Məhkəmə qərarları › İş №2-1(103)-1818/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1818/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1818/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X12 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********84 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən təqdim edilən müqavilədə səlahiyyətli qurumun (keçmiş “X3 və İstismarı Birliyi”) möhürü qeyd edilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin hasarlanma işləri düzgün aparılmadığından bir neçə başqa bağ sahəsinin ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 18019 nömrəli 13 yanvar 1971-ci il tarixli müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən 0,25 ha bağ sahəsi X5 istifadəsinə ayrılmışdır.

3. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 628861 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X9 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 07 ayının 20 günündə 656 nömrə ilə qeyd edilmişdir.

4. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 379 nömrəli məktuba əsasən miras əmlak üzərindən miras qoyan X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın veirlməsi haqqında” Təlimantın 7-ci bəndinə uyğun olaraq miras əlmak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın, İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubla xx.xx.1971-ci il tarixli 18019 nömrəli müqavilə əsasında ayrılmış 1796 saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin, eləcə də, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Ləhiş bağ sahəsində yerləşən 1796 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən iddiaçının iddia etdiyi bağ sahəsi ilə 3-cü şəxsin adına qeydiyyata alınmış bağ sahəsi arasında hər hansı bir əlaqə müəyyən edilməmişdir.

6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-35979/2023 **********79 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəsissləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi qonşu bağ ilə bir hasar daxilindədir. Ara sərhədləri şərtidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi qeydiyyata alınmış 1796 saylı bağ sahəsindən təqribi 500 metr şimalda yerləşir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 13 yanvar 1971-ci il tarixli 18019 saylı “bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”yə əsasən X5 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1796 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1796 saylı bağ sahəsi X6 ilə bağlanmış 13 yanvar 1971-ci il tarixli 18019 saylı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən onun X1nun istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onların qanuni istifadələrinə olmuşdur. O, həmin bağ sahəsini hasarlamış və bağ sahəsindən uzun illər istifadə etmiş, lakin atası həmin bağ sahəsini xüsusi mülkiyyət hüququ ilə qeydə aldırmamışdır. X1 11 aprel 2002-ci ildə ölmüş, bundan sonra da, həmin bağ sahəsini miras qismində onlar faktiki qəbul etmişlər. O, qeyd edilən bağ sahəsinin dövlət reyestrində qeydə aldırmaq üçün dövlət Reyestrindən Çıxarışın verilməsinə dair ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh ona ünvanlanmış məktubla müraciətindən imtina etmiş, imtinanın əsası kimi bağ sahəsinə dair təqdim edilən müqavilədə səlahiyyətli qurumun möhürünün qeyd edilməməsini, həmçinin elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluğun mövcud olmasını, göstərilən bağ sahəsinin hasarlanma işlərinin düzgün aparılmadığından bir neçə başqa bağ sahəsinin ərazisinə uyğun gəlməsini göstərmişdir. Halbuki, cavabdehin onun müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən bağ sahəsi onun X1 ilə X6 arasında bağlanmış 13 yanvar 1971-ci il tarixli 18019 saylı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən onun X1nun istifadəsinə verildikdən sonra, həmin bağ sahəsi onların istifadələrində olmuş, həmin bağ sahəsinə dair əvvəllər icarə haqqı mütəmadi ödənilmiş, sonradan Bağlar Təsərrüfatı İdarəsi ləğv edildikdən sonra isə həmin bağ sahəsinə dair topraq verigisi ödənilmiş, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən həmin bağ sahəsinə dair müqavilədə möhür olmaması ilə əlaqədar bizə hər hansı bir irad bildirilməmiş və ya ətrafda olan qonşularla bağ sahəsinin hasarlanma işlərinin düzgün aparılmaması barədə hər hansı bir mübahisə olmamış, qeyd edilən bağ sahəsi atasına naturada verildiyi qaydada hasarlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən icarə müqaviləsi möhürlə təsdiq edilmişdir və müqavilənin möhürü olmaması barədə cavabdehin imtinasının heç bir əsası yoxdur. Bundan başqa isə hətta belə olsaydı belə, atası ilə bağlı X11 arasında bağlanmış icarə müqaviləsinin möhürlə təsdiq edilməməsi isə müqavilənin qüvvəyə minməməsi kimi başa düşülməməlidir. Çünki, qanunvericiliyin tələbinə əsasən müqavilə imzalandığı an qüvvəyə minir. X1 ilə X6 arasında bağlanmış 13 yanvar 1971-ci il tarixli 18019 saylı bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləni isə hər iki tərəf imzalamış və həmin müqavilə imzalandıqdan sonra icra edilmiş, tərəflər həmin müqavilə üzrə üzərilərinə götürdüyü öhdəlikləri mübahisəsiz qaydada icra etmişlər. Yəni atası qeyd edilən bağ sahəsindən qanuni surətdə istifadə etmiş, həmin bağ sahəsini xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldırmaq hüququ yaranmışdır.

9. Sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 13 yanvar 1971-ci il tarixli 18019 saylı “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”yə əsasən X5 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha ərazisi olan 1796 saylı bağ sahəsi üzərində hüquqların X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

10. Məhkəmənin 2-1(112)-7372/2022 saylı 22 noyabr 2022-ci il tarixli qərardadı ilə X12 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, təqdim edilən müqavilədə səlahiyyətli qurumun (keçmiş “X3 və İstismarı Birliyi”) möhürü qeyd edilməmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin hasarlanma işləri düzgün aparılmadığından bir neçə başqa bağ sahəsinin ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, 13 yanvar 1971-ci il tarixli 18019 saylı “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilə”yə əsasən X5 istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha ərazisi olan 1796 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının ölmüş şəxsə (X7) məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

14. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsası isə elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluğun mövcud olması, hasarlanma işlərinin düzgün aparılmaması, eləcə də, həmin ərazidə yerləşən “1796” sayı altında bağ sahəsinin digər fiziki şəxsin aıdna daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınması olmuşdur.

15. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ sahəsi ilə digər fiziki şəxsin mülkiyyətində olan “1796” saylı bağ sahəsinin üst-üstə düşməsi halı mövcud deyildir. Belə ki, həmin bağ sahəsi ilə iddiaçının bağ sahəsi arasında 500 metr məsafə mövcud olmuşdur. İddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin nömrəsinin təkrarlanması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində haqlı sayıla bilməz. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən müqavilə səlahiyyətli qurumun (keçmiş “X3 və İstismarı Birliyi”) möhürü ilə təsdiq edilməmişdir. elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluq mövcuddur. Belə ki, göstərilən bağ sahəsinin hasarlanma işləri düzgün aparılmadığından bir neçə başqa bağ sahəsinin ərazisinə uyğun gəlir. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1796 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, hazırda X8 xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsi iddiaçı tərəfindən göstərilən bağ sahəsindən 540 metr aralıda yerləşir. Məhkəmə tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

19. Məhkəmə Kollegiyasının 07 may 2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, bağ sahələri faktiki olaraq üst-üstə düşmür.Sxematik xəritəyə görə uyğunsuzluq var.

20. Həmin tarixli məhkəmə iclasında 3-cü şəxs X8 nümayəndəsi bildirmişdir ki, iddiaçının tanımır, bağ sahələrinə dair mübahisə yoxdur.

21. Souncu məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Verilən suallara cavabında bildirmişdir ki, iddia etdiyi torpaq sahəsi hasar daxilindədir, qonşu ilə hər hansı mübahisə yoxdur və X10 tanımır.

Tətbiq edilən hüquq

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

32. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

33. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 18019 nömrəli 13 yanvar 1971-ci il tarixli müqaviləyə əsasən mərhum atasına ayrılmış Ləhiş bağ massivində yerləşən 0,25 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

34. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilmişdir.

35. Məhkəmə araşdırması zamanı, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin arxiv nüsxəsinin surətində bağlar təsərrüfatı idarəsinin möhürü olsa da, cavabdeh İdarənin arxivində olan müqavilənin arxiv nüsxəsində möhür mövcud deyil. Lakin, məhkəmə hesab edir ki, İdarənin arxivində olan müqavilənin arxiv nüsxəsində möhürün olmaması iddiaçının hüquqlarını məhdudlaşdırılan hal kimi qiymətləndirilə bilməz.

36. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icarə müqaviləsinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

37. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsası isə elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritə ilə faktiki yerləşmə arasında uyğunsuzluğun mövcud olması, hasarlanma işlərinin düzgün aparılmaması, eləcə də, həmin ərazidə yerləşən “1796” sayı altında bağ sahəsinin digər fiziki şəxsin aıdna daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınması olmuşdur.

38. Məhkəmə Kollegiyası cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ sahəsi ilə digər fiziki şəxsin mülkiyyətində olan “1796” saylı bağ sahəsinin üst-üstə düşməsi halı mövcud deyildir. Belə ki, həmin bağ sahəsi ilə iddiaçının bağ sahəsi arasında 500 metr məsafə mövcud olmuşdur. Digər tərəfdən həmin fiziki şəxsin mülkiyyətində olan “1796” saylı bağ sahəsi həmin şəxsin mülkiyyətinə keçməmişdən öncə ilkin olaraq əvvəlki mülkiyyətçiyə 03 noyabr 2003-cü il tarixli müqavilə əsasında ayrılmışdır. İddiaçının iddia etdiyi bağ sahəsi isə onun mərhum atasına 13 yanvar 1971- ci il tarixli müqavilə əsasında ayrılmışdır. Göründüyü kimi, həmin bağlar coğrafi cəhətdən başqa-başqa yerlərdə yerləşir.

39. Bundan əlavə, İddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı bir şəxsin sərəncamında, icarəsində, istifadəsində olması məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, belə bir halın olması ilə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat çərçivəsində və məhkəməyə təqdim edilmiş etirazda hər hansı bir mülahizə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bağ sahəsinin nömrəsində yanlışlıq olduğu təqdirdə belə, bağ sahəsinin nömrəsindəki səhvin, eləcə də, bağ sahəsinin sxematik xəritəyə uyğun gəlməməsi maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir.

40. Bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. İddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin nömrəsinin təkrarlanması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində haqlı sayıla bilməz.

41. Apellyasiya baxışı zamanı iş materiallarından, iddiaçının və cavabdehin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, iddia olunan bağ sahəsi 3-cü şəxsə məxsus bağ sahəsi ilə faktiki olaraq üst-üstə düşmür.Sxematik xəritəyə görə uyğunsuzluq var.Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi hasar daxilindədir, qonşu ilə hər hansı mübahisə yoxdur, iddiaçı və X12 birbirilərini tanımır.

42. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir.

43. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

45. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

46. Məhkəmə Kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X5 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

47. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

48. Qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin imtinasını və şikayətin dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

51. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

52. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.

53. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum X1na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.

54. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-927/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının X7 məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar