Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-182/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməklə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 3705/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddiaçının 01.10.2002-ci ildən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləməklə həmin illər onun iş stajı hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. 06 dekabr 1974-cü ildə Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində işləmişdir. 31 dekabr 1993-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Sonradan 01.10.2002-ci ildə Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsində işləmişdir. 01.05.2010-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində işləyən zaman ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Hazırda əmək pensiyası almaq üçün cavabdehə müraciət etdikdə ona bildirmişdir ki, onun əmək kitabçasında 78 saylı MKİS-də işləməyi qeyd edilsə də onun məcburi dövlət sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmiş və fərdi hesabında sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən ona yaşa görə əmək pensiyasi təmin edilə bilməz. Göründüyü kimi onun 01.10.2002-ci ildən 01.05.2010-cu ilə kimi işlədiyi iş stajı kimi hesab edilmir. İddiaçı 01.10.2002-ci ildən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsində işləmiş və ona Sosial Sığorta şəhadətnaməsi də verilmişdir. Lakin idarənin təqsiri səbəbindən ondan məcburi sosial sığorta haqqları tutulmamışdır. Qeyd edilən təşkilatın təqsiri səbəbindən hazırda ona əmək pensiyası təyin edilmir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 28.10.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının 01.10.2002-ci il tarixdən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı 06 dekabr 1974-cü ildən 31 dekabr 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində çalışdığını, sonradan 01.10.2002-ci ildən 01.05.2010-cu ilə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyini bildirərək, yaşa görə əmək pensiyası almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilmədiyindən və fərdi hesabın sığorta hissəsində hər hansı məbləğdə pensiya kapitalı əks edilmədiyindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş imtina tamamilə əsaslı və qanuni olmuşdur. Belə ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Digər tərəfdən həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Belə ki, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. Beləliklə, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X6) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni, qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 6 iyul 2020-ci il tarixli Qərarında şərh etmişdir ki: “Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir”. Beləliklə, yuxarıda qeyd edilən hüquq normalarının, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir. İddiaçı Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödənilmədiyindən və işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) X3 (PAS) əks olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və nəticədə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə uyğun deyil. Bakı İnzibati Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 01.10.2002-ci il tarixdən 01.05.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2- 1(103)-752/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 28.10.2020-ci il tarixli, 2-1(112)-3705/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23.06.2021-ci il tarixli, 2-1(102)-1180/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2- 1(103)-752/2021 nömrəli qərarı ləğv edilmiş, iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina əsaslı və qanuni olmuşdur. Belə ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. Birinci instansiya məhkəməsi qərarını “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən DSMF Bakı şəhəri üzrə X8 Departamentinin hesabına hər biri 580,70 manat olmaqla ümumilikdə 1161,40 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə 05.03.2018-ci il tarixli 25 saylı və 13.06.2018-ci il tarixli 68 saylı ödəniş tapşırıqları ilə əsaslandırmışdır. 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2017-ci il tarixədək olan dövr üzrə sığortaedən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” (SUN; **********0) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə tam əks olunmamışdır. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtib Qaydalarına əsasən sığortaedənin məlumat ili üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləğ hesablanmış məbləğə bölünməklə proporsional nisbət tapılır və həmin nisbət hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurulmaqla sığortaolunanlar arasında bərabər şəkildə bölünür. Sığortaedən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən 05.03.2018-ci il tarixdə 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. 13.06.2018-ci il tarixli ödəniş tapşırığında qeyd olunan 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin Birbaşa daxil olan ödənişlərin uçotu bölməsində aşkar olunmasa da, 20.06.2018-ci il tarixdə 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaedən “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən ödənildiyi akşarlanmışdır. İddiaçının sığortaedəni “2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən təqdim edilmiş Məcburi döviət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün 2018-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatında adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. İddiaçının həmin müəssisədə əmək müqaviləsinə 2010-cu ildə xitam verildiyi üçün 2018-ci il üzrə təqdim edilmiş hesabatda onun adı mövcud olmadığından, iddiaçının fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqı əks edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Binəqədi rayon Xidmət nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi rədd edilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisənin həll edilməsinə səthi və formal yanaşmış, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin düzgün həll edilməsi üçün lazım olan əlavə sübutları toplamamış, nəticə etibarı ilə də İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrini pozmaqla iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı işdə nəzərə alaraq ki, iddiaçının adından 78 saylı MİS tərəfindən 2 dəfə 580 manat ödənilmişdir, əlavə sübutlar tələb etmədən və onlar tam və hərtərəfli araşdırmadan bütün məsuliyyəti fiziki şəxsin (işçinin) üzərinə qoyulması düzgün olmamaqla yanaşı, həm də yanlışdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehdən 78 saylı MİS mübahisəli dövr üzrə tam hesabat cədvəli tələb edilməli və araşdıraraq ona hüquqi qiymət verilməli idi. Ümumiyyətlə qeyd edilməlidir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Eyni zamanda cavabdehin də, məhz işəgötürəndən, işçidən deyil, məcburi sığorta haqqının müəyyən edilmiş qaydada və vaxtda cavabdehə ödənilməsinə nəzarət etmək bu istiqamətdə və lazımi tədbirlər görmək qanunla verilmiş səlahiyyətləri mövcuddur ki, hazırkı işdə bu məsələ ümumiyyətlə araşdırma predmeti olmamış, nəticə etibarı ilə ona hüquqi qiymət verilməmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, 06 dekabr 1974-cü ildən 31 dekabr 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində, 01.10.2002-ci ildən 01.05.2010-cu ilə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işləmişdir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək 13.02.2020-ci il tarixli **********5 nömrəli məktubda bildirmişdir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Binəqədi rayon şöbəsi Sizin yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizənizə cavab olaraq bildirir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların (yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən Sizin 01.01.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajınız vardır. 01.01.2006-cı il tarixdən sonrakı dövr üzrə əmək kitabçanızda 01.05.2010-cu il tarixədək 18 saylı Mənzil Kommunal istismar sahəsində işləməniz barəsində qeyd olunmasına baxmayaraq, Sizin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS (X6) sistemində heç bir məlumat əks edilməmişdir. Nəzərinizə çatdırırıq ki, 01.01.2006-cı il tarixindən sonra sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının əks edilməsi şərti ilə nəzərə alınır. Sizin fərdi hesabınızın sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən Sizə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir.” Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və ən mühüm şərt onun işlədiyi dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı 11.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Beləliklə 01.01.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının 01.01.2006-cı il tarixdən 01.05.2010-cu il tarixədək işlədiyi işlərin iş stajına hesablanması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. 05.03.2018-ci il tarixli 25 nömrəli Ödəniş tapşırığından görünür ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 05.03.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 580,70 manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. 13.06.2018-ci il tarixli 68 nömrəli Ödəniş tapşırığından görünür ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 05.03.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına 580,70 manat məbləğində pul köçürmüşdür. Ödənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin dördüncü abzasına əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını tənzimləyir. Həmin Qaydaların 1.2.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir. Həmin Qaydaların 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Həmin Qaydaların 1.2.16-cı bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olub əmək müqaviləsi (kontraktı) ilə işçi qüvvəsindən istifadə edən fiziki şəxslər sığortaedənlər hesab olunur. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə aşağıdakılar aiddir: 4.2.1. muzdlu işlə bağlı olan gəlir-əmək ödənişi; 4.2.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir-sahibkarlıq fəaliyyətindən gəlir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən əmək ödənişi və digər gəlirlərə qanunvericilikdə nəzərdə tutulmuş bütün növ əmək haqqı və əmək haqqına əlavələrin növləri (mükafat, məzuniyyət haqqı və s.), sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir və digər gəlirlər aiddir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən sığortaedən işçinin (sığortaolunanın) “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş güzəştlər istisna olmaqla xərclərinin (yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakının, həyatının, sağlamlığının və sairənin sığortası üzrə sığorta xərclərinin və digər bu kimi xərclərinin) əvəzini ödədiyi halda, ödənilən vəsaitin məbləği məcburi dövlət sosial sığortasına cəlb olunur. Həmin Qaydaların 4.10-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqı maliyyələşmə mənbəyindən və ödəmə formasından asılı olmayaraq tutulmuş vergi məbləğləri çıxılmamaqla olan məbləğdən hesablanır. Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, DSMF orqanı bu Qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş (Əlavə №1) göndərir. Həmin Qaydaların 7.23-cü bəndinə əsasən DSMF orqanları məcburi dövlət sosial sığorta haqlarının uçotunu hər bir sığortaedən üçün açılmış məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında aparır. Şəxsi uçot hesabında sığortaedənin məcburi dövlət sosial sığortası üzrə vəsaitlərinin hərəkətinə dair hər bir əməliyyat (əmək ödənişi və gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlər, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlər, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları, məcburi dövlət sosial sığorta haqları üzrə debitor və kreditor borcları, akta əsasən silinmə, maliyyə sanksiyasının tətbiqi, sərəncam ilə ödəniş və s.) üzrə (onun aparılma tarixləri qeyd olunmaqla) müvafiq qeydlər verilməlidir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığortaedən 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 05.03.2018-ci il tarixdə ABB Nərimanov F-İİ vasitəsi ilə cəmi 1161,40 manat məbləğində pulun məcburi dövlət sosial sığorta haqqı kimi İddiaçı fərdi şəxsi uçot hesabına köçürülməsi üçün İri Sığortaedənlərlə İş Departamentinin (hazırkı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) hesabına ödəniş etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə qeyd edilməlidir ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Eyni zamanda cavabdehin də, məhz işəgötürəndən, işçidən deyil, məcburi sığorta haqqının müəyyən edilmiş qaydada və vaxtda cavabdehə ödənilməsinə nəzarət etmək bu istiqamətdə və lazımi tədbirlər görmək qanunla verilmiş səlahiyyətləri mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının 01.10.2002-ci ildən 01.01.2006-cı il tarixə kimi işlədiyi illərin iş stajına daxil edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçasına əsasən iddiaçının 01.01.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajı vardır. İşdə olan cavabdeh inzibati orqan 13.02.2020-ci il tarixli **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Binəqədi rayon şöbəsi Sizin yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizənizə cavab olaraq bildirir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların (yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən Sizin 01.01.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajınız vardır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının 01.01.2006-cı il tarixinə qədər olan iş stajını qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də izahatında 01.10.2002-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan iş stajını qəbul etdiklərini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən– “01.10.2002-ci ildən 01.01.2006-cı il tarixə kimi işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3705/2020 saylı qərarı qismən – “01.10.2002-ci ildən 01.01.2006-cı il tarixə kimi işlədiyi işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-182/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-182/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver