Məhkəmə qərarları › İş №2-1(103)-182/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-182/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-182/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı məhdud məsiliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsi tərəfindən qanunsuz və əsasssız olaraq tətbiq edilən maliyyə sanksiyaları və onların tətbiq edilməsinə səbəb olmuş akt və qərarların ləğv edilməsi, qanunsuz olaraq hesabdan silinmiş 45509 manat pul vəsaitinin, Vergilər Nazirliyi tərəfindən tutulmuş 47570.38 manat pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 3-cü rübü üzrə MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılması) görə 7404,41 manat, 2017-ci ilin 4-cü rübü üzrə xx.xx.2018-ci il tarixdə və 2018-ci ilin birinci rübü üzrə xx.xx.2018-ci il tarixdə eyni əsasla, müvafiq olaraq 15361,47 manat və 17484,26 manat, xx.xx.2018-ci il tarixdə guya MDSS ilə əlaqədar hesabat və maliyyə sənədlərinin təqdim edilməməsi əsası ilə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış 25894,22 manat rüblük hesablanmış haqqın 10 faizi həcmində, 2589,42 manat, 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış 26674,22 manatın 10 faizi həcmində 2667,42 manat, cəmi 45509 manat cəmiyyətə maliyyə sanksiyaları tətbiq edilmişdir. Maliyyə sanksiyalarına səbəb olmuş aktın və qərarın surəti isə bu günədək onlara təqdim edilməmişdir. Eyni zamanda 2018-ci ilin 3cü rübündə həmin əsas üzrə DSMF tərəfindən 5149,90 manat bank hesabından silinmiş, xx.xx.2018- ci il tarixdə isə 40872.50 (manat pul vəsaitinin silinməsi barədə yeni sərəncam qoymuşdur. İddiaçı MMC-yə tətbiq edilən maliyyə sanksiyaları qanunsuz və əsassızdır. İddiaçı MMC hesabat dövrü ərzində hesabatı və hesablanmış əmək ödənişi və gəlir növləri barədə maliyyə hesabatını qanunvericiliyə uyğun surətdə DSMF-yə təqdim etmiş, bu günədək məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsi (sosial sığorta haqqının azaldılması) hallarına yol verməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbi 2017-ci ilin İİİ və İV rübü, eləcə də 2018-ci ilin İ rübü üzrə tətbiq edilmiş maliyyə sanksiyasının hesablanmasının və silinməsinin qanunsuz hesab edilməsi və qeyri-qanuni silinmiş cəmi 40250 manat vəsaitin geri qaytarılması kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarına əsasən, məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyalarını müəyyən edən “Sosial sığorta haqqında” Qanunun 21-ci maddəsi 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. 30 noyabr 2018-ci il tarixli 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 9-1-ci maddə əlavə edilmişdir. Belə ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Odur ki, qeyd edilən həcmdə və həmin maddəyə əsaslanan maliyyə sanksiyasının tətbiqi əsası hazırda mövcud deyildir. Bildirirlər ki, məhkəmənin arqumenti tamamilə əsassızdır. Belə ki, vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunarkən qanunvericilikdə yuxarıda qeyd olunan dəyişiklik hələ mövcud deyildi. Maliyyə sanksiyası haqlı olaraq, tətbiq olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməklə hesablanmışdır. Belə ki, həmin dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 8ci maddəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulmuşdur.Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə, 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. İddiaçı MMC tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığı üçün Fondun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən kameral yoxlama zamanı aşkar edilmiş 47.654,55 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyası İddiaçı MMC-nin (Forma B1) hesabatına daxil edilmişdir. İddiaçı ”Mühafizə-MN” MMC kameral qaydada məcburi dövlət sosial sığorta haqqı üzrə bərpa olunmuş 47.654.55 manat məcburi dövlət sosial sığorta haqqı barədə dəqiqləşdirilmiş hesabat vermiş, nəticədə həmin məbləğ 28 noyabr 2018-ci il tarixdə Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİS-in “Sığorta (Hesabat)” alt sistemində “X4”da silinmişdir. Tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyaları isə şəxsi hesab vərəqəsində qalmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Bu qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faiz məbləğində penya hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin 10-cu hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (penya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda dəbbə pulunun (penyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə, həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. Məhkəmə qərarda qeyd edir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndirildiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyaları faktiki hərəkətlərlə həyata keçirilmişdir. Maliyyə sanksiyasının tətbiqinə dair həmin faktiki xarakterli hərəkət “dürüstləşdirmə” kimi qiymətləndirilə bilməz, belə ki, inzibati orqanın mütləq iradəsini əks etdirir. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır. Bildirirlər ki, həmin dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 7.4-cü bəndinə əsasən, sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Həmin qaydaların 7.15-ci maddəsinə əsasən, kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. Həmin qaydaların 9.2-ci maddəsinə əsasən, kameral yoxlama DSMF orqanı tərəfindən yerlərə getmədən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasını və ödənilməsini özündə əks etdirən və sığortaedənin fəaliyyəti haqqında DSMF orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında həyata keçirilir. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarında maliyyə sanksiyasının hesablanması zamanı inzibati akt qəbul edilməsinə dair göstəriş və ya tələb olmamışdır. Odur ki, bu dəlil də tamamilə əsassız və qanunsuz olmaqla, maddi hüquq normalarının yanlış şərh edilməsidir. Həmçinin, bu dəlillə bir daha inzibati orqanın üzərinə qanunvericilikdə nəzərdə tutulmayan vəzifənin qoyulmasına cəhd edilmişdir. Tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-182/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayəti mümkün sayılmamış, qəbulundan imtina edilmiş və 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3 maddələsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Sosial sığorta haqqında” Qanunun: -21-ci maddəsinə (Məcburi dövlət sosial sığortası qaydalarını pozmağa görə maliyyə sanksiyaları) əsasən Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları aşağıdakı maliyyə sanksiyalarını tətbiq etmək hüququna malikdirlər: ...sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə (sosial sığorta haqqının azaldılmasına) görə — azaldılmış sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə isə 100 faizi məbləğində cərimə; Maliyyə sanksiyası tətbiq edilərkən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 04 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarının: 7.15-ci bəndinə əsasən DSMF orqanı rüblük hesabat təqdim edildiyi gündən 10 gün ərzində kameral sosial sığorta yoxlaması aparmalıdır. Kameral sosial sığorta yoxlaması nəticəsində hesabatların vaxtında təqdim edilməməsinə, məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmamasına və vaxtında ödənilməməsinə, habelə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmaya dair faktlar aşkar edildikdə, müvafiq maliyyə sanksiyaları tətbiq olunur, sığortaedənin məcburi dövlət sosial sığortası üzrə şəxsi uçot hesabında müvafiq qeydlər aparılır və maliyyə sanksiyalarının 5 (beş) iş günü ərzində ödənilməsi tələbi barədə sığortaedənə bildiriş (Əlavə №9) göndərilir. 8.7-ci bəndinə əsasən sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlər gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. 9.21-ci bəndinə əsasən müzakirələrdə sığortaedən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları təsdiq olunduqdan sonra DSMF orqanının qərarı (Əlavə №16) əsasında sığortaedənə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsi, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə tələbnamə (Əlavə №17) göndərilir. DSMF orqanının qərarının surəti və tələbnamə sığortaedənə və ya onun nümayəndəsinə qərarın çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. DSMF orqanının qərarının surəti və tələbnaməsi sığortaedənin və ya onun nümayəndəsi tərəfindən bilərəkdən qəbul edilmirsə, bu sənədlər onların sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab olunur. X5 №16 olaraq Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında Qərarın nümunəsi təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.20-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2-ci maddəsinə əsasən inzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3-cü maddəsinə əsasən inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə hazırki iddianın mümkün sayılmaması qərara alınmış, həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-74/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, İş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, hazırki işdən görünür ki, İddiaçı MMC-nin ləğv edilməsini tələb etdiyi maliyyə sanksiyaları cavabdeh vergi orqanı tərəfindən tətbiq olunmuş, geri qaytarılmasını tələb etdiyi silinmiş pul vəsaitləri isə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə onun şəxsi hesab vərəqəsinə DSMF orqanı tərəfindən saldoya işlənmiş məbləğ olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinə uyğun müvafiq sənədləri təkcə cavabdeh inzibati orqandan deyil, 3-cü şəxs qismində işə cəlb olunmuş DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından tələb etməli və iş üzrə zəruri məhkəmə araşdırmasını sonadək aparmalı idi. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 45509 manat məbləğində borcun yaranmasının əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin tələb edilməsinə dair sorğusuna cavab olaraq bildirilmişdir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu 01 yanvar 2019cu il tarixdən etibarən Azərbaycan Respublikasının vergi orqanlarına həvalə edilmişdir. Göründüyü kimi vergi orqanı 01 yanvar 2019-cu il tarixdən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının və hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Belə olan təqdirdə əvvəlki dövrlər (mübahisələndirilən dövrlər 2017-2018) üzrə hesablamalar vergi orqanı tərəfindən aparılmadığından tələb olunan sənədlərin təqdim edilməsi mümkün deyildir. Təkrar məhkəmə baxışı zamanı məhkəmənin üçüncü şəxs Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına 45509 manat məbləğində borcun yaranmasının əsasını təşkil edən inzibati icraat materiallarının təsdiq edilmiş surətinin tələb edilməsinə dair sorğusuna cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra - MEİS) “Sığorta” (Hesabat)” altsistemində “X4”da İddiaçı MMCnin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 65.596,76 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 35.852,03 manat olmaqla ümumilikdə 101.448,79 manat Fonda borcu qalmışdır. İddiaçı ”Mühafizə-MN” MMC-nin şəxsi vərəqəsində Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİS-in “Sığorta (Hesabat)” alt sistemində “X4”da 2017-ci ilin 3-cü, 4-cü və 2018-ci ilin 1-ci rübləri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə məlumatlar cədvəldə qeyd edilmişdir. Göründüyü kimi, 47.654,55 manat məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə 40.250,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddiaçı ”Mühafizə-MN” MMC-nin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə ğorə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində yəni 2018-ci ilin 2-ci rübü üzrə 2589.42 manat (25894,22x10%=2589,42) 2018-ci ilin 3-cü rübü üzrə isə 2667.42 manat (26674,22x10%=2667,42) maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumat üçün bildiririk ki, həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 8-ci maddəsində məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə məsuliyyət növləri nəzərdə tutulmuşdur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığortası ilə əlaqədar hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində, hesabat dövrü üçün hesablanmalı olan sosial sığorta haqqının məbləğini müəyyənləşdirmək mümkün olmadıqda isə qırx dörd manat miqdarında maliyyə sanksiyası tətbiq olunur. Həmin qaydaların 8.7-ci bəndinə əsasən sığortaedənlərə məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək ödənişi və gəlirlərin gizlədilməsinə (məcburi dövlət sosial sığorta haqqının azaldılmasına) görə azaldılmış məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə onun 50 faizi, belə hərəkətlərə təkrar yol verildikdə 100 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. İddiaçı MMC tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığı üçün Fondun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi kameral yoxlama zamanı aşkar edilmiş 47.654,55 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyası, hesabat və maliyyə sənədlərini vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində 2018-ci ilin 2-ci rübü üzrə 2589.42 manat, 2018-ci ilin 3-cü rübü üzrə isə 2667.42 manat maliyyə sanksiyaları iddiaçı “Mühafizə-MN" MMC-nin 2017-ci ilin 3-cü, 4-cü və 2018-ci ilin 1-ci, 2-ci və 3-cü rüb (Forma B1) hesabatına daxil edilmişdir. İddiaçı ”Mühafizə-MN” MMC kameral qaydada məcburi dövlət sosial sığorta haqqı üzrə bərpa olunmuş 47.654.55 manat məcburi dövlət sosial sığorta haqqı barədə dəqiqləşdirilmiş hesabat vermiş, nəticədə həmin məbləğ 28 noyabr 2018-ci il tarixdə Fondun ləğv olunmuş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi tərəfindən MEİS-in “Sığorta (Hesabat)” alt sistemində “X4’da silinmişdir. Tətbiq olunmuş 40.250,14 manat maliyyə sanksiyaları isə şəxsi hesab vərəqəsində qalmışdır. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Bu qanunun həmin dövrdə qüvvədə olan 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faiz məbləğində penya hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, maliyyə sanksiyası və ona hesablanmış dəbbə pulu (penya) qanunvericiliklə müəyyən edilir və onlar dövlət tərəfindən hüquq pozuntusuna yol vermiş subyektlərə göstərilən neqativ təsir vasitəsi olmaqla, hər bir halda publik-hüquqi və ictimai əhəmiyyətli xarakter daşıyır. Belə ki, ümumi (publik) hüquq münasibətləri hakimiyyət xarakterli səlahiyyətlərin realizəsi ilə bağlıdır. Bu cür hüquq münasibətlərində hüququn məcburetmə funksiyaları qanundan irəli gəlir və bu hüquq münasibətlərinin subyektləri həmin qanunun tələblərindən kənara çıxa bilməzlər. Eyni tələb Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində də müəyyən edilmişdir. Həmin maddənin 10-cu hissəsində göstərilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (penya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, maliyyə sanksiyasının və ya onun vaxtında ödənilmədiyi halda dəbbə pulunun (penyanın) faizlə məbləği qanunvericiliklə dəqiq (sabit dərəcədə) müəyyən edilmişdirsə həmin məbləğ məhkəmələr tərəfindən azaldıla bilməz. Üçüncü şəxs tərəfindən sığortaedənlər altsistemindən çıxarışa, MDSS haqqı hesablanan əmək ödənişi və gəlir növlərinin gizlədilməsinə görə 2017-ci ilin İİİ rübü üçün hesabat məbləğinin 50%-ni təşkil edən 7404,41 manat məbləğində, 2017-ci ilin İV rübü üçün hesabat məbləğinin 100%-ni təşkil edən 15361,47 manat məbləğində, 2018-ci ilin İ rübü üçün hesabat məbləğinin 100%-ni təşkil edən 17484, 26 manat olmaqla qeyd edilən dövr üzrə cəmi 40250 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırmaları zamanı mübahisələndirilən dövr üzrə maliyyə sanksiyasının tətbiq edilməsinə əsas olmuş qərarın qəbul edilmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, qeyd edilən dövr (2017-ci ilin İİİ və İV rübləri, 2018-ci ilin İ rübü) üzrə sığortaedənin 47654,55 manat məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə həmin məbləğə 40250,14 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən dövr üzrə bərpa edilmiş 47654,55 manat məcburi dövlət sosial sığorta haqqı iddiaçı tərəfindən ödənməsinə dair tərəflər arasında mübahisə yoxdur. Mübahisə maliyyə sanksiyasının tətbiq edilməsi və şəxsi vərəqədən silinməsi ilə bağlıdır. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Yuxarıda qeyd edilən normaların təhlili onu deməyə əsas verir ki, maliyyə sanksiyasının tətbiqi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yazılı inzibati aktın qəbulu yolu ilə şərtləndiyi halda, müvafiq inzibati akt qəbul edilməmişdir. Belə ki, digər növ hakimiyyət tədbiri formasında inzibati aktlar qanunda nəzərdə tutulmuş (“İnzibati icraat haqqında” Qanunun 57.3 və 57.5-ci maddələri), yazılı inzibati akt olmadan inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hərəkətlər qanuni hesab edilə bilməz. Hazırkı işin hallarına uyğun olaraq maliyyə sanksiyasının tətbiqi inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq məqsədilə iddiaçı qurum üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İnzibati orqan tərəfindən həmin maliyyə sanksiyası faktiki hərəkətlərlə həyata keçirilmişdir. Məhkəmənin qeyd edilən qənaəti həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 02 №-li qərardadadına əsaslanır. Həmin qərardadda ifadə edilən mövqeyə əsasən:

37. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyriiradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür.

50. Faktiki xarakterli hərəkətlər hər hansı konkret inzibati aktın icrasını təmin etmək üçün edilə biləcəyi kimi, həm də normativ-hüquqi aktla inzibati orqanın üzərinə qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün də edilə bilər. Normativ-hüquqi aktdan irəli gələn faktiki xarakterli hərəkətlərə münasibətdə isə diqqət edilməli olan məqam ondan ibarətdir ki, bu halda, normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən müddəasının icrasının təmin edilməsi üçün əlavə olaraq inzibati aktın qəbul edilməsi tələb olunur, yoxsa yox? Bu suala cavabın müəyyənləşdirilməsi isə normativ-hüquqi aktın vəzifə müəyyən edən normasının təhlilindən asılıdır. Belə təhlildən asılı olaraq bəzən belə bir inzibati aktın qəbul edilməsi qaçılmaz ola bilər, bəzən isə normativ-hüquqi aktın konkret vəzifə müəyyən edən norması aydın olduğundan və icrasının təmin edilməsi üçün əlavə inzibati aktın qəbul edilməsi tələb olunmadığından normaya istinadla birbaşa faktiki xarakterli hərəkətlər həyata keçirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maliyyə sanksiyasının tətbiqinə dair həmin faktiki xarakterli hərəkətin “dürüstləşdirmə” kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, yazılı inzibati aktın qəbulu formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən hərəkətlər qanunsuz hesab edilməli və nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-20/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar