Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1819/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5280/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-77/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, onun xx.xx.2020-ci il tarixli vəsatətinin təmin edilərək qaçqın statusu verilməsinə dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı dini etiqadını İslamdan xristian dininə dəyişmişdir. Xristian dinini qəbul etdiyi və tez-tez kilsəyə getdiyi üçün qardaşları və dayısı tərəfindən fiziki təyziqlərə məruz qalmışdır. Öldürülməklə hədələndiyi üçün xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Pakistanla bağlı vahid tövsiyəedici Mənşə Ölkəsi Məlumatları (MÖM) BMT QAK tərəfindən hazırlanıb (Pakistandan olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri, 2017). Həmin MÖMə əsasən ictimaiyyətə açıq olan məlumatlara görə dini zəmində zorakılıq (qeyri-müsəlman əhali, o cümlədən xristianlara qarşı) Pakistan İslam Respublikasında geniş yayılıb. Cenevrə Konvensiyasının (və Protokolunun) və “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” AR Qanununun 1.1-ci maddələrinə əsasən qaçqın statusunun təsir dairəsinə düşə bilmək üçün üç elementin tələbləri ödənilməlidir: a) əsaslı qorxu; b) təqib və təqib üçün səbəblər; d) öz ölkəsinin himayəsindən istifadə edə bilməmək. Öz ölkəsinə qayıdacağı təqdirdə iddiaçının həyatı və səhhəti zorakılıq riski altındadır. O, qohumu tərəfindən zorakı hücumlara, habelə işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilər. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir. İddiaçının əsaslı təqib qorxusu mövcuddur. Əlavə olaraq, MÖM əsasında müəyyən edilir ki, iddiaçının mənşə ölkəsinin rəsmi orqanları bu təqibə qarşı iddiaçını mühafizə etmək iqtidarında deyillər. Bundan əlavə, iddiaçının ölkədaxili yerdəyişmə imkanları mövcud deyil. Cavabdeh iddiaçının dinlənilmə hüququnu da təmin etməyib. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, Pakistan İslam Respublikasının vətəndaşı (Pasport P PAK LJ 3116841), xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (atası Saghir Muhammad) xx.xx.2020-cı il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti arasdrılması üçün qeydiyyata alınmış, adına 21-2020 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənəd-lərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinın) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə xristian (protestant) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra 2017-2019-cu illər ərzində Degree adlı kollecdə tarix və incəsənət ixtisası uzrə təhsil aldığını və Zoheb adlı gözəllik salonunda 6 ay çalışdığını bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, 1 yaşında olarkən valideynlərinin boşandığını, 2 qardaşı, 1 bacısının olduğunu, anasının 2016-cı ildə vəfat etdiyini, qardaşlarının və atasının hazırda Pakistanda, bacısının isə onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını demişdir. İddiaçı əvvəllər İslam dininə (şiə) etiqad etdiyini, sonradan bacısı Habiba Saghir ilə birlikdə xristian dini ilə maraqlandıqlarını, tez-tez kilsəyə getdiklərini və nəhayət xx.xx.2019-cu il tarixdə dinlərini dəyişərək, xaç suyuna salındıqlarını bildirmişdir. İddiaçı bacısı ilə birlikdə kilsəyə getdikləri üçün qardaşları və dayısı tərəfindən fiziki təzyiqlərə məruz qaldıqlarını, dinlərini dəyişdikləri üçün ölümlə hədələndiklərini, bu səbəbdən Pakistanda yaşamaq istəmədiklərini və ölkəni tərk edərək xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə kı, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı dinlərini dəyişdikdən sonra Pakistanda qalmaqdan ehtiyat etdiklərini bildirsə də, onun və bacısının bu hadisədən sonra təxminən 2 ay ölkəsində yaşadığı, həmin müddət ərzində hər hansı din xadimi və ya hakimiyyət orqanları tərəfindən təhdid olunmadıqları məlum olmuşdur. Bundan başqa, iddiaçı qonşularının onun və bacısının dinini dəyişdiklərini öyrəndiklərini ehtimal etdiyini desə də, söylədiklərindən onların müsəlman olan qonşuları tərəfindən hər hansı təhdid və təzyiqə məruz qalmadıqları müəyyən edilmişdir. Həmçinin, iddiaçının pasportuna baxış keçirilən zaman onun dininin İslam olaraq göstərildiyi məlum olmuşdur. O, xx.xx.2019-cu il tarixdə xristianlığı qəbul etdiyini bildirsə də, pasportunu dinini dəyişdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə əldə etdiyi, lakin buna baxmayaraq dininin hələ də İslam olaraq göstərilməsi söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuş-dur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun tələbləri çərçivəsində qiymətləndirilmiş, bu dəlillər həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-77/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçının bu qərardan verdiyi inzibati şikayəti cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 147 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini dini ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-14.3), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5280/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1819/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1819/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver