Məhkəmə qərarları › İş №2-1(103)-1820/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1820/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1820/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: AR Səfərbərlik və Hərbi Xidmətə X1 Xidməti) “təkrar veteran vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təkrar veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2021 nömrəli 31.03.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instasiya məhkəməsi tərəfindən aparılmış inzibati araşdırmanın yəni, həm iddiaçının əlavə etdiyi sənədlərə və həm də cavabdehin iddia ərizəsinə etirazını göstərilənlərin təhlili zamanı yəni, məhkəmə : "Göründüyü kimi, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərkən, ona yeni veteran vəsiqəsinin verilməsi deyil də, Bakı şəhəri Səbail Rayon Hərbi komissarlığı tərəfindən 27.07.2000-ci ildə verilmiş veteran vəsiqəsinin bərpasını tələb edir. Başqa sözlə desək, iddiaçı itirilmiş veteran vəsiqəsinin bərpasını tələb etmək imkanından təcrid edilmişdir." fikrində səhv nəticəyə gəlməsi və bu səbəbdən cavabdehin imtina məktubunda imtinanın işin faktiki hallarını düzgün hüquqi tövsif edilməməsinə, bu baxımdan da, iddiaçının tələbini işin hazırki vəziyyətdə təmin etmək mümkün olmadığı və bu halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qənaətinə gəlməklə səhv nəticə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçının verdiyi apellyasiya şikayəti qərarın iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın həmin hissəsində yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı müharibə veteranı vəsiqəsinin təkrar verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respulikası Səfərbərlik və Hərbi xidmətə X1 Xidməti tərəfindən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”-ya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər İddiaçı “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Göründüyü kimi, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərkən, ona yeni veteran vəsiqəsinin verilməsini deyi, Bakı şəhəri Səbail Rayon Hərbi komissarlığı tərəfindən 27.07.2000-ci ildə verilmiş veteran vəsiqəsinin bərpasını tələb edir. Lakin, cavabdeh orqan müraciətə baxarkən, ümumiyyətlə ona veteran vəsiqəsinin verilməsinin mümkün olub-olmadığını araşdırmış və iddiaçıya ilkin olaraq hansı əsaslarla vəsiqəsinin verilməsini nəzərə almamışdır. İddiaçı itirilmiş veteran vəsiqəsinin bərpasını tələb etmək imkanından təcrid edilmişdir. Məhkəmə hesab etmişdir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Eyni zamanda, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz . İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 10 mart 2020-ci il tarixli, 1/M-4059 saylı imtina məktubundan görünür ki, iddiaçının müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi ilə bağlı ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respulikası Səfərbərlik və Hərbi xidmətə X1 Xidməti tərəfindən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər İddiaçı “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Bununla əlaqədar “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsi məsələsinə yenidən baxılması üçün hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surətinin, hərbi xidmət barədə arxiv arayışının, iddiaçının döyüşlərdə iştirak etməsini (yaralanmasını) təsdiq edən digər sənədlərin komissiyaya təqdim olunması xahiş edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Eyni zamanda iddiaçıya izah edilmişdir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərardan iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar