X1 adına özəlləşmənin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə məhkəməyə ünvanladığı xx.xx.2000-ci il tarixli məktubunun surəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 87 nömrəli Sərəncamının surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2-1653/2006 saylı mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1653/2006 saylı xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67-ci mənzilinə olan hüquqlarının itirilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Həmin iş materiallarına da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796/2000 saylı iş üzrə 4 iyul 2000-ci il tarixli qətnaməsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)- 3937/2011 saylı mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3937/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, X1 Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı X4 və X10 qarşı istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Həmin iş materiallarına da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796/2000 saylı iş üzrə 4 iyul 2000-ci il tarixli qətnaməsinin surəti, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin həmin qətnamənin icra edilərək Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinə dair X1 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə məhkəməyə ünvanladığı xx.xx.2011-ci il tarixli məktubunun surəti, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000ci il tarixli 87 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Qeyd olunan mülki iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-796/2000 saylı iş üzrə 04 iyul 2000-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, 4-cü mikrorayon, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinin özəlləşməsi və həmin mənzilə dair 06 may 1999-cu il tarixdə X1 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X2 həmin mənzilin kirayəçisi hesab edilməsi qət edilmişdir. Həmin qətnamənin təsdiq edilmiş surəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərkəzi Arxivi tərəfindən iddiaçının vəkilinə də təqdim edilmişdir. Həmin qətnamə Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci ildə icra edilərək Mir Cəlal küçəsindəki 56 saylı evin 67-ci mənzilinin X1 adına qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişdir. Eyni zamanda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 87 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş surəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-3937/2011 saylı mülki iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarının icra olunması və sənədlərin saxlanılmasına görə iddiaçı məsuliyyət daşımır, bu, inzibati orqanların yerinə yetirməli olduqları vəzifələrə daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) sərəncamı bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə isə İddiaçı Bakı şəhəri, ünvan 2 56 saylı evin 67 saylı mənzilinin icarəçisi sayılması barədə binanın balanssaxlayıcısı Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin sərəncamı aşkar olunmasa da, mübahisə obyekti həmin mənzil olan məhkəmə işləri üzrə məhkəmə aktlarında hazırkı iddiaçı sözügedən mənzilin kirayəçisi hesab olunmuş, eləcə də sonradan onun mənzilin kirayəçisi olması barədə adıçəkilən Departamentin 28 noyabr 2000-ci il tarixli 87 saylı sərəncamına istinad olunmuşdur və həmin sərəncamın surəti mülki iş materiallarında vardır, eyni zamanda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 87 nömrəli Sərəncamının notarial qaydada təsdiq edilmiş surəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)- 3937/2011 saylı mülki iş materiallarına əlavə edilmişdir. Belə olan halda, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci və 5-ci maddələrinə, eləcə də Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən İddiaçı orada yaşayan yetkinlik yaşına çatmış digər şəxsin razılığı ilə Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 67 saylı mənzilinə mülkiyyət hüququ əldə etmiş sayılır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir, həmin dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10862/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar