Məhkəmə qərarları › İş №2-1(103)-1819/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1819/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1819/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə olunmaq ilə əlaqədar iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “müalicə olunmaq ilə əlaqədar iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pensitensiar Xidmətin 1528 ş/h saylı xx.xx.2018-ci il tarixli əmrdən çıxarışa əsasən Penitensiar xidmətin Həbsxanasının tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 40.1.12-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı ona müalicə xərcinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edildiyini bildirir. İşdə olan cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 17/7-12993 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət ona ödənilmişdir. Digər illərdə xəstəliyi barədə heç bir sənəd daxil olmamışdır. Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Penitensiar xidmətin büdcə xərclərində pensiyada olan sabiq əməkdaşlara ödənişlərlə bağlı heç bir vəsait nəzərdə tutulmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “müalicə olunmaq ilə əlaqədar iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi Penitensiar xidmətdə qulluq etmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər daxil olmaqla) və onların ailə üzvləri ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində müalicə olunmaq üçün birdəfəlik müavinət verilir. Ona xidmət etdiyi 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinət ödənilmişdir. Hüquqları pozulmuş, belə ki, Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hərbi Həkim Kommissiyası tərəfindən (qərar № 296, Protokol № 49, 04 iyun 2019-cu il tarixdə) 2001-ci il tarixdən ağır xəstəlikdən müalicə aldığı təsdiq olunur. Ağır xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq müraciəti rəhbərlik tərəfindən süni olaraq əngəllənmişdir, nəticədə ildə bir dəfə iki aylıq əməkhaqqı məbləğində müalicə olunmaqla əlaqədar birdəfəlik müavinəti ala bilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətdə xx.xx.1996-cı il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı xidmət etdiyi illər ərzində 2011, 2016, 2017 və 2018-ci illərdə müraciət etmiş və müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət almış, digər illərdə İddiaçı müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin naddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətta sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. X1 xidmət etdiyi 1996-2005-ci illərdə mövcud qanunvericilikdə ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinət nəzərdə tutulmamış, 2006-2007-ci illərdə həmin müavinətin verilmə mexanizmi müəyyən edilməmişdir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilmə mexanizmi, yəni Qaydalar müəyyən edildikdən sonra İddiaçı xidmət etdiyi 2008- 2010-cu və 2012-2015-ci illər ərzində müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən ona ünvanlanmış məktubunda bildirilmişdir ki, 2011, 2016, 2017, 2018-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət ödənilmişdir, digər illərdə xəstəliyi barədə heç bir sənəd daxil olmamışdır. Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Penitensiar xidmətin büdcə xərclərində pensiyada olan sabiq əməkdaşlara ödənişlərlə bağlı heç bir vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli olduğu halda Bakı İnzibati Məhkəməsi qərarı ilə iddia ərizəsini əsassız, qanunsuz olaraq təmin etməmişdir. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci abzasında Ədliyyə orqanlarının işçiləri müalicə olunmaqları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Cavabdeh orqan Ədliyyə Nazirliyi Penitensiar xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət ediyi iddia ərizəsində pensiyaya çıxdıqdan sonrakı illər üçün deyil məhz xidmət etdiyi 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərdə Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə almadığı iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsini mübahisələndirilmışdir. "Ədliyyə orqanlarında qullııq keçmə haqqında" Azərbaycan Respublikası qanununda qeyd olunmamışdır ki, pensiyaya çıxmış ədliyyə orqanlarının əməkdaşları xidmət etdiyi illərdə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə əlaqədar olaraq öz pozulmuş hüquqlarını müdafiə etmək üçün ədalət mühakiməsinə müraciət edə bilməzlər. Xidmət etdiyi müxtəlif cəzaçəkmə müəssisələrində müalicə olunması ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi ilə əlaqədar qeyd olunan illərdə müraciət etmək üçün tibbi arayış Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin poliklinikasının rəisi ədliyyə polkovniki R.Məmmədova dəfələrlə müraciət etsə də, ona müəssisə rəisinə müraciət etməsi tövsiyə edilmiş, ancaq bundan sonra tibbi arayışın verilə biləcəyi bildirilmişdir. Müvafiq arayışın poliklinikadan götürülmədiyi təqdirdə müraciət etmək imkanı mümkün deyildir. Müəssisə rəhbərliyi hər ilin əvvəlindən müalicə olunmaq ilə əlaqədar birdəfəlik müavinətin verilməsi ilə əlaqədar olaraq müraciət etməmək göstərişi verərək qanuni müraciətlərini qəbul etməmişdir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən ona xidmət etdiyi 1996-cı il tarixdən 2007-ci il tarixədək, həmçinin 2011, 2016, 2017 və 2018-ci illər üzrə müavinətin ödənilməsi təmin edildiyindən həmin illər üzrə iddiadan imtina etdiyini və bununla bağlı həmin hissədə iş üzrə icrata xitam verilməsini, 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illər üzrə birdəfəlik müavinətin verilməsi ilə bağlı tələbini isə müdafiə etdiyini, həmin illərlə bağlı müvafiq arayışı poliklinikadan götürə bilmədiyi üçün orqana müalicə pulunun verilməsi ilə bağlı müraciət etmək imkanının da olmadığını bildirmiş və sonda həmin illərlə bağlı hissədə məhkəmə qərarının ləğv edilərək tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı 1996-cı il tarixdən 2007-ci il tarixədək, 2011, 2016, 2017 və 2018-ci illər üzrə müavinətin ödənilməsi ilə bağlı tələbindən imtinası barədə verdiyi ərizə qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İmtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallaından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, apellyasiya baxışı zamanı İddiaçı ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən ona xidmət etdiyi 1996-cı il tarixdən 2007-ci il tarixədək, həmçinin 2011, 2016, 2017 və 2018-ci illər üzrə müavinətin ödənilməsi təmin edildiyindən həmin illər üzrə iddiadan imtina etdiyini və bununla bağlı həmin hissədə iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının 1996-cı il tarixdən 2007-ci il tarixədək, 2011, 2016, 2017 və 2018-ci illər üzrə müavinətin ödənilməsi ilə bağlı tələbindən imtinası qəbul edilib, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, hazırda birinci instansiya məhkəməsinin qərarı qalan- iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illər üzrə birdəfəlik müavinətin verilməsi ilə bağlı tələbinin təmin edilmədiyi hissədə yoxlanılır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 2008-2010, 2012- 2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdehə xidmət etdiyi dövrdə müraciət etməsi və müvafiq tibbi arayışı təqdim etməsi, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın 2008-2010, 2012-2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə hissəsinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyəti müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari faəliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir. Həmçinin nəzərə alındıqda ki, qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda hesab olunur ki, pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı işlədiyi dövrdə ona verilməyən 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illər üzrə birdəfəlik müavinətin ödənilməsini tələb edir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonrakomissiyalar) təqdim edilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2- ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır. Göründüyü kimi, adı çəkilən Qaydalar qulluqda olan ədliyyə işçisinin müalicə ilə əlaqədar müavinətin verilməsini sonuncunun bilavasitə müraciəti və həmin müraciətə müalicə olunmasını zəruri edən müvafiq sənədləri əlavə etməsi ilə şərtləndirmişdir. İddiaçı tərəfindən isə tələb edilmiş 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdeh inzibati orqana xidmət etdiyi dövrdə müraciət edilməsini və müvafiq tibbi arayışın təqdim edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı yuxarıda adı çəkilən Qaydalarda nəzərdə tutulan müvafiq arayışı poliklinikadan götürə bilmədiyi üçün orqana (Komissiyaya) müalicə pulunun verilməsi ilə bağlı müraciət etmək imkanı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı cavabdeh inzibati orqana Qaydalarda nəzərdə tutulan müraciəti olmadığı üçün sonradan onun bu barədə tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı “iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı tələbinin təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1984/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı “iddiaçının 2008, 2009, 2010, 2012, 2013, 2014 və 2015-ci illərlə bağlı tələbinin təmin edilmədiyi” hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar