Məhkəmə qərarları › İş №2-1(103)-1819/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1819/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1819/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması barədə iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı 02 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 51549 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilib. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edib və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Cavabdeh ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 51549 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Sondan iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.04.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı 02 may 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarında dəyişiklik edilərək işin həqiqi hallarına uyğun yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddianın baxılmasında məhkəmə aidiyyəti qaydaları kobud şəkildə pozulmuşdur. İşin hallarından görünür ki, iddia ona, yəni fiziki şəxsə qarşı verilmişdir. Lakin AR İPM-nin 2-ci maddəsində inzibati mübahisələrin məhkəmə aidiyyəti göstərilmiş və həmin maddədə fiziki şəxsə qarşı hər hansı bir iddianın inzibati-iqtisadi məhkəmələrdə baxılması əsasları göstərilməmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən qanunun normaları kobud şəkildə pozulmuş və bu iddiaya aidiyyəti üzrə Nəsimi rayon məhkəməsində baxılmalı olduğu halda, qeyri-qanuni olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmışdır. Həmçinin bildirir ki, onun prosessual hüquqları pozulmuş və məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, həmin Qanunun 52-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Torpağının alınmasına, torpağın üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən, alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər: - torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə zidd olması, təklif olunan kompensasiyanın ədalətli olmaması, alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması, bu qanunla müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi. Qeyd edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği onun mülkiyyətində olan yaşayış sahəsinin, yəni əmlakın real bazar dəyərinə uyğun deyildir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən alınmaya məruz qalan əmlakın dəyəri müəyyən olunarkən ekspertiza təyin edilməmiş, yalnız iddiaçının iddia ərizəsində göstərilən məbləğ ilə razılaşmışdır. Təbii ki, bu da iddialara məhkəmə tərəfindən baxılmasının ümumi prinsip və vəzifələrinə ziddir. Məhkəmə işin daha ədalətli və obyektiv baxılması üçün alınmaya məruz qalınan əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməli idi. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 58-ci maddəsində də alınmaya məruz qalan əmlakın real bazar qiymətinin müəyyən edilməsi öz əksini tapmışdır. Həmçinin qeyd etmək istəyir ki, bu Qanunla alınmaya məruz qalmış torpaqların bazar qiyməti ilə yanaşı, əlavə olaraq bərpa qiyməti, köçürülmə xərci, narahatlıq üçün kompensasiya, əldən çıxmış fayda, çətinliklərə görə kompensasiya və s. əlavə ödənişlər nəzərdə tutulmuşdur. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən qanunda nəzərdə tutulmuş bütün bu əlavə kompensasiyaların iddiaçı tərəfindən ödənilib-ödənilmədiyi araşdırılmamışdır. Ona görə də hesab edir ki, işin bütün bu halları yenidən obyektiv və ədalətli şəkildə araşdırılmalı və alınmanın təsirinə məruz qalmış əmlakın real bazar dəyərinə uyğun kompensasiya ödənilməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 51549 manat məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyriyaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı, yəni-alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini alan orqan İddiaçı tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması məhkəmə zamanı işin halları ilə təsdiq edildiyindən, iddia təmin olunaraq, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli, cavabdehə 51549 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; Alınan torpağa sahibliyin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; Alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərınə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən əsasən ünvan 3 ünvanında yerləşən ev paylı mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-cı il tarixli 51 saylı qərarına əsasən ünvan 3 ünvanında Cavabdeh məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, ünvan 5 orqan İddiaçı təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdehə 51549 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. Qeyd olunan məbləğ mənzilin əsas sahəsi olan 33,51 kv.m-ə görə 1500 manatdan (33.51*1500=50265), daş piləkən sahəsi 0,71 kv.m görə 400 manatdan (0,71*400=284) və 2 aylıq kirayə haqqı və köçmək haqqı 1000 olmaqla cəmi 51549 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış 22 iyun 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı-Cavabdeh ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 113.25 kv.m, yaşayış sahəsi 87.06 kv/m olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (2 otaq) 56.549 manat qiymətinə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə satmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 14.01.2004-cü il tarixli 30 saylı sərəncamın surətindən müəyyən olunur ki, Şahbazi küçəsi 53 saylı evdə yaşayan vətəndaş X1 İddiaçınə şəxsi mülkiyyətində olan evində aparılmış əlavə tikintinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdırılan zaman məlum olmuşdur ki, qeyd olunan ev S.Süleymanova məxsusdur və O, 1956-cı ildən bu ünvanda pasport qeydiyyatındadır. S.Süleymanov evin həyətində hər biri 20,0 kv.m. 2 yaşayış otağından ibarət tikinti işi aparmışdır. Aparılmış tikintinin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53 saylı evdə yaşayan X1 tərəfindən evin həyətində hər biri 20,0 kv.m. iki yaşayış otağından ibarət tikinti işi aparılması faktı təsdiq edilmiş, Şahbazi küçəsi 53 saylı evin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilməsi və Sərəncamın surəti Bakı Şəhər Tİ və MHQ idarəsinə göndərilməsi qərar alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanmış 23.07.2004-cü il tarixli 208 saylı məktubunun surətindən müəyyən olunur ki, vətəndaş Cavabdeh ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, notarial qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında ona məxsus olan, ünvan 8 ünvanda yerləşən, 13,68 m2 və 15,48 m2 2 otaqlı yaşayış sahəsinə ayrıca ünvan verilməklə onun adına qeydiyyat vəsiqəsi verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunan sənədlərdən görünür ki, 14 saylı dövlət notarial kontorunda təsdiq olunmuş 04.06.2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə, ərizəçi Şahbazi küçəsi, 53 saylı evin 2 otağını vət. S.Süleymanovdan satın almışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq vət. Cavabdeh satın aldığı 2 otaqlı yaşayış sahəsinə ayrıca Bakı şəhəri, Şahbazi küçəsi. 53 «a» ünvanı verilməklə, onun adına ayrıca qeydiyyat vəsiqəsi verilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 14.01.2005-ci il tarixli 23 saylı sərəncamın surətindən müəyyən olunur ki, Şahbazi küçəsi 53A saylı evdə yaşayan vət. Cavabdeh İddiaçınə yaşadığı mənzildə aparılmış tikinti dəyişikliklərinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, Cavabdeh mənzili ümumi sahəsi 33,27 kv.m., yaşayış sahəsi 29,8 kv.m. iki otaqdan ibarətdir. O, mənzilə əlavə olaraq evin həyətində yerləşən istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otaqları, 16,2 kv.m. mətbəx, 6,0 kv.m. ön giriş tikmişdir. Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Şahbazi küçəsi 53A saylı evdə yaşayan vət. Cavabdeh tərəfindən mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m. iki yaşayış otağı, 16,2 kv.m. mətbəx, 6,0 kv.m. ön giriş tikilməsi faktı təsdiq edilmiş və Şahbazi küçəsi 53A saylı evin vət. Cavabdeh məxsus mənzilinin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsindən xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 28.09.2004-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Başçısının X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportunun surətindən görünür ki, Cavabdeh məxsus Şahbazi küçəsi 53A saylı mənzilin planı tərtib edilmişdir. Göründüyü kimi cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən evin əlavə tikililəri mövcud olmuş və bu Yasamal rayonu İcra Hakimiyyəti Başçısının sərəncamlarında və mənzilə dair Texniki Pasportda öz əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsində işə baxılarkən qeyd olunan hallar cavabdehin iştirakı ilə araşdırılmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 15.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İşdən göründüyü kimi, məhkəmə iş üzrə qərar qəbul edərkən çəkişmə prinsipini pozmuş, bunun nəticəsində yuxarıda qeyd olunan prosessual hüquq norması kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən çəkişmə prinsipinin məhkəmə tərəfindən pozulması son nəticədə işin faktiki hallarının səthi araşdırılmasına və əsassız qərar qəbul edilməsinə gətirib çıxartmşdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə yenidən baxılarkən məhkəmə yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmalı və mübahisənin düzgün həllini təmin etməlidir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı geniş həcmdə sübutlar araşdırılmadan və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı 02 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar